Makron Ukraynada Avropanın sülh planını açıqlayıb

Ukraynada ABŞ və Rusiya arasında razılaşdırıla biləcək atəşkəsin effektivliyinə inanmaq mümkün deyil.

Belə bir bəyanatla Fransa prezidenti Emmanuel Makron çıxış edib.

Bununla belə Makron bildirib ki, Fransa və Böyük Britaniya münaqişənin həlli üçün alternativ plan hazırlayıb.
Fransa-Britaniya planı iki mərhələdən ibarətdir:

1. Havada və dənizdə atəşkəs, həmçinin enerji obyektlərinə hücumlara moratoriumun tətbiqi. Birinci mərhələ bir ay davam etməlidir;
2. Ukrayna ərazisinə sülhməramlıların göndərilməsi.

Fransa prezidenti hesab edir ki, bir neçə gün ərzində Ukrayna münaqişəsinin həlli “ölü nöqtədən” çıxa bilər. “Məsələ ondan ibarətdir ki, biz bu vaxtdan məqbul atəşkəsə nail olmaq üçün necə istifadə edəcəyik, danışıqlar bir neçə həftə çəkəcək və sülh imzalanandan sonra qoşunların yeridilməsi...”, - Makron bildirib. O bildirib ki, atəşkəs rejiminə əməl edilib-edilmədiyini yoxlamaq çox çətin olacaq.

Makron eyni zamanda ABŞ-la Ukrayna arasında dialoqun bərpasının vacib olduğunu bəyan edib.

Zelenskiyə əsəbiləşən Tramp ilk prezident deyilmiş

Sən demə, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıq zamanı “səbir kasası” daşan yeganə ABŞ prezidenti Donald Tramp deyilmiş. Belə bir situasiya Co Bayden dövründə də telefon danışığı zamanı yaşanıb.

“NBC News” xəbər verir ki, hadisə 2022-ci ilin iyun ayında Co Baydenlə Volodimir Zelenski arasındakı telefon danışığı qalmaqalla başa çatıb.

Belə ki, Zelenski Baydendən ona lazım olan və ala bilmədiyi bütün əlavə yardımları sadalamağa başlayan zaman mübahisə baş verib.

Nəticədə səbrinə hakim kəsilə bilməyərək özündən çıxan Bayden ABŞ-nin Ukraynaya verdiyi dəstəyə görə Zelenskini bir az minnətdarlıq etməyə çağırıb.

Zelenski: İstefa verməyə hazıram, amma...

Ukraynanın NATO-ya qəbul olunacağı və müharibənin bitəcəyi təqdirdə istefa verməyə hazıram.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, yalnız bu halda öz missiyasını başa çatmış hesab edəcək.

Zelenski əlavə edib ki, əks halda dövlət başçısının dəyişdirilməsi mürəkkəb proses olacaq.

“Vəzifəmi tərk etməyə gəlincə, məni əvəzləmək asan olmayacaq. Yəni seçki keçirməklə kifayətlənmək olmaz, gərək məni kənarda saxlaya biləsən. Bu, bir az mürəkkəb prosesdir. Bunun üçün mənimlə danışıq aparmaq lazımdır. Mən isə dedim ki, əgər Ukrayna NATO-ya üzv olarsa, müharibə bitərsə... Deməli, mən öz missiyamı başa çatmış hesab edirəm”, - Zelenski qeyd edib.

O, Ukraynanın qərarına təsir göstərməyə cəhd edə biləcək beynəlxalq tərəfdaşların təzyiqindən də danışıb.

Prezident bu cür yanaşmaları tənqid edib, onların demokratik prinsiplərə zidd olduğunu bildirib.

“Bu, açığı, qeyri-konstruktiv və qeyri-demokratik görünür", - Zelenski vurğulayıb.

Cavad Zərif yenə istefa verdi

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra istefa verib.

“fars” agentliyi xəbər verir ki, Zərif istefa ərizəsini İran parlamentinin iclasından sonra Hemmatinin impiçmentinin elan edilməsinin ardınca təqdim edib və bu onun istefasına səbəb olub.

İran prezidenti Məsud Pezeşkianın da Zərifin bəyanatını hələ də qəbul etmədiyi bildirilir.

Zərif ikinci dəfədir ki, İranın vitse-prezidenti vəzifəsindən istefa verir. O, ilk dəfə ötən ilin avqustunda işindən narazı olduğunu bildirərək ərizə verib, lakin İranın ali rəhbəri Əli Xameneinin zəngindən sonra öz vəzifəsinə qayıtmışdı.

Hakan Fidan: "Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaranıb"

“Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.

Nazir bildirib: “Avropa liderləri həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Belə görüşlər gələcəkdə də davam edəcək”.

Türkiyəli diplomat qeyd edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb:

“Bu məsələ açıq şəkildə müzakirə olunur. Müzakirələri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq”.

Trüdo yeni anti-Rusiya sanksiyalarını AÇIQLADI

Kanadanın Baş naziri Castin Trüdo Rusiya Federasiyasından 10 fiziki şəxs və 21 şirkətə qarşı Rusiya əleyhinə sanksiyaların tətbiq edildiyini açıqlayıb.

press-reliz onun rəsmi saytında dərc olunub.

Sənədin mətnində qeyd olunur ki, Kanadanın baş naziri bu tədbirləri Londonda Ukraynaya təhlükəsizlik və dəstək üzrə Avropa sammiti zamanı bəyan edib. Yeni sanksiyalar hərbiləşdirilmiş təşkilatlar və onların rəhbərlərinə də şamil edilir.

Qeyd olunub ki, onlara qarşı sanksiyalar Rusiyanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün üçüncü tərəf şirkətləri ilə əməkdaşlığının qarşısını almaq məqsədi daşıyır.

Ümumilikdə, Kanadanın Rusiya əleyhinə tədbirləri Rusiya Federasiyası ilə əlaqəli 3000-dən çox şəxsə və təşkilata təsir edib. Ölkə öz tərəfdaşları ilə birlikdə Moskvaya iqtisadi təzyiqləri artırmaq niyyətindədir.(Publika.az)

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

Noyabrın 9-da, ABŞ seçkilərindən bir neçə gün sonra demişdim: Ən keçərli planlardan biri ikili şantajdır. Bu, Amerikanın keçən əsrin ortalarında bir çox ölkələrdə və münaqişələrdə tətbiq etdiyi yoldur: yəni hər iki tərəfə çox sərt şərtlər irəli sürərək anlaşmaya məcbur etmək. Məsələn, Donald Tramp Rusiyaya deyə bilər ki, Amerikanın şərtləri çərçivəsində anlaşmasa, Ukraynaya bütün müasir silahları verəcək. Eyni zamanda Ukraynaya bildirər ki, bizim şərtlərlə razılaşmasanız hərbi yardımları dayandırarıq. İndiki dövrdə münaqişənin dondurulması daha real görünür və məsələnin kökündən həlli mümkün deyil. Sadəcə olaraq qarşılıqlı güzəştlər çərçivəsində savaş dondurula bilər.

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli 28 fevralda Ağ Evdə Ukrayna və ABŞ liderləri Zelenski və Tramp arasında baş verən qalmaqal haqda qeyd edib.

O bildirib ki, ABŞ-da, Ağ Evdə baş verən Tramp-Zelenski “söz davasının” nəticələri haqqında soyuq başla düşünmək çətindir, amma başqa yol da yoxdur:

“Çünki baş verənlər dünyanın gələcəyinə, o cümlədən bizim bölgənin taleyinə təsirsiz ötüşməyəcək. Problem odur ki, Ukrayna müharibə aparmaq istəyirsə, ABŞ-a möhtacdır, yox, bu məsələnin sülh yolu, danışıqlarla həllinə çalışacaqsa, yenə ABŞ vazkeçilməzdir.

Ağ Evdə baş verənlərin ən böyük üzücü nəticəsi odur ki, bu hadisə Putinin işinə yaradı. Kreml daha təcrübəli çıxdı, Trampa “yox” demədi, danışıqlara getdi, Zelenski isə emosiyalarının deyil, Avropalı dostlarının qurbanı oldu.

Bu günün Avropası Trampın və komandasının ideoloji düşmənidir, 4 illik dözə bilərlər, amma respublikaçılar uzun müddət hakimiyyətdə qalsa, növbəti seçkilərdə hakimiyyət Münhendə Avropa elitasının üzünə tüpürən Ceyms Vens keçsə, bu, artıq Avropanin indiki elitası üçün dəhşət olacaq. Çünki uzun illər apardıqları axmaq siyasətin köləsinə çevriliblər, Avropada da sürətlə sağ, konservativ siyasi cərəyanlar güclənir”.

N.Cəfərli qeyd edib ki, Münhendə ABŞ-ın Avropaya qarşı tutumu, sonradan Avropanın masadan kənarda qalması “elitanı” qəzəbləndirdi, onlar da Ukrayna əsgərinin canı-qanı hesabına masada yer almağa çalışırlar, bunun üçün Zelenskidən istifadə edirlər:

“Üzücü mənzərədir. İndi Putin, “Mən danışmağa, anlaşmağa, hətta güzətlərə razıyam”, deyir, Trampa, “Görürsən, problem Ukraynada, Avropadadır”, söyləyir. Deməli, “ikili şantaj” metodunun Ukrayna ayağı işə düşür – Moskvanın istədiyi də bu idi. Əgər Zelenski ABŞ-la anlaşsaydı, Avropanın gedərayaq öz maraqlarını düşünən kif basmış “elitasını” dinləməsəydi, bu metodun Rusiya “ayağı” işə düşəcəkdi. Amma hələ də gec deyil, hələ də vəziyyəti düzəltmək olar.

Anlamaq lazımdır ki, müharibənin ən böyük qalibi indidən ABŞ-dır, Ukrayna da, Rusiya da uduzub, sadəcə, bu məğlubiyyəti normal rəsmiləşdirmək lazımdır.

Avropa “siyasi impotentdir”, birləşə, birgə siyasət yürüdə bilmir, Putinin güclənməsinə, harınlamasına səbəb olan da onlardır.

Avropa nə vaxt birləşibsə, Rusiyanın üzərinə gedib, amma məğlub olub. İmperator Napolion Avropanı birləşdirdi, Rusiyaya doğru yürüdü, Moskvanı da aldı və yandırdı, amma sonra məğlub oldu. Ruslar Parisə qədər gəldilər, Avropada gücləndilər. Sonra Hitler eyni şeyi etdi, yenə məğlub oldu, Rus İmperiyasının adı dəyişən, məğzi dəyişməyən SSRİ adlı yeni formatı yenə gücləndi, Avropanın yarısına sahib oldu. Səbəbi çox sadədir – zalım uşaqları ölməyə-öldürməyə hazırdırlar, toplum olaraq o kafanın sahibidirlər.

Amma hər dəfə Avropa nə vaxt Rusiyanın üzərinə gedibsə, bundan yenə ABŞ qazanıb. İndi ABŞ əlini çəksə, Avropa Rusiya ilə vuruşmağa, ölməyə hazırdırmı?! Məncə yox, dərdləri heç Ukrayna da deyil, yeni qurulan “geo-iqtidsadi” təməllər üzərinə inşa edilən dünya düzənində yer almaqdır. Ağılları olsaydı, Türkiyəni 30 il AB qapısında saxlamazdılar, bu gün Türkiyə AB üzvü olsaydı, öz arxasınca Avropanı apara bilərdi – çünki Avropa coğrafiyasında dövlət maraqlarına görə ölməyi, vuruşmağı, qalib gəlməyi gözə alan bircə ölkə var ki, o da Türkiyədir.

Xülasə, Rusiyanı qucaqlayıb boğmaq, iqtisadi olaraq çökdürməkdən başqa yol yoxdur. ABŞ bu gün məhz belə yanaşmanı ortaya qoyur, Reyqanın etdiyini edir, amma hələ də köhnə dünyanın gündəliyi ilə yaşayan “sol-psevdo-liberal” Avropa elitası bunu anlaya, bununla barışa bilmir.

Bu gün Lodonda Ukrayna üçün toplandığı görünən Avropa, əslində, özü üçün, öz problemlərini həll etmək üçün toplanıb. Ciddi qərarlar çıxacağını, birləşib Rusiyanın üzərinə yürüyəcəklərini düşünmürəm, amma möcüzə baş versə, elə qərar çıxsa belə, yenə udan ABŞ olacaq – kənarda gözləyib həm Rusiya, həm də Avropa ilə alverini edəcək (1933-1943-cü illər arası olduğu kimi), sonra qan və güc itirən Avropa və Rusiyaya öz maraqlarını diktə edib, “ağ köynəkli” lider, “ağsaqqal” olub, yenə ən karlı çıxan ölkə olacaq.

Anlayın ki, ABŞ siyasəti fərdlər deyil, Tramp deyil, funksiyadır, illərlə hazırlanan planları həyata keçirən funksiya”.

Kremldən ilk açıqlamalar: Zelenski diz çökməli olacaq

"Bu faydalıdır, amma kifayət deyil. Hərbi dəstək dayandırılmalıdır. Tramp ilk dəfə kokain təlxəyinə həqiqəti söylədi ki, üçüncü dünya müharibəsi ilə oynayır".

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Tramp-Zelenski görüşünün yekunun şərh edərkən deyib.

Görüşlə bağlı fikrini bölüşən Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev isə deyib: "Zelenski bu raundda uduzdu. Zelenski növbəti turda diz çökməli olacaq".

PKK atəşkəs elan edib

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Haber Globala xəbər verir ki, təşkilat həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildirib.

Qeyd edək ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb.

Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Müraciətdə Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib. /Report

Zelenskidən ilk açıqlama: Trampdan üzr istəməyəcəyəm

"Mən prezidentə hörmət edirəm və Amerika xalqına hörmət edirəm. Düşünmürəm ki, biz səhv bir şey etməmişik".

Bunu Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla mübahisədən sonra “Fox News”a müsahibəsində Trampdan üzr istəməyi planlaşdırıb-istəmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

Tramp və Venslə mübahisəyə görə peşman olub-olmaması ilə bağlı suala gəldikdə Zelenski etiraf edib ki, heç də çox yaxşı olmadı.
Amma o eyni zamanda vurğulayıb ki, onun Trampla münasibəti iki prezident arasındakı münasibətdən yüksək olmalıdır, çünki bu, xalqlarımız arasındakı münasibətlər məsələsidir.
İndi Ağ Evə qayıtmağa hazır olub-olmadığına gəldikdə Zelenski “Xeyr” cavabını verib.

"Mən Trampa və ABŞ xalqına köməyə görə minnətdaram. Siz bizə sağ qalmağımıza kömək etdiniz. ABŞ-ın dəstəyi olmadan bizim üçün çətin olacaq. Ona görə də buradayam", - Zelenski deyib.

Ukrayna prezidenti Ağ Evdəki mübahisəyə görə özünü təqsirli hesab etmədiyini də bildirib.
Zelenski müzakirələrin çox həssas bir məsələ olduğunu və amerikalı həmkarları ilə danışarkən sadəcə dürüst olmaq istədiyini qeyd edib.

Xəbər lenti