Bu gün Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da bayrağımızı əlindən düşürməyib.

Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:
1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.

Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər.

Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.

25 iyun 2024-cü ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.
Allah rəhmət eləsin!

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərindəki küçələrdən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

Polad Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb

Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il üçün təsdiqlədiyi yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunda öz əksini tapıb.

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat təşkil edib.

Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib

Bu gündən Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.

bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azad edilib.

Rusiyaya gedən vətəndaşların NƏZƏRİNƏ: Yeni miqrasiya qaydaları qüvvəyə mindi

Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib.

oxu.az xəbər verir ki, bu gündən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Bundan əlavə Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.

Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə mindi

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qüvvəyə minib.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında" qərarda əskini tapıb.

Belə ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə karantin rejiminin müddəti aprelin 1-i saat 06:00-dək uzadılıb.

Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb

Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

Bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artıb

Bu gündən Azərbaycanda minimum aylıq əməkhaqqı artıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamında əksini tapıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bundan əvvəl ölkədə minimum əməkhaqqı 345 manat olub.

Azərbaycanda yeddi günlük bayram tətili başlayıb

Azərbaycanda yeddi günlük bayram tətili başlayıb.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - dekabrın 31-i, Yeni il bayramı - 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.

ADY gücləndirilmiş iş rejiminə keçir

30 dekabr – 5 yanvar tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Yol-xeber.az” xəbər verir ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.

ADY bayram günlərində qatarla səfərlərə tələbatın artacağını nəzərə alaraq, sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə həmin günlərə əlavə reyslər təyin edilib.

30 dekabr – 5 yanvar tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar hər gün Bakıdan Ağstafa istiqamətinə saat 08:00, 09:15 və 18:00-da, Ağstafadan Bakı istiqamətinə isə hər gün saat 08:20, 16:40 və 17:00-da yola düşəcək.

Həmçinin tətil günlərini Qəbələdə keçirmək istəyənlər üçün 1 yanvar tarixi istisna olmaqla hər gün Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reysləri təşkil ediləcək. Belə ki, 30 dekabr və 3 yanvarda hər iki istiqamətdə, 31 dekabr və 4 yanvarda Bakıdan Qəbələyə, 2 və 5 yanvarda isə Qəbələdən Bakıya əlavə reyslər təyin edilib.

ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verəcək. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.

Hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 əlaqə mərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.

Xəbər lenti