![]() |
|
Hərbi xidmətdə olmağın son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ordu generalı ilə bərabər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün də yaş həddi müəyyən edilməyəcək. Başqa sözlə, Azərbaycan Respublikasının Prezidenti tərəfində vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.
Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.
Yol-xeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat məbləğində cərimə edilir. Layihəyə əsasən, müvafiq qaydada ödəniş etmədən gedən sərnişinlər də 30 manat cərimələnəcək.
Dəmir yolu nəqliyyatında sərnişin biletsiz aparılmasına görə cərimələr 2 dəfə artırılır. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisi Xanlar Vəliyevi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə qərar qəbul edib.
Məsələ Milli Məclisin iclasında müzakirə edilərək qəbul edilib.
Daha sonra Konstitusiya Məhkəməsinin hakimi təyin edilən Xanlar Vəliyev and içib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 20 ailə - 72 nəfərin köçürülməsi həyata keçirilir.
Köçürülənlərdən 11 ailə (40 nəfər) Bərdə rayonundan, 2 ailə (9 nəfər) Bakı şəhərindən, 2 ailə (8 nəfər) Goranboy rayonundan, 2 ailə (7 nəfər) Oğuz rayonundan, 1 ailə (4 nəfər) İsmayıllı rayonundan, 1 ailə (3 nəfər) Tərtər rayonundan, 1 ailə (1 nəfər) Abşeron rayonundandır.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Məlum olduğu kimi, Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.
“Yol-xeber.az” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda tikinti dövründə nəqliyyatın təşkili və məhdudiyyətlər haqqında da məlumat verilib.
Bildirilib ki, xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcək.
Tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:
- “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;
- “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.
Məlumatda qeyd olunub ki, İçərişəhər-28 May-Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək.
Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.
“Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir”, - açıqlamada vurğulanıb.
“Bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur. Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaq”.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Bakı metropolitenində xətlərin ayrılması istiqamətində başlanılan kompleks tədbirlərlə bağlı yaydığı məlumatda bildirilib.
Bildirilib ki, əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər:
“Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcək. Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaq. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcək”.
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə silsilə tədbirlər həyata keçirilir”.
“Bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
“Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilib. Bu qərar dahi rəssamın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanın və ümumilikdə Azərbaycan xalqının tarixən mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş İrəvan şəhərində yaşayıb-yaratmış sənətkarın adının Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə verilməsi xüsusi rəmzi məna daşıyır.
Xatırladaq ki, xalqımızın Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi, rəssamın bir çox əsəri də 1918–1920-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilib.
Qərbi Azərbaycan İcması Mirzə Qədim İrəvaninin yaradıcılığı və onun timsalında Qərbi Azərbaycanın mədəni irsinin təbliği sahəsində həyata keçirilən ardıcıl və prinsipial siyasətə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirir”, - bəyanatda deyilir.
Tıxac probleminin həlli üçün şəhərin mərkəzindəki bəzi qurumlar şəhərdən kənara və bölgələrə köçürülə bilər.
Bunu Ajans.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki, tıxaca səbəb olan əsas faktlardan biri də, şəhərin mərkəzində dövlət idarələrinin, universitetlərin yerləşməsidir:
Tıxac adətən əhalisi sıx olan, meqapolis şəhərlərə xas olan məsələdir. Bakı da illərdir tıxac problemindən əziyyət çəkir. Dövlət və müvafiq qurumlar bunun qarşısını almaq üçün addımlar atır. Mütəxəssis və ekspertlər ölkəyə dəvət olunur. Şəhər böyüyür, insanların və avtomobillərin sayı artır. Bu da tıxaclara səbəb olur.
Şəhərdə tıxaca səbəb olan əsas faktlardan biri də, mərkəzdə dövlət idarələrinin, universitetlərin yerləşməsidir. Bəzi dövlət idarələrinin və nazirliklərin şəhər kənarında, yaxud bölgələrdə olması dünya təcrübəsində mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bir çox agentliklərin, qurumların, universitetlərin kənarlara və bölgələrə köçürülməsi çıxış yolu ola bilər
Deputat bildirib ki, bu proses yüksək maliyyə tələb edən məsələdir:
“Reallaşması qısa vaxt ərzində çətindir, lakin mümkünsüz deyil. Məsələn, dünya təcrübəsində universitetlərin öz şəhərciyi olur, tələbələr təhsil aldığı müddətdə həmin şəhərcikdə yaşayırlar. Yeni təcrübələr öyrənilməlidir, bu, şəhər üçün də əhəmiyyətli olacaq”.
Bakıda polisin “saxla” əmrinə tabe olmayaraq iki yol patrul xidməti avtomobilini əzən, polis əməkdaşlarından birinə də xəsarət yetirən şəxsin cinayət işinin təfərrüatı məlum olub.
Yol-xeber.az-ın musavat.com-a istinadən məlumatına görə, 35 yaşlı Ümid Nəsrullayev Yasamal rayonu ərazisində “Hyundai” markalı avtomobildə olan zaman yol patrul xidməti əməkdaşları ona “saxla” əmri verib. Lakin Ümid avtomobili saxlamaq istəməyib. Ümid maşının ön və arxa hissəsində dayanmış maşınları vuraraq ərazidən uzaqlaşmaq istəyib. O, avtomobilini irəli və geri hərəkət etdirərək iki polis maşınına çırpılaraq ümumilikdə 9 min manata yaxın maddi ziyan vurub.
İttihama görə, Ümid maşının mühərrikini söndürmək istəyən polis əməkdaşlarından birinə də xəsarət yetirib.
Polis şöbəsinə aparılan Ümidin avtomobilinə baxış keçirilən zaman marixuana və narkotik tərkibli preqabalin aşkar edilib.
Ümid ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, astma və epilepsiya xəstəliklərindən əziyyət çəkdiyi üçün preqabalin həblərindən istifadə etdiyini etiraf edib. O, maşınından çıxan marixuananın ona məxsus olmadığını deyib.
İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. İstintaq orqanı sübut kimi onun telefonuna gələn mesajlara da istinad edib.
Həmin mesajlarda Ümiddən narkotik vasitə istəyən şəxslər aşağıdakı məzmunda mesajlar yazıblar:
- “Brat”, mənə cavab ver də. Gözləyim bu gün? Pul olmur deyə qoymamışam, lomkaçılıqdı. Narhat olma, verəcəm. Heç olmasa, 1 gilə ver, vəziyyətdən çıxım.
- Mənə dünən “liri” verəcəkdin. Ölürəm mən lomkadan.
- Qaqa, tez 6 qram ot çatdır mənə.
- Qardaşını sevindir. Dərmanı 3 dənə elə.
- “Yeti”, bu da qatqılıdır. Dedim ki, yəni bil. Bunu mənə gətirənə sözünü deyərsən.
Araşdırma zamanı məlum olub ki, Ümid daha əvvəl də bir neçə maddə ilə məhkumluq həyatı yaşayıb.
Törətdiyi əməllərə görə Ümid Nəsrullayev bu dəfə 6 il azadlıqdan məhrum edilib.