![]() |
|
Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir.
Bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin açıqlamasına bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. "Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:
Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.
Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın.
Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun. İki faktorlu təsdiqləmədən və güclü parollardan istifadə edin. Daha ətraflı: https://cert.az/…/diqqetsosial-media-hesablarinizin-tehluke…
“Wi-Fi” şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Daha ətraflı: https://cert.az/…/diqqet-wi-fi-sebekenizin-tehlukesizliyini…
Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.
Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.
Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.
Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan, bu cür parolları dəyişin.
Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin.
Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin.
Qeyd edək ki, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!
Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, “1654” qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin", - deyə açıqlamada qeyd olunub.
Son vaxtlar respublikamızın yollarında tez-tez hərbi avtomobil karvanları görünür. Avtosfer.az bildirir ki, müharibə vəziyyətində olan ölkə üçün adi sayılan belə hallarda digər sürücülərin də müəyyən qaydalara riayət etməsi zərurəti yaranır.
Birincisi, həmin avtomobil karvanları mütəşəkkil nəqliyyat dəstəsi sayılır, çünki onlar yollarda xüsusi müşayiətlə hərəkət edirlər. «Yol hərəkəti haqqında» qanunun 1-ci maddəsinin 45-ci bəndində mütəşəkkil nəqliyyat dəstəsinə belə anlayış verilib: mütəşəkkil nəqliyyat dəstəsi qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir.
Belə mütəşəkkil nəqliyyat dəstələri barəsində digər sürücülərin və başqa hərəkət iştirakçılarının vəzifələri də adıçəkilən Qanunda təsbit edilir. Bu Qanunun 40-cı, 46-cı, 47-ci və 48-ci maddələrini təhlil etdikdə məlum olur ki, operativ nəqliyyat vasitələri və onların müşayiət etdiyi mütəşəkil nəqliyyat dəstəsi bütün digər hərəkət iştirakçılarına, yəni başqa sürücülərin idarə etdiyi avtomobillərə, velosipedlərə, piyadalara, hətta yolda gedən at arabalarına münasibətdə üstünlüyə malikdir. Ona görə də mütəşəkkil nəqliyyat dəstəsi, o cümlədən hərbi avtomobil karvanı gəldikdə bütün hərəkət iştirakçıları onlara yol verməlidirlər. Onlar hətta lazım gəldikdə yolun kənarına çıxaraq dayanmaqla, yaxud yolayrıcı qarşısında dayanmaqla belə karvanların tam keçməsinə qədər gözləməlidirlər.
«Yol hərəkəti haqqında» Qanunun 48-ci maddəsi digər sürücülərin mütəşəkkil nəqliyyat dəstəsinə, o cümlədən hərbi avtomobil karvanına qoşularaq hərəkət etməsini qadağan edir. Başqa sözlə, hər hansı kənar sürücü hərbi avtomobil karvanındakı avtomobillər arasına keçərək onlarla bərabər hərəkət edə bilməz. «Yol hərəkəti haqqında» Qanunun mütəşəkkil nəqliyyat dəstəsinin hərəkəti ilə bağlı tələblərini pozan digər hərəkət iştirakçısı müvafiq qaydada məsuliyyət də daşıyır. Ən sərt məsuliyyət sürücülər barəsindədir: İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə (həm də onların müşayiət etdiyi nəqliyyat dəstəsinə) yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə sürücü 100 manat cərimə edilməklə onun barəsində 3 cərimə balı da tətbiq edilir. Mütəşəkkil nəqliyyat dəstəsi yaxınlaşarkən yolun hərəkət hissəsini tərk etməyən piyada 20 manat, velosipedçi isə 40 manat cərimə ediləcək. İXM-də müvafiq cərimə nəzərdə tutulmasa da, mütəşəkkil nəqliyyat dəstəsinə (o cümlədən hərbi avtomobil karvanına) mane olan (yol verməyən) mal-qara ötürənlər və at arabası sürənlər də hərəkət qaydalarını kobud şəkildə pozmuş olacaqlar.
Hərbi avtomobil karvanına yol vermədiyinə görə və ya belə karvana qoşularaq hərəkət etdiyinə görə qəzaya düşən sürücülər isə nəticəyə uyğun olaraq cinayət məsuliyyətinə (isanların sağlamlığına az ağır və ya ağır zərər dəydikdə, yaxud ölüm olduqda) və ya inzibati məsuliyyətə cəlb ediləcəklər. Belə halda həmin sürücü vurduğu ziyanı da ödəməli olacaq.
Yuxarıda qeyd olunları nəzərə alaraq, sürücülərə demək istəyirəm ki, yollarda hərbi nəqliyyat karvanı gördükdə çox diqqətli olsunlar, onlara mane olan manevrlərdən və hərəkətlərdən çəkinsinlər, hətta onların rahat və fasiləsiz hərəkəti üçün şərait yaratsınlar. Bunu hər kəs sadəcə hüquqi məsuliyyətdən qorxduğuna görə yox, bir vətəndaş olaraq etməlidir. Unutmamalıyıq ki, ordu hər birimizindir və ona bacardığı dəstəyi vermək hər kəsin borcudur.
Ərşad Hüseynov,
yol hərəkəti üzrə ekspert
Metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenindən məlumat verilib.
Bildirilir ki, metropolitenin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb:
“Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib. Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq”.
Bunu “Ölkə.Az”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır: "Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər".
M.Ağayev bildirib ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey vətən üçün” aksiyasına başlayıb: "Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26 500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb".
Bununla bağlı Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, sərəncamda adıçəkilən xidmətə tapşırılıb ki, təsdiq edilmiş plana uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi nəqliyyat vasitələrindən irəli gələn məsələləri həyata keçirsin:
"Səfərbərlik Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və xüsusi birləşmələri müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçilməsinə dair tədbirlər kompleksidir.
Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər matroslar, çavuşlar, gizirlər və mişmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsinsən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.
Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hlrbj vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün imkanlara malikdir. Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən zənglər və smslər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər.
Məlumat üçün bildirirəm ki, son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər. Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək".
Sonxeber.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, sözügedən qərar Bakı şəhəri istisna olmaqla adları keçən digər bölgələrə şamil ediləcək: " Eyni zamanda Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslar da saat 20:00-a qədər fəaliyyət göstərəcək. Səbəb isə ictimai nəqliyyat sürücülərinin avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmaları üçün vaxtın tələb olunmasıdır. Bu vaxt ərzində həmin sürücülər evlərinə qayıda biləcəklər. Bu baxımdan əminəm ki, qərarı anlayışla qarşılayacaqsınız".
Qeyd edək ki, hərbi vəziyyətlə əlaqədar örən gecə saat 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunub.
Baş İdarədən "Ölkə.Az"a verilən məlumata görə, ordumuza dəstək məqsədilə hamı "Üç rəngli bayrağımızı dalğalandıraq" şüarı ilə aksiyaya qoşulmağa dəvət edilib.
"Yaşadığımız ünvanda, şəxsi nəqliyyat vasitələrində, iş yerlərində bayrağımızı dalğalandıraq. Gənclərimiz və idmançılarımız Ali Baş Komandanımızın tarixi şüarına qoşulurlar: Qarabağ Azərbaycandır!" deyə müraciətdə vurğulanıb.
"Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilir.
Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi bu müddəti daha 3 ay uzada bilər.
Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla bu Qanunun IV fəslində müəyyən edilmiş möhlətin və çağırışdan azadetmənin tətbiqi dayandırılır.
Səfərbərlik üzrə çağırılmalı olan hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi, müharibə dövründə sonrakı çağırışlar zamanı hərbi vəzifəlilərin sayını isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Müharibə dövründə səfərbərlik elan edilərkən və sonrakı çağırışlar zamanı 18 yaşından son yaş həddinədək hərbi vəzifəlilər və çağırışçılar, hərbi uçotda olmayan 18 yaşından 45 yaşınadək qadınlar hərbi xidmətə çağırıla bilər.
Müharibə dövründə səfərbərlik üzrə və sonrakı çağırışlar üzrə hərbi xidmətə vətəndaşları hərbi komissarlıqlar çağırırlar. Hərbi komissarlıqları kənarda qoyaraq vətəndaşları hərbi xidmətə daxil etmək qadağandır.
Səfərbərlik elan edilərkən respublika iqtisadiyyatını plana-uyğun surətdə müharibə dövründə iş şəraitinə keçirmək və nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin fasiləsiz işini təmin etmək məqsədilə orada işləyən hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışına və müharibə dövründə sonrakı çağırışlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada möhlət verilə bilər.
Təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şosesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat yayıb.
Sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.