![]() |
|
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.
APA xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir.
Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.
Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
O, Bakıya gətirilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.
Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.
İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq.
Bakıda və Abşeron yarımadasında fevralın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər.
"Qafqazinfo” xəbər verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib.
Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Məsələ ilə əlaqədar bir neçə market şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətlər onlara belə məktub göndərildiyini və hazırda pərakəndə satış sektorunun bununla bağlı hazırlıqlara başladığını bildirdilər. Məlum oldu ki, şirkətlərə fevralın 15-dək vaxt verilib və tapşırılıb ki, bununla bağlı hazırlıq görülsün. Polietilen torbaların satış qiymətlərinə gəlincə, bununla bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir: "Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir.
"Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qeyd olunan məhsulların ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçılara satılması və ya verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”.
Dövlət Xidmətindən həmçinin bildirilib ki, Vergi Məcəlləsinə əsasən, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN, çekin vurulmasının tarixi və saatı, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti, yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği), ödənişin forması, üsulu və digər məlumatlar göstərilməlidir. Qeyd olunan tələblərin pozulmasına görə Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyası nəzərdə tutulur.
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının sərəncamına əsasən Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub. Yolun uzunluğu 31 km təşkil edir.
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər geridə qalıb.
Tikinti layihəsinə uyğun yolboyu torpaq işləri, yol yatağı və yol əsasının, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin inşası aparılıb. Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb.
“İnşaat Norma və Qaydaları”na əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb.
YOLUNUZ AÇIQ OLSUN...
Bakının Xətai Rayonu ərazisində 1905-ci ildə inşa edilmiş 2 mərtəbəli binanın söküntüsünə başlanılacaq.
Xətai Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə daxil olan məlumata görə, söhbət 8 Noyabr prospekti 80 ünvanındakı yataqxanadan gedir.
Belə ki, 17 ailənin yaşadığı binada sakinlərə söküləcək evləri müqabilində 1500 AZN kompensasiya təklif olunub. Yataqxananın söküntüsü başa çatdıqdan sonra yerində heç bir bina inşa edilməyəcək. Binanın yerləşdiyi ərazi Ağ Şəhər layihəsinin iqtisadi zonasıdır.
Qeyd edək ki, söküntü işləri aparılacaq bina kəskin qəzalı vəziyyətdədir. Ötən il binanın bir neçə mənzilində tavanlar söküldüyü üçün onlar başqa yerə köçürülmüşdü.
Cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirlib ki, çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.
Mart ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı müəyyənləşib.
Martın 8-i Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir.
Beləliklə, martda həftəsonları da daxil olmaqla 14 gün iş olmayacaq.
Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.
Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb.
Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.
Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.
Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.
"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlayır.
Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.
Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.
2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.
Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Xatırladaq ki, hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.
Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi.
Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.
Əziz gənclər, bayramınız mübarək!