Toylar oktyabr ayından bərpa edilə bilər.

"Ölkə.Az" xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraciət edirlər. Amma onların arasında yeni müştərilər də az deyil.

Hələlik toyların bərpası ilə bağlı rəsmi məlumat olmasa da, bəzi restoranlarda oktyabr ayına boş yer tapmaq belə mümkün deyil. Mərasimlərin Məhərrəm ayından - oktyabrın 18-dən sonra bərpa ediləcəyi istisna edilmir. Saray rəsmiləri hələlik dəqiq məlumat olmadığı üçün yeni qiymət siyasətləri ilə bağlı da məlumat verə bilməyəcəklərini deyirlər.

8 km ərazisində yerləşən şadlıq saraylarından birinin administratorunun sözlərinə görə, icra hakimiyyətindən restoranın ərazisinin neçə kvadrat metr olması, zalların ölçüsü, müştəri tutumları ilə bağlı dəqiqləşmələr aparılır. "İcradan zəng edib açılacağını deyiblər. Lakin hələ dəqiq tarix bəlli deyil. Bütün obyektlərdən say, sahə soruşurlar. İndi ona uyğun tarix və qonaq sayı deyəcəklər. Məsələn, 400 nəfərlik zala nə qədər adam, 200 nəfərlik zalda necə adam olsun. 99 faiz toyların bərpa ediləcəyini gözləyirik".

Həmin ərazidəki başqa bir şadlıq evində isə 1-2 günə şərtlərin açıqlanacağı və əmrin çıxmasını gözlədiklərini deyiblər. "Biz də gözləyirik. Sifarişləri dekabr, noyabr aylarına da qəbul edirik. Sifarişlərimiz çoxdur. Bunların əksəriyyəti toyları təxirə salınanlardır. Gözləyirik ki, əmr verilsin, biz də işimizi bilək".

20 Yanvar ərazisində yerləşən şadlıq evlərindən birinin rəsmisi də qeyd edib ki, bütün ərazilər üzrə həm mərasim zalları, həm şadlıq evləri ilə bağlı siyahı hazırlanır, tutumla bağlı məlumat toplanır. "Sözsüz ki, məhdudiyyətlə olacaq. 300-500 nəfərlik toyların olacağını gözləmirik. Ümumiyyətlə,  oktyabr ayında mərasimlərin başlayacağına da inanmırıq".

Paytaxtın daha bir populyar sarayından icra hakimiyyəti tərəfindən hazırlanan siyahının Operativ Qərargaha təqdim edilmək üçün hazırlandığı qeyd edilib. "Mənim özümlə danışıblar. Deyiblər ki, bizdən siyahını Operativ Qərargah götürəcək. Ehtimal ki, toylar Məhərrəmlikdən sonra başlayar. Oktyabrda bizdə ümumilikdə yer yoxdur. Ayın 18-dən axırına kimi doluyuq. Onların arasında təxirə düşənlər də, yeni müştərilər də var".

Bakının şadlıq saraylarının daha çox olduğu istiqaməti - Çobanzadə küçəsindəki obyektlərdə zalların tutumunun yarısı qədər qonaqla toy etməyə icazə veriləcəyini gözləyirlər. "Yəqin ki, 300 nəfərlik zallarda 150-120 nəfərlə toya icazə verərlər".

Şadlıq evləri ilə bağlı qeydiyyat Bakı ilə yanaşı rayonlarda da başlayıb. Şəkidən verilən məlumata görə, qurumdan zalların sahəsi, qonaq tutumu ilə bağlı məlumat toplanılıb. "Soruşduq ki, nə məsələdir. Dedilər, ola bilsin ki, şadlıq evləri açıldı. Bakıdan istəyiblər. Rəsmi məlumat hələ ki yoxdur. Elə etməliyik ki, nə müştəri, nə də biz ziyana düşməyək. Qiymət artımı da gözləniləndir. Amma təki açılsın, bir təhər həll edərik". baku.ws

“Orta məktəblərdə şagirdlərin virusa yoluxma statistikasının artması, təhsil müəssisələrində tədris prosesinin dayandırılacağı demək deyil. Hazırki dövrdə məktəblərin bağlanması təhsilə ciddi ziyan vura bilər.”
Bu fikirləri, təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlaması zamanı bildirib.Onun sözlərinə görə, məktəblərdə virusa yoluxma hallarının artması gözlənilən idi:

“Bildiyiniz kimi, 90-a yaxın şagirddə virusa yoluxma halları müşahidə edilib. Aydın məsələdir ki, bu qədər kütlənin aktiv hərəkəti yoluxma sayını artıracaq. Şagirdlər arasında virusa yoluxma Bakı kəndlərində, kütləvi yoluxma isə Qubada müşahidə edilib. Virusa yoluxanlar arasında 3-cü , 4-cü sinif şagirdləri üstünlük təşkil edir. Aparılan monitorinqlər nəticəsində məlum olub ki, bu məktəblərdə dezinfeksiya işləri və qoruyucu tədbirlər çox aşağı səviyyədədir. Yoluxma halları qeydə alınan siniflər 14 gün müddətinə bağlanacaq”.

K. Əsədov şagirdlər arasında yoluxmanın daha da geniş vüsət almaması üçün, vacib addımların atılmasının zəruriliyini bildirib:

“Məktəblərin qarşısındakı sıxlıq aradan qaldırılmalıdır. Təhsil ocaqlarının qarşısında valideynlərin kütləvi şəkildə toplaşmasına icazə verilməməlidir.

Məktəb daxilində sanitar qovşaqlar yaradılmalıdır.

Məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Təssüflər olsun ki, əvvələr bu işlər yüksək səviyyədə həyata keçirilməyib”.

Qeyd edək ki, bu il pandemiya ilə əlaqədar yeni tədris ilində yalnız ibtidai siniflərin təlim-tədrisinə icazə verilib.Hazırda məktəblərdə 640 min şagirdin tədris prosesi həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatı deyib ki, koronavirus pandemiyası 2 il və ya daha çox çəkə bilər. Lakin payızın sonunda da bu virusun bitəcəyi ilə bağlı fikirlər səsləndirənlər var. Qeyd edək ki, bu virusa görə yarım ildən çoxdur ki, bütün dünya dövlətlərində, eləcə də Azərbaycanda karantin rejimi tətbiq edilir. Bu gün hər kəsi maraqlandıran sual ölkəmizdə karantin qaydalarının nə zaman bitməsidir.

Bununla bağlı konkret.az-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, payızda digər soyuqdəymə xəstəliklərinin də aktivləşməsi gözlənilir:

“Ona görə karantin davranışları payız aylarında da lazım olacaq. Həmin vaxt bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq”.

Adil Qeybulla  vurğulayıb ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir:

“Yəqin ki, maskadan və dezinfeksiya məhlullarından tam azad olmaq ilin sonunda mümkün olacaq. Əgər bu virus təbiidirsə, yanvaradək bitəcək. Yox, əgər yanvardan sonra da koronavirus davam edərsə, deməli laboratoriyada hazırlanmış xüsusi virusdur. Amma yaxşı olar ki, gələn il də payız fəslində respirator virus xəstəliklərindən qorunmaq üçün insanlarımız maska taxıb, sosial məsafəni gözləsinlər. Yaxınlarını və digər insanları qripə yoluxdurmasınlar. Kollektivdə kimsə xəstədirsə, bütün iş yoldaşları maska taxsınlar”.

Bu gün Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Ölkə.Az”a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Bir neçə gündür sosial şəbəkələrdə, cəmiyyətdə karantin rejiminin sərtləşdiriləcəyi, SMS icazənin yenidən tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bəs karantin rejiminin sərtləşdirilməsi indiki məqamda effektli olacaqmı?
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla karantin rejimin sərtləşdirilməsinin mənasız olduğunu bildirib:

"Karantin qaydalarını əvvəlki kimi sərtləşdirməyə, insanları evdə saxlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, bütün bunların əvəzinə nəzarəti artırmaq lazımdır. Bu haqda dəfələrlə demişəm, karantin nə qədər sərt olsa belə, insanlar ona əməl etməyəcəyi təqdirdə nəticəsi olmayacaq. Çünki bir çox insan bu günə qədər məsələnin mahiyyətini dərk etməyib.

Misal üçün, Qubada müəllimlərin virusa yoluxma halı qeydə alınıb. Çox güman ki, həmin müəllimlər karantin qaydalarına əməl etməyiblər. Düşünün, müəllim hələ də virusun ciddiliyini dərk etməyib qaydalara əməl etmirsə, o, uşaqlara bunu necə başa salacaq? Baxın, əsas məsələ budur. İlk növbədə bu məsələləri həll etmək lazımdır. Bunlar həll olunmadan bütün görülən tədbirlər effektsiz olacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev də açıqlamasında karantin rejiminin yenidən sərtləşməsinə ehtiyac olmadığını bildirib:

"Hazırda vəziyyət nəzarət altındadır. Müşahidə etdiyimiz yoluxma sayı da yüksək deyil. Bu baxımdan hazırkı vəziyyətdə karantin rejimini sərtləşdirmək tezdir. Biz yeni-yeni yumşaldılmalar edirik, insanlar hələ tam şəkildə yumşaldılmaya alışmayıblar. Təbii ki, yoluxma sayı kritik həddə çatarsa, yenidən sərt tədbirlər görmək olar. Hələlik buna ehtiyac yoxdur”.

Vətəndaşlar Bakıda, Sumqayıtda eləcə də digər regionlarda təklif edilən internetin keyfiyyətindən (sürətindən) narazıdırlar.

Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən müraciətlər daxil olub. Xüsusilə də valideynlər uşaqların onlayn dərslərə qoşulan zaman çətinlik çəkdiklərini deyirlər.

Keyfiyyətsiz internet səbəbindən əlaqə tez-tez kəsilir və bu dərs prosesinin keyfiyyətini azaldır. Pandemiya ilə bağlı əhalinin böyük bir hissəsinin mütəmadi evdə olması və internetdən istifadə etməsi sürəti zəiflədə bilər. Bəs problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, pandemiya dövründə karantin tətbiq edildiyi üçün internet xidmətlərinə olan tələbat yüksəlib və istifadə olunan internet trafiki kəskin şəkildə artıb. Məktəb və universitetlər distant təhsilə keçdiyindən, evdə olan şagirdlərin və tələbələrin izlədiyi kontentlər bütün videotrafikin təxminən 70 faizini təşkil edir. Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır. Təbii ki, bu halda çətinliklərin yaranması qaçılmazdır.

Bu isə infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin olunmasını zəruri edir. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.

Görülən işlər sırasında ilk olaraq ölkə üzrə qlobal internet kanallarına qoşulma sürəti artırılıb. Bununla yanaşı, internet xidməti təqdim edən operator və provayderlər də milli internet operatorlarından aldıqları tutumları artırıblar.

Pandemiya ilə əlaqədar internet xidmətlərinə artan tələbat fonunda, cari ilin səkkiz ayında dövlət telekommunikasiya operatorları tərəfindən 100 000 abunəçiyə internetə qoşulmaq üçün texniki imkan yaradılıb və 65 000-ə yaxın vətəndaşın şəbəkəyə qoşulması təmin edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində xidmət göstərən “Baktelecom” və “Aztelekom” MMC pandemiya dövründə paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Bu dövr ərzində məsafədən iş rejiminin təşkili ilə əlaqədar daha sürətli internet bağlantıları olan ofislərdə istifadə olunan gücləndirilmiş şəbəkə nəzərdə tutulmayan yaşayış yerlərində istifadə edilməyə başladı.

Ötən illə müqayisədə bu ilin son doqquz ayı üzrə “Baktelecom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40 faiz artım müşahidə olunub.

Eyni zamanda Bakıətrafı ərazilərdə də internetin sürətinin daha da yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. Belə ki, “Baktelecom” tərəfindən Bakıətrafı ərazilərdə “Evədək optika” layihəsinin icrası sürətləndirilib. Bundan əvvəl layihə yalnız köhnə və yeni yaşayış binalarında icra olunurdu. Xüsusilə yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı kəndlərində yerləşən fərdi evlərdə optik şəbəkənin inşası davam etdirilir və sakinlərin rabitə xidmətlərinə qoşulması operativ şəkildə həyata keçirilir.

Bu yaxında Biləcəri qəsəbəsi və Hövsan yolundakı Qum adasında yerləşən yeni yaşayış massivinin sakinləri optik xidmətlərlə təmin ediliblər. Hazırda Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində tərəfimizdən optikləşdirmə işləri aparılır. “Baktelecom” layihənin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Qeyd edək ki, qurum eyni zamanda köhnə və yeni yaşayış binalarında, demək olar ki, paytaxtın bütün rayonları üzrə “Evədək optika” layihəsini icra edir. Bu ərazilər üzrə, hələ ki, infrastrukturun icrası gedən ərazilər və ya xidmətə qoşulan sakinlər də var. Müraciət sayını nəzərə alaraq telekommunikasiya infrastrukturunun qurulması işləri planlı və operativ qaydada aparılır. Bundan əlavə, məhdud infrastrukturlu ərazilərdə “Baktelecom” tərəfindən LTE texnologiyası ilə “Simsiz rabitə” xidməti təqdim edilir.

Hazırda regionlara ötürülən trafikin həcmində 40 faizdən çox artım müşahidə olunur. Regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilir. Həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilir.

Magistral xətlərin ötürülmə qabiliyyətinin 100 qat artırılması məqsədilə DWDM texnologiyası tətbiq edilib. Eyni zamanda paylayıcı şəbəkənin yenidən qurulması layihəsi hazırlanıb. Layihənin ilkin mərhələsində Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işlər aparılır. Sözügedən layihə çərçivəsində mis xətlər optik kabellə əvəzlənir, GPON texnologiyası tətbiq edilir.

İnternet xidməti ilə bağlı yaranan bütün suallar və müraciətlər qeydə alınır, həlli istiqamətində operativ müdaxilələr edilir. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artırılması məqsədilə mərhələli işlər digər regionlarda da həyata keçiriləcək.

Yeni tədrsi ilindən başlayaraq, 65 yaşdan yuxarı müəllimlərin işdən çıxarılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bəzi iddialara görə, digər sahələrdə 65 yaşdan yuxarı insanlar çalışdığı halda, təhsil müəssisələrində bu cür halların qarşısı alınır.

"Ölkə.Az" bildirir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

Pandemiyanın şərtlərinə uyğun olaraq  təhsil müəssisələrində çalışan müəllimlərin dərs saatları nisbətən cavan müəllimlərə verilib. Prosedur bu formada  həyata keçirilir”.

Cəsarət Valehov onu da bildirib ki, həmin müəllimlər əvvəlki qaydada əmək haqlarını alırlar:

"Bununla bağlı narahatlığa əsas yoxdur”

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Sabunçu rayonunun Maştağa qəsəbəsində bu ilin fevral ayında yanaraq kül olmuş evdə bir ailə yaşamağa məcburdur.

"Ölkə.Az" Baku TV-yə istinadən xəbər verir ki, dörd uşaqla bir ana kül olmuş evdə ağır şəraitdə yaşayırlar. Ailə başçısı da həmin yanğın hadisəsindən sonra onları ataraq gedib. 

Uşaqlar dəmir yığaraq təhvil verir, bu yolla analarına kömək olmaq istəyirlər.

 

Evdə kompüter və internet olmadığı üçün onlar hazırda keçilən onlayn dərslərdən də məhrum olublar.

Daha ətraflı süjetdən tanış ola bilərsiniz. 

Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 13-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 23-24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti