Dünyada və Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı heç də ürəkaçan deyil. Operativ Qərargahın sonuncu brifinqində bildirilib ki, yoluxma sayı artmaqda davam edərsə, 2 həftəlik sərtləşməyə gediləcək. Azərbaycanda bu həftədən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

Bununla bağlı fikirlərini Sonxeber.az-la bölüşən deputat Müşfiq Cəfərov bildirib ki, brifinqdə sərt karantin rejimi ilə bağlı fikirlər səsləndirilsə də, bunun iqtisadi tərəflərini düşünmək lazımdır:

"Sərtləşməyə gedildiyi halda gərək dövlət hesablamalar aparsın. Əvvəlki kimi "SMS icazə" və iş yerlərinin bağlanması olduqda, bunun iqtisadi məqamları var. Ona görə də gərək hər şey ölçülsün və dəqiqləşdirilsin. Amma istənilən halda rəqəmlər ürəkaçan deyil. Yoluxma sayının artmasının səbəbkarı əsasən hələ də bu xəstəliyin ciddiliyini dərk etrməyən insanlardır.

Düzdür, karantin rejimi və maskalarla bağlı qaydalar sərtləşdirilib. Təkrar-təkrar maarifləndirici işlər görülür. Amma qaydalara əməl etməyən insanlar qalmaqdadır. Ona görə də yoluxma ilə bağlı vəziyyət bu səviyyəyə çatıb. İnsanlar hətta qapalı yerlərdə də əsasən burundan aşağı maskadan istifadə edirlər. Ona görə də maskalarla bağlı qaydalar daha da sərtləşdirilməlidir. Mütləq şəkildə maskalar burundan aşağı istifadə edilməməlidir.

15 günlük qapanmaya gəldikdə isə, düşünürəm ki, bu qaydanın iqtisadi tərəfi analiz edilməlidir. Bundan sonra 15 günlük qapanma ilə bağlı qərar verilə bilər. Əlbəttə, bu, dövlətimiz və insanlarımız üçün arzuolunan deyil. Hər kəs maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır".

Deputat vurğulayıb ki, bayram şənliklərində insanlar kütləvi şəkildə bir araya toplaşır:

"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincinin qeyd edilməsi də yoluxmanın artmasına səbəb oldu. Bu, bizim 28-30 il gözlədiyimiz zəfər idi. Ona görə də arzuladığımız formada yaşadıq. Bundan əlavə, şəhidlərimizin dəfn mərasimlərində də kütləvi toplaşmalar oldu. Hesab edirəm ki, buna görə də bayram günlərində insanların kütləvi toplaşmasına icazə vermək olmaz. Çünki kütləvi toplaşmalar bu kimi fəsadlara səbəb olur".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.

Nazirliyin əməkdaşları ailə ilə görüşərək yaşayış vəziyyətlərini öyrənib.

Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.

Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb.

Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.

Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək.

Bu gün Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, Vəhdət namazı qılınıb.

APA-nın məlumatına görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Vəhdət namazı A.Paşazadənin rəhbərliyi ilə qılınıb.

Mərasimdə şəhidlərin ruhuna xütbələr oxunub, xatirələri ehtiramla yad edilib.

“Açıqlanmış itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər”.

Bu sözləri hərbi ekspert Nazim Bayram deyib. O bildirib ki, bu qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi:

“Əsas itkilərimiz düşmənin, mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi.

Belə bir hazırlıqlı düşmən müdafiəsini  yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik.

Azərbaycan xalqı Vətən uğrunda verdiyi şəhidlərini heç vaxt unutmayacaq!

Vətən sağ olsun!” (redaktor.az)

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Vətəndaşlar şəhidlərin xatirəsinə ehtiramlarını bildirmək üçün Şəhidlər xiyabanını ziyarət edir, onların ruhlarına dualar oxuyurlar.

Qeyd edək ki, anım günü ilə əlaqədar ölkədə bir sıra tədbirlər keçirilir.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. (report)

44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən xüsusi anım günü ilə əlaqədar olaraq Azərbaycanda bir dəqiqəlik sükut olub.

Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.

Sükut zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Bakı Dəniz Limanında yan alan gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.

Eyni zamanda, bütün dini ibadətgahlarda (məscidlər, kilsələr, sinaqoqlarda) şəhidlərin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilir.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin! (report)

Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

Son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.
 
Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək. 
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Tarıverdiyev Nicat Şöhrət oğludur.

"Ölkə.Az" xəbər verir ki, qəhrəmancasına döyüşən Nicat qələbəyə saatlar qalmış şəhid olub.

Evin tək övladı olan Nicat Bakıda doğulub. 132-134 saylı təhsil kompleksinin məzunu olub. O, ali təhsilini Kooperasiya Universitetində alıb.

Qəhrəman şəhidimiz doğum günündə - noyabrın 17-də II Fəxri Xiyabanda torpağa taşırılıb.

AzTV-nin Nicatın ailəsindən hazırladığı reportajı təqdim edirik:

Azərbaycanda dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Dekabrın 4-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Vətən Müharibəsində həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaq.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Xəbər lenti