![]() |
|
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı kollektiv Qərbi vahid hərbi-siyasi və ideoloji məkanda birləşdirən əsas faktorların sırasına daxil idi. Belə ki, son vaxtlara qədər kollektiv Qərb Ukrayna ordusuna verilən maliyyə və hərbi dəstəyin Avropanın təhlükəsizliyi üçün vazkeçilməz fəaliyyət olduğunu iddia edirdi. Qərbdə tamamilə əmin idilər ki, Ukrayna savaşı sayəsində Rusiyanın zəiflədilməsi dünyanı daha təhlükəsiz edəcək. Və bu səbəbdən də, Ukraynanın Rusiya üzərində tədricən qalib gəlməsini təmin etmək üçün məhdud çərçivədə də olsa, ardıcıl addımlar atılırdı.
Ancaq indi situasiya böyük sürətlə dəyişməyə başlayıb. Belə ki, Tramp administrasiyasının ABŞ-da hakimiyyətə gəlişi kollektiv Qərbin siyasi-ideoloji təbliğat mexanizmlərinin dağılmasına yol açıb. ABŞ prezidenti Donald Trampın Ukrayna savaşını məhz Kreml sahibi Vladimir Putinlə anlaşaraq, dayandırmağa çalışması kollektiv Qərb daxilində strateji tarazlığı ciddi şəkildə pozub. Və indi Ukrayna savaşı kollektiv Qərb üçün birləşdirici faktor sayılmır.
Onu da qeyd etmək lazımdır ki, məhz Tramp administrasiyası öz davranışları ilə Ukrayna savaşının dayandırılması prosesini hazırda parçalayıcı faktora çevirib. Hər halda, Tramp administrasiyası ABŞ-ın kollektiv Qərbdən qoparılmasına nail olub. Ağ Ev rəsmi Kiyevin iştirakı olmadan, Ukraynanın gələcək taleyini Rusiya ilə həll etməyə çalışır. Eyni zamanda, ABŞ Ukraynanın zəngin təbii sərvətlərini də təkbaşına ələ keçirtməyə yönəlik planları işə salıb. Bu səbəbdən də, Tramp administrasiyası həmin planların qarşısında əsas əngəllərdən biri hesab olunan Avropa Birliyini Rusiya ilə sövdələşmə prosesindən kənarda saxlayır.
Tramp administrasiyası hətta Avropa Birliyinin Rusiyaya qarşı çoxlu sayda maliyyə-iqtisadi sanksiyalar tətbiq etdiyini də nəzərə almağa həvəs göstərmir. Halbuki, bu sanksiyalar Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqla yanaşı, Avropa Birliyi ölkələri üçün də bumeranq effekti verir. Belə vəziyyətdə Ağ Evin Avropa Birliyini hesabdan silməsi kollektiv Qərbin parçalanmasını qaşılmaz edir. Və indi Ukrayna savaşının siyasi qarşıdurma ilə bağlı əsas ağırlıq mərkəzi məhz Qərb düşırgəsinin daxilinə keçmiş kimi görünür.
Maraqlıdır ki, Avropa Birliyi daxilində son baş verənlərlə bağlı ciddi çaşqınlıq yaşanmaqdadır. Belə ki, Avropa dövlətlərinin liderləri Tramp administrasiyasının Ukraynanı yalnız Rusiya ilə bölüşdürülməsinə necə reaksiya verəcəklərini tam müəyyən etməyə nail olmayıblar. Çünki Ağ Evin Avropa Birliyinə yönəlik iqtisadi-ticari təhdidləri “qoca qitə”nin siyasi məkanında ziddiyyətlərə yol açmaqdadır. Və bəzi Avropa ölkələri ABŞ-a müqavimət göstərməklə, Ağ Evin qəzəbini öz üzərinə çəkməyə cəsarət etmir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə bu məsələdə Avropa Birliyinə olduqca geniş manevr məkanı açmağa nail olub. Belə ki, rəsmi Ankara savaşın digər iştirakçısı Ukraynanın prezidenti Volodimir Zelenski ilə danışıqlara başlamaqla, Tramp-Putin sövdələşməsinə kifayət qədər ciddi təhdid yaratmış oldu. Həm ABŞ-a, həm də Rusiyaya birbaşa mesaj verildi ki, “Ukraynanın gələcək taleyini bu iki dövlət həll edə bilməz”. Və Türkiyənin bu qətiyyətli mövqeyinin Avropa Birliyi dövlətlərinin də nisbətən cəsarətlənməsinə səbəb olmuş kimi görünür.
Məsələ ondadır ki, hazırda Avropa Birliyi və NATO daxilində ABŞ-ın mövqeyinə qarşı müqavimət hərəkatı baş qaldırmağa başlayıb. Belə ki, bəzi Qərb ölkələri Tramp administrasiyasının təhlükəli planlarını bloklamaq üçün təşkilatlanmağa çalışırlar. Üstəlik, son vaxtlara qədər Ukrayna ilə bağlı yolverilməz hesab olunan bəzi siyasi-ideoloji qərarların qəbulu indi mümkün görünür. Və “qoca qitə” ölkələri öz gələcək təhlükəsizlikləri naminə radikal addımlara hazırlaşmaqda olduqlarını biruzə verirlər.
Tramp-Putin sövdələşməsinə görə, Ukrayna heç vaxt NATO-ya üzv olmamalıdır. Eyni zamanda, Kreml Ukrayna ərazisində hər hansı ad altında NATO və ya konkret xarici ölkə hərbi kontingentinin yerləşdirilməsinə də qarşı çıxır. Tramp administrasiyasının Kremlə bu tələblərlə bağlı tam təminat verdiyi də iddia olunur. Ancaq Avropa Birliyi Tramp administrasiyasına Ukraynada Qərb ölkələrinin sülhməramlı hərbi kontingentinin yerləşdirilməsinin vacibliyi barədə mesaj göndərib. Və bu, Ağ Evdə ciddi qıcıq doğurub.
Digər tərəfdən, Tramp administrasiyasının ABŞ-ın NATO-dan çıxa biləcəyi barədə təhdidləri də effektini itirməyə başlayıb. Daha doğrusu, Ağ Evin bu təhdidləri ABŞ üçün əks effekt vermək üzrədir. Çünki bəzi Avropa ölkələrinin liderləri ABŞ NATO-dan çıxarsa, onu Ukrayna ilə əvəzləməyi təklif edirlər. Onların fikrincə, məhz bu addım həm Avropa Birliyinin, həm də Ukraynanın təhlükəsizliyi üçün önəmli rol oynaya bilər. Və bu, prezident Volodimir Zelenskinin Ukraynanın Türkiyə ilə yanaşı, Avropada iki ən güclü orduya malik ölkəsindən biri olması barədə açıqlamasına paralellik təşkil edir.
Ancaq Qərb ölkələrinin yeni planları yalnız bunlarla məhdudlaşmır. Belə ki, avropalı liderlər NATO üzvü olan Avropa dövlətlərinin Ukraynaya hərbi dəstəyinin artırılmasını da vacib hesab edirlər. Onların fikrincə, Avropa dövlətləri birləşməlidir və Ukrayna ilə birlikdə Rusiyanın çökdürülməsinə nail olmalıdır. Buna paralel olaraq da ABŞ-ın Rusiya ilə sövdələşməsi qeyri-legitim elan olunmalıdır, ardıncasa, Tramp administrasiyasının bütün danışıqlarda iştirakdan bloklanmalıdır. Və bununla da, yalnız ABŞ-ın maraqlarından çıxış edən Tramp administrasiyasının önəmi heçə endirilməlidir.
Göründüyü kimi, Avropa Birliyi ölkələri ABŞ-a qarşı siyasi qiyama qalxmağa başlayıblar. Türkiyənin verdiyi cəsarət sayəsində “qoca qitə” ölkələri nəhayət ki, Tramp administrasiyası ilə qarşıdurmaya qərar vermiş kimi görünür. Belə situasiya isə Tramp-Putin sövdələşməsini böyük risk altına atır. Həm Ağ Evdə, həm də Kremldə avropalı liderlərin gözlənilməz cəsarəti açıq-aşkar çaşqınlıq yaradıb. Və buna paralel olaraq, prezident Donald Trampın çox qəzəbli olduğu da bildirilir, yaxın vaxtlarda Avropa Birliyinə qarşı radikal addımların atıla biləcəyi də qətiyyən istisna olunmur.
“Xalqın gözü və qulağı Öcalanın ağzından çıxacaq sözlərə dikilib. Onun çağırışına əməl edəcəyik”.
Ölkə.Az xəbər verir ki, bunu terror təşkilatı PKK/PYD/YPG/SDG liderlərindən olan Salih Müslüm PKK lideri Abdullah Öcalanın edəcəyi gözlənilən çağırışı ilə bağlı mövqeyini açıqlayarkən deyib.
"Öcalan xalqın xeyrinə çağırış edəcək. Bu çağırışla Yaxın Şərqdə yeni bir proses başlayacaq", - o qeyd edib.
S.Müslüm əlavə edib ki, indiyədək nə etdiksə, cənab Öcalanın paradiqması çərçivəsində etdik: “Bundan sonra da etməyə davam edəcəyik. Xalqın gözü və qulağı Öcalanın ağzından çıxacaq sözlərə dikilib. Öcalanın nə deyəcəyini bilmirik, amma xalqın xeyrinə nəsə deyəcəyinə əminik. Kürd xalqı nə deyilsə, ona əməl edəcək".
ABŞ iki həftədən sonra Amerikada yaşamaq və işləmək hüququ verən, o cümlədən vətəndaşlıq əldə etməyə yol açan "qızıl kart"ların satışına başlayacaq.
Bunu prezident Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qızıl kartın dəyəri təxminən beş milyon dollar olacaq.
“Biz "qızıl kart" satacağıq. Sizin "yaşıl kart"ınız var. Bu qızıl kartdır. Biz o karta təxminən beş milyon dollarlıq qiymət qoyacağıq. Bu sizə "yaşıl kart"ın üstünlüklərini verəcək. Üstəlik bu, vətəndaşlığa aparan yol olacaq. Zəngin insanlar ölkəmizə gəlib o kartı alacaqlar", - Tramp qeyd edib.
Tramp milyonlarla kartın satılacağını gözləyir. "Hüquqi nöqteyi-nəzərdən bu, tamamilə qanunidir", - o vurğulayıb.
Rusiyalı oliqarxlara "qızıl kart"ları satmağa razı olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib: "Bəli, ola bilər. Mən çox gözəl insanlar olan bəzi rus oliqarxlarını tanıyıram".
ABŞ 2022-ci ildən bəri 140 milyondan çox toyuğun məhvinə səbəb olan quş qripi epidemiyası fonunda istehsal çatışmazlığı səbəbindən yumurta böhranının ortasındadır.
CNN-nin ingilisdilli bölməsi xəbər verir ki, vəziyyət 2024-cü ilin yanvarında yumurtanın qiymətinin rekord həddə çatmasına gətirib çıxarıb. Bu da 10 dollar üçün 4,95 dollara çatıb.
ABŞ-də bəzi mağazalar hətta yumurta satışına məhdudiyyətlər qoyub.
“Problemi həll etmək üçün Amerika şirkətləri bu il ABŞ-yə 420 milyon yumurta ixrac etməyi planlaşdıran Türkiyəyə müraciət edib ki, bu da tarixin ən yüksək həcmidir. 2024-cü ildə Türkiyədən ABŞ-yə idxalın həcmi keçən illə müqayisədə təxminən 6 dəfə artacaq”, - deyə mətbu orqan bildirib.
Ukrayna böhranı bütün əhəmiyyətinə görə, ümumavropa təhlükəsizliyinin daha geniş problemlərinin bir hissəsidir.
Bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Rusiyalı politoloq onu da qeyd edib ki, Ukraynada olduğu kimi, Qafqazda problemlər var. “Yeri gəlmişkən, Ermənistan-Azərbaycan məskunlaşması da Rusiya ilə Qərb arasında rəqabətin tərkib hissəsi oldu. Kim və necə zamin olacaq və hansı mənada? Azərbaycan ümumiyyətlə hesab edir ki, zaminlərə xüsusi ehtiyac yoxdur”, - o qeyd edib.
Markedonov isə hesab edir ki, Rusiya Avropanın təhlükəsizliyi ilə bağlı əsas qərarların hazırlanmasında iştirak etmək istəyir: “Çünki Moskva əsas oyunçudur və istəyir ki, onu eşitsinlər”.
Ukrayna müharibəsinin üçüncü ilində ABŞ və Rusiyanın anlaşmaq istəyi üç il öncə bu savaşın niyə başlandığına yenidən diqqət çəkir. Nələr dəyişdi, həqiqətənmi, hər şey qeyri-ənənəvi Trampın Ağ Evə gəlişi ilə bağlıdır, yoxsa müharibə məhz mövcud şərtlərin hazırlanması və geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi üçün lazım idi?!
Müharibənin Rusiyanın istədiyi kimi getmədiyi, Ukrayna xalqının dirənişinin nəinki Moskvada, Qərbin özündə də düzgün hesablanmadığı həqiqətdir. Lakin baş verənlərdə ənənəvi “Rusiya niyə hücuma keçdi” sualı yox, “Rusiya bütün üstünlüyünə rəğmən niyə hücuma keçdi” sualı açar nöqtələrin ən vaciblərindəndir fikrimcə.
Müharibədən öncə Rusiyanın ABŞ/NATO-ya təqdim etdiyi təhlükəsizlik təminatlarına dair sazişin qəbul edilməsi mümkünsüz idi. Vaşinqton bundan imtina etsə də, Paris və Berlin Moskvanın istədiyini verməyə hazır idilər, hətta Makron və Şolts Putinin ayağına qədər gəldi, çünki başlaya biləcək müharibənin əsas hədəflərindən birinin Avropa olduğunu bilirdilər.
- Ukraynanın NATO-ya girişinə icazə vermirlər;
- Donbasda separatçıları yüksək statusla təmin edirlər;
- Rusiyanın iştirakı ilə Avropanın yeni təhlükəsizlik arxitekturasını qururlar;
Bu, Rusiyanın tələblərinin qəbul edilməsi demək idi və Moskva razılaşsaydı:
- təhlükəsizlik təminatını tam olmasa belə, müəyyən mənada Avropadan alır,
- genişlənməsini təhlükə kimi gördüyü NATO-nu daxildən parçalayır,
- enerji resurslarını ixrac etdiyi Avropa bazarını itirmirdi.
Putinin ABŞ/NATO qarşısında əli zəif deyildi, lakin üstünlüyündən imtina edərək, Ukraynaya hücum etdi. Bu müharibədə Rusiyanın iki əsas hədəfi vardı:
Birincisi, SSRİ-nin dağılmasından sonra üzləşdiyi beynəlxalq şərtlərin bir gün xeyrinə dəyişəcəyi gözləntisi;
İkincisi, qlobal güc kimi qəbul olunması, təsir zonalarının tanınması;
2020-ci ildən etibarən dünyanın dəyişməyə başlayan siyasi səhnəsində baş verənlər Rusiyanın “qlobal güc” kimi qəbul edilməsk perspektivini sual altına saldı. Qərbdə Avropa güc mərkəzi olmaq yolunda irəliləyir, Şərqdə Çin yüksələn gücə çevrilirdi. Çinin dünyanın ikinci əsas qütbü olacağı qaçılmazdır. Pekinin genişlənməsi həm də Rusiya üçün coğrafi baxımdan da təhlükəli idi. “Soyuq müharibə”dən sonra yaranmış mövcud şərtlərin dəyişdiyi vaxt Rusiyanı Çin və Avropa arasında sıxılmış – Pekinin qurduğu nəqliyyat şəbəkəsindəki dəhlizlərdən biri kimi “regional güc” perspektivi gözləyirdi.
Və ən mühüm detal odur ki, Rusiyanı gözləyən təhlükə ABŞ üçün də risklər təşkil edirdi:
1. Avropa üzərində təsiri zəifləyir: NATO-ya qarşı alternativ təhlükəsizlik sisteminin qurulması önə çıxır;
2. Yüksələn Çin ABŞ-ın əsas güc olduğu təkqütblü geosiyasi şərtlərin dəyişməsi, iki və daha çox güc mərkəzinin olacağı reallığını yaradır;
ABŞ-a Avropanın güc mərkəzi olmasına imkan verməmək – qitə üzərində təsirini yenidən gücləndirmək, Çinin önünü kəsmək – əsas güc olduğu sistemi qorumaq, Rusiyaya “qlobal güc” kimi qəbul edilmək – bu perspektivə təhlükə olan Çini dayandırmaq, yaxud ən azı onunla hesablaşmağa məcbur etmək lazım idi. Ukrayna müharibəsinin təməlində məhz bu amillərin – geosiyasi mübarizənin dayandığını deyə bilərik.
Müharibə Rusiyanın hesabladığı kimi baş tutmasa da, hücumun başlandığı ilk vaxtdan günümüzə qədərki dövrə qədər siyasi nəticələr gözlənildiyi kimi oldu:
- Avropa Rusiya təhlükəsinə (Bu, həm də NATO-nun yaranma fəlsəfəsinin yenidən aktuallaşdırılması idi) qarşı ABŞ-ın çətiri altına qayıtdı – köhnə təhlükəsizlik sistemi saxlanıldı, Çinlə əməkdaşlıq xəttini inkişaf etdirərək, “güc mərkəzi”nə çevrilməsinin yolu tıxandı;
- Rusiya Qərbi, Çini və regional oyunçuları onunla hesablaşmağa məcbur etdi;
Burada iki məqam xüsusilə önəmlidir.
Birincisi, müharibəyə görə Çinin Avropa bazarına uzanan və onu Avrasiyada əsas gücə çevirəcək “bir kəmər bir yol” layihəsi problemlərlə üzləşdi, xüsusilə Qara dəniz habının dağılması fonunda: bununla Pekinin ikinci qütb kimi ABŞ-a alternativ güc olması ən azından müəyyən müddətə də olsa çətinləşib;
İkincisi, ABŞ üçün ikinci “qlobal güc”ün potensial təhlükə kimi gördüyü Çindən fərqli olaraq, daha zəif Rusiyanın olması sərfəlidir: Vaşinqton Moskvadan Pekinin genişlənməsi önündə sədd kimi də istifadə etmək niyyətindədir; müharibə boyunca “ABŞ Rusiyanı dağıtmağı planlaşdırır” yanaşmasının doğru olmadığı görünür, çünki dağılmış Rusiya Avropa və Asiyadakı ölkələr üzərində Çinin təsirini genişləndirəcək amildir, bu baxımdan, zəif və idarəolunan Rusiyanın mövcudluğu Vaşinqtona lazımdır;
Bütün bunların fonunda müharibənin daha dərin səbəblərinin olduğu – Ukraynanın geosiyasi mübarizədə meydan – poliqon kimi istifadə edildiyi görünür.
Üç il sonra Trampın Putinlə anlaşması da Ağ Evə qeyri-ənənəvi siyasətçinin gəlişindən daha çox, Ukrayna müharibəsində hədəflərin başa çatması – Avropa və Çinin qarşısının alınması, 2022-ci ildə Baydenin də dediyi “yeni dünya nizamında ABŞ-ın liderliyini qorumaq” planında ilk mərhələnin icra edilməsindən qaynaqlanır. Yeni mərhələdə qarşıdurma coğrafiyaları dəyişəcək. Bu kontekstdə Rusiyanın ABŞ üçün Ukrayna müharibəsindən sonra hansı xidməti göstəcəyi xüsusilə önəmlidir.
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı seçkilərdə prezident Volodimir Zelenskinin əsas rəqbinin adını açıqlayıb.
Bunu RF prezidenti Putin deyib.
O bildirib ki, Zelenskinin reytinqi onun seçkilərdəki potensial rəqibi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Zalujnıdan iki dəfə aşağıdır.
Putinin sözlərinə görə, Zelenskinin problemləri var, çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq.
Rusiya prezidenti bildirib ki, Zelenskinin qələbə şansı “sıfırdır”.
Putin qeyd edib ki, Ukrayna lideri danışıqlardan yayınır, çünki bu, ölkədə hərbi vəziyyətin ləğvinə və seçkilərə gətirib çıxaracaq.
Rusiya prezidenti Vladimir Putin Ukraynada Avropa sülhməramlı qüvvələrinin olması qərarına qarşı olmayacaq.
“Le monde” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Tramp əlavə edib ki, Ukraynada dörd ildir davam edən müharibə bir neçə həftə ərzində başa çata bilər.
“Serbiya BMT Baş Assambleyasında Ukrayna ilə bağlı Rusiya əleyhinə olan qətnamənin lehinə səhvən səs verib”.
Bunu “Happy TV”nin efirində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Hesab edirəm ki, Serbiya bu gün səhvə yol verib, buna görə vətəndaşlardan üzr istəyirəm və məsələ ilə bağlı mən özüm məsuliyyət daşıyıram. Düşünürəm ki, biz bitərəf qalmalı idik, təəssüf hissi keçirirəm. Serbiya artıq üç ildir ki, bitərəf çıxış edir”, - deyə Vuçiç qeyd edib.
Xatırladaq ki, fevralın 24-də BMT Baş Assambleyasında Ukrayna ərazisində hərbi əməliyyatlarla bağlı iki qətnamə üzrə səsvermə keçirilib. Qətnamələrdən biri Ukrayna və Avropa, digəri isə ABŞ tərəfindən təklif edilmişdi. Hər iki sənəd qəbul edilib. Onu da qeyd edək ki, ABŞ və İsrail Ukrayna və Aİ-nin qətnaməsini dəstəkləməyib. Serbiya isə həmin qətnamənin lehinə səs verib. Bu qətnamə Ukraynanın ərazi bütövlüyünə çağırış edir və Rusiyanı tənqid edir.
Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə ciddi müzakirələr aparıram.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ və Rusiya Ukrayna danışıqları çərçivəsində böyük iqtisadi layihələri müzakirə edirlər. Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlar çox yaxşı gedir”, - Tramp bildirib.