![]() |
|
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib.
Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirilib.
A.Hacızadə qeyd edib ki, cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub: "Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün meyitlər əvvəlcə Malatyadan İstanbula aparılacaq. İstanbuldan Ankaraya, daha sonra Azərbaycana gətiriləcək".
XİN rəsmisi bir daha azərbaycanlı tələbələrin ailələrinə səbir diləyib.
Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların meytləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından sonra tapılıb.
Türkiydə fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkənlər üçün müəllimlərin əməkhaqqından tutulması ilə bağlı yayılmış ərizə forması müzakirələrə səbəb olub.
Bir çox sosial şəbəkə istifadəçisi məcburi şəkildə müəllimlərin maaşından tutulmasının doğru olmadığını bildirirərək Elm və Təhsil Nazirliyini tənqid edib.
“Bu yanlış məsələdir. Heç kimin maaşından məcburi şəkildə pul tutula bilməz. Bu ianə kampaniyasıdır və Elm və Təhsil Nazirliyi yox, Gənc Müəllimlər Assosiasiyası həyata keçirir. Hansı müəllim qardaş ölkəyə yardım etmək üçün özünü könüllü maliyyə vermək istəyirsə, o, verə bilər. Burada birmənalı olaraq hər hansı bir məcbuertmədən söhbət getmir. Çünki yardım kampaniyası ilə bağlı çoxsaylı müraciətlər olurdu. Bunu bir kampaniya formasına saldılar ki, müəllimlər öz məvaciblərindən və ya hansısa bir formada yardım etmək istəyirsə, bura müraciət etsinlər”.
Marketlərdəki polietilen torbalar bu günə qədər də havayı verilmirdi.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbaların fevralın 15-dən etibarən ödənişli olacağı ilə bağlı qərarı şərh edərkən deyib.
O bildirib ki, marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür:
"Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatlar, xammal, material, yanacaq, enerji, əsas fondlar, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyəri, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir.
Torbanın xərci də sonuncu hissədə gizlənirdi. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin".
"Bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığı üçün elə bilirdik ki, market sahibi cibindən bizə polietilen torba alır. Lakin bu, belə deyil", - deyə E. Əmirov əlavə edib.
Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində 2780 km yol qar örtüyündən təmizlənib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.
Fonddan verilən məlumata görə, pensiyaların minimum məbləği 1 fevral 2023-cü il tarixindən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 1 yanvar 2023-cü il tarixindən 14,7% indeksləşdirilərək artırılması təmin edilib.
Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.
“Tarixi bilməyənlər də televiziya kanallarında, qəzetlərdə ağızlarına gələni danışırlar. Bunu mütəxəssis deməlidir. Düzdür, mən mütəxəssis deyiləm, ancaq bir şeyi dəqiq bilirəm ki, 1967-ci ilə qədər qəti olaraq Azərbaycanda, o cümlədən Bakı şəhərində tikilən binalarda zəlzələyə qarşı heç bir tədbir görülməyib, bu məsələ nəzərə alınmayıb. Başqa sözlə desək, guya Azərbaycan seysmik zona deyildi. Yalnız 1967-ci ildə Daşkənddə zəlzələ olandan sonra qərar qəbul edildi ki, xeyr, Azərbaycan, o cümlədən Bakı şəhəri “seysmik ərazidir”. “Seysmik ərazi” Sovet terminologiyası ilə 12 balla ölçülürdü. Amma Sovetdən kənarda seysmologiya Rixter şkalası ilə 9 bala qədər ölçülür. İndi də xaricdə belədir. Bizdə isə bəzən elə də deyirlər, belə də... Məsələn, o vaxt Yasamalda tikilən panel evlərlə bağlı heç bir layihədə zəlzələyə qarşı davamlılıq nəzərə alınmayıb...”
Bu sözləri Pravda.az-a müsahibəsində Baş nazirin keçmiş müavini Abid Şərifov deyib.
O bildirib ki, Azərbaycanda yalnız 1967-ci ildən sonra zəlzələ ilə bağlı tədbir görməyə başlayıblar: “Həmin illərdə Bakı şəhərində dörd nəfərdən ibarət belə bir təşkilat var idi – Dövlət Tikintiyə Nəzarət və Arxitektura Komitəsi. Sədri və müavinlərindən biri yəhudi idi, başqa bir müavini isə erməni idi. Bir nəfər də azərbaycanlı var idi. Bunlar binaları yoxlayırdılar, bütün səlahiyyətləri var idi. Kim qaydaları nəzərə almırdısa, layihənin hesabından tuturdular. Onlara belə bir səlahiyyət də verilmişdi. Azərbaycanda qəbul olunmuş qaydalara görə, hər bir bina layihələndirilməmişdən əvvəl Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunmalıdır ki, bina tikiləcək ərazi neçə ballıqdır. Bəzi əhəmiyyətli binaların, məsələn, xəstəxanaların, məktəblərin binaları bir bal artıq zəlzələyə davamlı tikilməlidir. Yəni 7 bala davamlı ev tikilirsə, onun yanındakı xəstəxana 8 bala davamlı tikilməlidir. Hazırda bu qaydalara əməl olunub-olunmadığını deyə bilmərəm”.
A.Şərifov Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin inşaat şirkətlərinin 2019-cu ildən bəri Mərkəzə müraciət etməmələrinə, bu işə FHN-nin nəzarət etdiyini demələrinə də münasibət bildirib: “Kim bunu deyirsə, səhv deyir. Torpağı alan sifarişçidir. Sifarişçiyəmsə, torpağı bələdiyyədən, yaxud aidiyyatı qurumdan alıram. Sonra sifarişçi funksiyalarını yerinə yetirməliyəm. Məsələn, yeddimərtəbəli bina tikməliyəm. Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət edirəm, məlumatlarımı təqdim edirəm, soruşuram ki, aldığım ərazidə bina tikmək üçün neçə bala davamlı bina sifariş verməliyəm? Mərkəz də bunu təyin edir. Sonra buna uyğun layihə rəhbərinə, yaxud inşaat şirkətinə sifariş verirəm, zəlzələyə davamlılıqla bağlı Mərkəzin rəyini təqdim edirəm”.
O, Bakıda 20 mərtəbəli binaların tikilməsinin yanlış olduğunu deyənlərə isə belə cavab verib: “Nəzərə almaq lazımdır ki, dünyada ən çox zəlzələ baş verən ölkələrdən biri Yaponiyadır, amma Yaponiyada 20-30 mərtəbəli binalar da var. Yəni zəlzələyə qarşı davamlılıq layihədə nəzərdə tutulursa, ekspertizadan keçirsə, tikiləcək binanın ərazisinin seysmik qaydaları Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən müəyyən olunursa, onda niyə 20 mərtəbəli bina tikmək mümkün olmasın? Təəssüf ki, bəzi hallarda bu qaydaları bir az pozuruq, ya ümumiyyətlə nəzərə almırıq. Ona görə də düşünürəm, yəqin ki, Türkiyədə baş verən fəlakətdən sonra bizdə birinci növbədə nəzarət güclənməlidir. Bakıda qəzalı evlər var. Məsələn, Moskvada Sovet dönəmində tikilən beşmərtəbəli panel evləri sökməyə başladılar. Birdən-birə sökülməsi ağlabatan deyil, amma yavaş-yavaş bizdə də qəzalı binaları söküb, yerində normal, zəlzələyə davamlı binalar tikmək lazımdır...”
“Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.
Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 67 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
Teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır.
Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.
Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.
Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.
2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.
Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.