Bloomberg: Çinli hakerlər Britaniyaya qarşı kiberhücumlar həyata keçirib

Çin dövləti ilə əlaqəsi olan hakerlər kiberhücumlar nəticəsində İngiltərədəki kritik infrastruktura şəbəkəyə giriş əldə edə biliblər.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Böyük Britaniyanın müdafiə təşkilatlarına, enerji şirkətlərinə, dövlət qurumlarına, Milli Səhiyyə Xidmətinə və texnologiya firmalarına kiberhücumlar həyata keçirilib. Bu cür hücumların sistematik xarakter daşıdığı qeyd edilib.

Agentliyin məlumatına görə, Britaniyanın iyul ayında keçirilən parlament seçkilərinin nəticələrinə görə formalaşmış Leyboristlər hökuməti kompüter sistemlərinin sındırılması faktlarının ictimaiyyətə açıqlanıb-açılmamasını müzakirə edir.

May ayında “Sky News” xəbər vermişdi ki, çinli hakerlər Böyük Britaniyanın Müdafiə Nazirliyinə qarşı hücum həyata keçiriblər. Kiberhücumlar nəticəsində təxminən 270 min britaniyalı hərbçinin şəxsi məlumatları oğurlanıb.

Öz növbəsində Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib ki, Pekin Böyük Britaniyanın haker hücumları ilə bağlı əsassız ittihamlarını rədd edir və yalan məlumatların yayılmasına son qoymağa çağırır.(Report)

Aİ-dən Rusiya qazı ilə bağlı hazırlıq

Aİ ölkələri Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmağa hazırlaşır.

Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

Onun sözlərinə görə, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır.

Simson qeyd edib ki, Aİ-ni bu fonda qaz qıtlığını gözləmir.

“Biz bu müqavilənin müddətinin bitməsindən xəbərdarıq və buna tam hazırıq. Avropa İttifaqında qaz ehtiyatları 95% səviyyəsindədir, bu, mavi yanacaq qıtlığının qarşısını alacaq, həmçinin qiymətləri sabit səviyyədə saxlayacaq”, - Aİ rəsmisi əlavə edib.

“Büdcədəki pulları “sərxoş dənizçilər” kimi xərcləyirlər”

“ABŞ Prezidenti Co Baydenin administrasiyası büdcədən pulları “sərxoş dənizçilər” kimi xərcləyir”.

Bunu prezidentliyə Respublikaçılar Partiyasından namizəd Donald Tramp “Bloomberg”ə müsahibəsində deyib.

Tramp prezidentliyi dövründə inflyasiyanın olmadığını, Baydenin ölkənin əlverişli iqtisadi şəraitindən yararlandığını bildirib.

Nümunə kimi o, iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təşəbbüslərin maliyyələşdirilməsini göstərib.(Qafqazinfo)

İran-İsrail qarşıdurması neft bazarını ÇÖKDÜRDÜ - "Ciddi profisitlə üzləşəcək"

Çərşənbə axşamı İsrailin İran hədəflərinə hücumu ilə bağlı qorxuların səngiməsi və Çindən tələbin zəifləməsi ilə neft qiymətləri kəskin ucuzlaşıb.

Bu barədə “Financial Times” Beynəlxalq Enerji Agentliyinin ( BEA ) proqnozuna istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, "Brent" markalı neftin qiyməti erkən ticarətdə 5,3% ucuzlaşaraq bir barel üçün 73,34 dollar olub, sonra isə qismən bərpa olunaraq əvvəlki səviyyədən 4,9% aşağı düşüb. Amerikanın WTI markalı nefti 5,6% ucuzlaşıb.

“Çin neftinə tələbat gözləntilərdən aşağı düşməyə davam edir və ümumi artımı saxlayan əsas amildir”, - BEA ekspertləri bildirib.

Agentlik bu il neft tələbinin artımı ilə bağlı proqnozuna düzəlişlər edərək, onu gündəlik 40 min barel azaldaraq, gündəlik 860 min barrelə çatdırıb. 2025-ci il üçün artımın gündə təxminən 1 milyon barel olacağı proqnozlaşdırılır.

IEA, həmçinin OPEK üzvləri arasında mümkün tədarük pozuntularını azaltmaq üçün 1,2 milyard bareldən çox ehtiyatın və kifayət qədər ehtiyat tutumun olduğunu qeyd edib.

"Hazırda tədarüklər davam edir və ciddi pozuntular olmadığı halda, yeni ildə bazar əhəmiyyətli profisitlə üzləşəcək", - agentlik vurğulayır.(Publika.az)

Numbeo: Bakıda yaşayış İrəvandan ucuzdur - RƏQƏMLƏR

Dünyanın ən böyük həyat keyfiyyəti məlumat bazası olan "Numbeo" Bakı və İrəvanda yaşayış dəyərini müyyənləşdirib və ortaya çox maraqlı bir nəticə çıxıb.

"Numbeo"nun ekspertlərinin araşdırmalarının nəticələrinə görə, Bakıda yaşayış və kirayə haqqının İrəvandan 34,4% aşağı olduğu bəlli olub.

"Numbeo"nun Bakı və İrəvan arasındakı müqayisəni təqdim edirik:

Bakıda yaşayış dəyəri İrəvandan 28,7% aşağıdır.
Bakıda kirayə qiymətləri İrəvandakından 50,1% aşağıdır.
Bakı restoranlarında qiymətlər İrəvandakından 26,0% aşağıdır.
Bakıda ərzaq qiymətləri İrəvanla müqayisədə 20,0% aşağıdır
Bakıda alıcılıq qabiliyyəti İrəvanla müqayisədə 36,7% yüksəkdir

İrəvanda 3875 dollarla (təxminən 1500 000 dram) əldə edilə bilən həyat səviyyəsini saxlamaq üçün Bakıda təxminən 2543 dollar (təxminən 4324 manat) lazım olardı (mənzillərin hər iki şəhərdə kirayə veriləcəyini nəzərə alsaq).

Almaniya artıq Ukraynanın müharibədə qələbəsinə inanmır - KİV

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın bu müharibədə qalib gəlməli olduğunu davamlı olaraq bəyan etsə də, nazirlik daxilində Ukraynanın qələbəsinə inam qalmayıb.

"Bild" xəbər verir ki, nazirliyin vəziyyətlə bağlı son hesabatında isə "Ukraynanın öz ərazisini azad etməsi artıq mümkün deyil” fikri yer alıb.

Alman hərbçiləri Ukrayna ordusu sıralarında “böyük tükənmə” olduğunu və rus ordusunun qərbə doğru irəliləyişini ləngitmək ümidi ilə yaşayırlar.

Almaniya Müdafiə Nazirliyinin hazırladığı sənəddə deyilir ki, Rusiya ağır itkilərə baxmayaraq sistemli şəkildə irəliləyir və bu hücumu necə dayandıracağını bilmir. Almaniya MN bundan çox ciddi narahatlıq keçirir.

Tokayevdən İrəvan və Bakıya sülh platforması təklifi

Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təklif etməyə hazırdır.

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Astanada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçatryanla görüşün yekunlarına dair mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Casusluq şübhəsiylə dindirildiyi deyilən SEPAH generalı Kaani ilk dəfə ictimaiyyət arasında göründü

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı, general İsmayıl Kaani İsrail üçün casusluq etdiyinə görə dindirildiyi barədə iddialardan sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, "Tasnim News" bununla bağlı görüntülər paylaşıb.

Bildirilib ki, general dünən Tehran hava limanında SEPAH generalı Abbas Nilfuruşanın cənazəsinin qarşılanması mərasiminə qatılıb.

"Bir sıra media qurumlarının saxta xəbərlərinə baxmayaraq, SEPAH generalı bir çox ölkə rəsmiləri ilə birlikdə cənazənin qarşılanması mərasimində iştirak edib", - deyə mənbədən bildirilib.

Xatırladaq ki, İsrailin sentyabrın 27-də Beyruta zərbə endirməsindən sonra SEPAH komandirinin öldüyü, infarkt keçirməsi və casusluqda ittiham edilərək dindirilməsi ilə bağlı xəbərlər paylaşılıb.

Şimali Koreya Cənubi Koreyaya gedən yolları partlatdı

Şimali Koreya 2000-ci illərdə iki ölkənin yaxınlaşmasının simvolu olan Cənubi Koreyaya gedən yolun iki hissəsini partladıb.

"Yonhap" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir.

Partladılan ərazilər Şimali Koreyanın Gyonison və Donghae xətləri boyunca yerləşir.

Birincisi, qərbdə yerləşir və Şimali Koreyanın Kesonq şəhərini Cənubi Koreyanın Paju şəhəri ilə birləşdirir. İkinci xətt şərqdən keçir.

Cənubi Koreya tərəfi hesab edir ki, yolun partladılması, Koreyalararası quru yolun tamamilə məhv edilməsi və müdafiə istehkamlarının tikintisi çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonundan etibarən Şimali Koreya iki ölkə arasında quru yollarını kəsmək üçün bu ərazilərdə minalar qoyur, küçə fənərlərini, dəmiryol relslərini və bitişik binaları sökür.

Yolda baş verən partlayışlar ərəfəsində Şimali Koreya lideri Kim Çen In milli təhlükəsizlik rəsmiləri ilə görüş keçirərək Seulu PUA-lar buraxmaqda ittiham edib və bunu hərbi təxribat adlandırıb. Şimali Koreya lideri eyni zamanda suverenliyi müdafiə məqsədilə hərbi çəkindirici faktor kimi təcili hərbi əməliyyatlara başlamağı tələb edib.

Çin bu ölkəni mühasirəyə aldı - VİDEO

Çin suverenlik mübahisəsi olan Tayvanı mühasirəyə alan genişmiqyaslı hərbi təlim keçirməklə Tayvana və ada dövləti dəstəkləyənlərə ciddi çəkindirici xəbərdarlıq mesajı vermiş olub.

 Çin Xalq Azadlıq Ordusu Şərq Cəbhəsi Komandanlığının sözçüsü Li Xi quru, hava, dəniz və raket qüvvələrinin iştirakı ilə Tayvan adasını mühasirəyə alan "Birgə Qılınc-2024B" hərbi təlimini başa çatdırdığını  açıqlayıb.

Komandanlığa bağlı bütün birliklərin hər zaman tətikdə olduğunu bildirən Li bildirib ki, Tayvanın müstəqillik cəhdlərin qarşısını almaq üçün gərgin təlimlər bundan sonra da davam edəcək.

"Qoşunların real döyüş qabiliyyətini yoxlamaq məqsədi daşıyan təlim Tayvanın müstəqilliyini müdafiə edənlərə də "ciddi çəkindirmə" mesajı idi", - o qeyd edib.

Tayvanı şimaldan, cənubdan və şərqdən əhatə edən və kritik limanları bağlayaraq adanı faktiki olaraq blokadaya alan təlim gecə saatlarında başlayıb.

Çinin Liaoning təyyarə gəmisinin də qatıldığı təlimdə döyüş təyyarələri və gəmilər adada müxtəlif istiqamətlərdən birgə hücum təlimləri keçirib

Tayvan Müdafiə Nazirliyi açıqlamasında bildirilib ki, təlim zamanı adanın ətrafında Çin ordusuna aid 125 döyüş təyyarəsi, 17 döyüş gəmisi və 17 sahil mühafizə gəmisi görünüb.

Qeyd edək ki, ABŞ Çinin bu təlimindən ciddi narahatlıq keçirdiyini və bunun gərginliyin artması riski olduğunu bildirib.

AB, Dövlət Departamentinin sözçüsü Miller Çinə təmkinli olmağı və Tayvan boğazında və daha geniş bölgədə sülh və sabitliyi pozacaq hərəkətlərdən çəkinməyi tövsiyə edib.

 

Xəbər lenti