Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.

Bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:
“Bu, “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”. Sfera.az

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

"Ölkə.Az" xəbər verir ki, tədbirlər çərçivəsində sentyabrın 26-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti– on üçüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Axşam saatlarınadək paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi, bu dəfə də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edir.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, qış aylarında yağıntılar yağan zamanı dezinfeksiya işləri lokal xarakterli olacaq.

Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür.

AQTA-dan toy açıqlaması

"Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, Agentlik əməkdaşları pandemiya dövründə şadlıq sarayları ilə əlaqədə olub: “Yəni restoranı, kafesi olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız da var, dövrü olaraq şadlıq sarayları ilə görüşlərimiz olur. Toylara icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən həmin metodiki göstəricilər və qərarlar  üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki toylara icazə verilsə, bu ,ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bu mənada bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb.

Belə bir məqamda Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir.

Milli.Az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu bildirib:

"Xüsusi karantin rejimin yenidən uzadılıb-uzadılmaması önəmli deyil, önəmli olan karantin rejimin şərtləridir.

Rejim uzadıla bilər, amma hansı şərtlər daxilində?! Hazırkı karantin rejimi uzadılsa belə, rayonlar, şəhərlərarası məhdudiyyətlər yoxdur. Kafelər, restoranlar da saat 12-yə kimi işləyir. Düzdür, bir çox bəzi əyləncə mərkəzləri açılmasa da, insanların ehtiyaclarını qarşılayacaq yerlər açıqdır. İnsanlar artıq rahat çölə çıxa bilirlər, əvvəlki kimi sms icazə və digər məhdudiyyətlər yoxdur. Bu şərtlər daxilində karantin rejiminin gündəmdə olması normaldır. Çünki Avropanın bir çox ölkələrində COVİD 19-la bağlı epidemioloji vəziyyət artıq yenə kritik həddə çatıb. Düşünürəm ki karantinin müddəti uzadılmalıdır. Ancaq şərtlər isə günümüzdəki yoluxma hallarının sayına uyğun olaraq tənzimlənməlidir. 

Amma toyların keçirilməsi icazəsiylə bağlı bir fikir söyləyə bilmərəm. Mövcud vəziyyətdə hansı şərtlər daxilində toylara icazə verilə bilər?! Havaların soyuduğu bir vaxta gedirik. Açıq havada da toy etmək olmaz. Düşünürəm, qapalı şəraitdə bəlkə də az insanların olduğu bir mühitdə toy etmək olar. Amma toylarla bağlı icazə mənim səlahiyyətim daxilində deyil".

Pensiyaçının bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir və pensiyaçının həmin vəsaiti kartlarında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.
Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

R.Mehdilinin sözlərinə görə, yəni pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər.

O qeyd edib ki, DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir:

“Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunveriiliklə müyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi olub.
TƏBİB-dən bildirilib ki, dəyişikliyə əsasən, qurumda mətbuat xidməti vəzifəsi ləğv olunub.

Bundan sonra mətbuatın sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.

Qurumda yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə isə Aygün Əliyeva təyinat alıb.

"COVID-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”.

Bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan "Diqqət mərkəzi” verilişində deyib:

"Çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar onun üzərindən belə fikirləşirlər.

Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf ki, insanlar COVID vaksini haqqında fikirləşərkən onların ağlına dərhal çipləşmə məsələsi gəlir.

Bu fikirlərin heç bir əsası yoxdur. İnsanları kimsə çipləşdirmək istəsəydi, onu başqa üsullarla edərdilər. Ən azından onu körpələrə vurulan vaksinlərin tərkibində edərdilər. Daha bu cür bütün əhali kütləsinə nəzərdə tutulan preparatla yox.

Mənə elə gəlir ki, bu iddia əsassızdır, kimlərinsə ortaya atdığı, hansı məqsədlərə xidmət etdiyi məlum olmayan, tam əsassız bir şeydir.

(qafqazinfo)

Operativ qərargahın qərarına əsasən, bulvar və parklarda uşaq əyləncə mərkəzləri, atraksionlar işləməməlidir. Amma valideynlər övladları əyləncədən geri qalmasın deyə, bu qadağaya məhəl qoymur.

"Ölkə.Az" bildirir ki, Baku Tv mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

“Olmaz, qoymasınlar. Açırlar, uşaqlar da istəyir”, - övladı virusdan bixəbər əylənən valideyn deyir.

Bu karuselləri işlədən şəxslərdən soruşduqda isə belə bir qərardan xəbərdar olmadıqlarını və açıq havada olan atraksionlarda virus təhlükəsinin olmadığını bildirdilər.

Baku TV-nin əməkdaşları üz tutduqları digər parkda da eyni mənzərə ilə qarşılaşıblar: Yenə biganə valideynlər, yenə qaydaları pozan atraksion işçiləri. Maraqlısı isə odur ki, atraksionları bir manat qarşılığında işlədən şəxslər burada heç bir problem olmadığını və uşaqların, özlərinin virusa yoluxmayacaqlarını zənn edirlər. Valideynlər isə soyuqqanlı şəkildə bu atraksiondan uşaqların istifadəsinə icazə verirlər.

Parkın işçisi deyir ki, açıq havada icazə verilir:

“Buradan 15-20 nəfər çörək qazanır. Böyük bir sıxlıq yoxdur”.

Dənizkənarı Bulvar ərazisində, Nərimanov, Hüseyn Cavid parkında isə operativ qərargahın qaydalarına tam əməl olunur.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışıb.

O qeyd edib ki, tez-tez səslənən karantin şərtlərinin sərtləşəcəyi fikrinə inanmır: 

“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə,  inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun.

Ola bilər ki, yoluxmaların sayında artım görülsün. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”.

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminin sentyabrın 30-da bitməsi gözlənilir.

Lakin bəzi mütəxəssislər onun uzadılacağı ilə bağlı fikirlər səsləndirirlər. Bu həftə Azərabycanda karantin rejimi yenidən uzadılacaq?

Bununla bağlı danışan Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, Azərbaycanda karantin rejimi yenidən uzadılacaq, çünki koronavirusdan canımızı qurtarmağın effektli yolu tapılmayıb:

“Bu gün önəmli olan sağlıqdır. Peyvənd tapılana kimi karantin rejimi davam etdirilməlidir. Bir qədər səbrli olub, qaydalara əməl edərək bu xəstəlikdən qorunmalıyıq”. konkret.az

Xəbər lenti