![]() |
|
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-dən əlavə qatar reysləri təyin edir.
ADY-dən "Yol-xeber.az"a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün, hər iki istiqamətə səfər etmək olar.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki,
- COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər
- Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.
Yol-xeber.az" xəbər verir ki, Bu çərçivədə ”Zəfər Yolu”-nun 21.4-cü kilometrində elektron tərəzinin quraşdırılmasına başlanılıb.
Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.
Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl layihə"lərin maliyyələşdirilməsi məqsədilə standartların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, yerli maliyyə bazarında “yaşıl istiqraz"ların emissiya edilməsinə başlayıb.
Bu barədə SOCAR xəbər verir.
Məlumata görə, son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri çərçivəsində dünya maliyyə bazarlarına maliyyə alətlərinin cəlb edilməsi proseslərində beynəlxalq standartların tətbiqini labüd edir. Bu xüsusda, şirkətlərin ESG standartlarının tətbiqinə diqqəti artmaqdadır. SOCAR sözügedən tələblərin icrasının təmin edilməsi məqsədilə son illərdə ESG tətbiqi prosesində dərəcələndirmənin həyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında bir sıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb.
Bununla da, SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və “yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verir. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.
Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin “yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR bütün hazırlığı başa çatdırıb, o cümlədən ESG reytinqi alıb, kredit reytinqini yaxşılaşdırıb.
SOCAR gələcəkdə də ESG standartlarının artan tələblərini, beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün yaşıl maliyyə alətlərindən istifadə edilməsinin həyata keçirilməsinə üstünlük verir və borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusi çəkilərinin mümkün həddə artırılmasını hədəfləyir.
Dünya Bankı yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 milyard ABŞ dolları resurs ayırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon ABŞ dollara ehtiyacı olacaq: "Ölkələr, insanlar, iqtisadiyyatlar, şirkətlər çətin günlər yaşayır. Ona görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankını adından mənim mesajım ola bilər. Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları maliyyə ayırdıq. Bu, iqlimin maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstəklərdən biridir".
Vitse-prezident qeyd edib ki, Dünya Bankı iqlimə davamlı borc müddəaları kimi yeni alətlər təqdim edib: "Ölkələr, xüsusən də kiçik ada dövlətləri fəlakətlərlə üzləşdikdə həqiqətən köməyə ehtiyac duyurlar. Hazırda 14 ölkə ilə müqavilələrimiz var. Bu ölkələr fəlakətlə üzləşdikdə borc ödəmələrini təxirə sala və ya azalda biləcəklər. Bu, çox böyük kömək edir".
Son dövrlərdə kriptovalyutaların qiymətində artış müşahidə olunur, xüsusilə "Bitcoin"in qiyməti yüksəlib. Bu da təbii olaraq hər kəsin diqqətini cəlb edir. Bir çox insan "Bitcoin" və digər kriptovalyutaları almağa başlayıb. Bəzi şəxslər isə necə ala biləcəkləri ilə maraqlanırlar. Kriptovalyuta bazarına daxil olmaq üçün müəyyən texniki biliklər tələb olunur.
"Bitcoin" və ya hər hansı digər kriptovalyuta almadan əvvəl platformanın təhlükəsizlik xüsusiyyətlərini, ödənişlərini və müştəri dəstəyini yoxlamaq vacibdir. Qiymətlər çox dəyişkən olduğu üçün kripto alışları maliyyə məqsədləri və risk tolerantlığına uyğun olmalıdır.
"Bitcoin"i adətən bir neçə kateqoriyaya aid olan müxtəlif nüfuzlu platformalardan almaq mümkündür. Bəzi məşhur seçimlər bunlardır:
Kriptovalyuta birjaları
Ən populyar və etibarlı üsullardan biridir. Bu platformalar həm asan istifadə interfeysi, həm də təhlükəsizlik təmin edir. Platformalarda qeydiyyatdan keçmək, şəxsiyyət təsdiqi (KYC) prosesi keçmək, sonra isə bank kartı ilə və ya kripto köçürməsi ilə balans yükləyərək "Bitcoin" ala bilərsiniz. Ən məşhur kriptovalyuta birjalarına "Binance”, "Coinbase”, "Kraken” və "Bitstamp” daxildir.
"Binance”: Rəqabətli ödənişlər və geniş çeşiddə kriptovalyutalar təklif edən qlobal miqyasda ən böyük mübadilə mərkəzindən biridir.
"Coinbase”: Güclü təhlükəsizliyi ilə tanınır, yeni başlayanlar üçün idealdır, baxmayaraq ki, ödənişlər daha yüksək ola bilər.
"Kraken”: Yüksək likvidlik və möhkəm təhlükəsizlik xüsusiyyətləri ilə məşhur platformadır.
"Bitstamp”: Etibarlılığı və sabitliyi ilə etibar edilən ən qədim mübadilələrdən biridir.
Mobil Tətbiqlər
Bir çox kripto birjalarının mobil tətbiqləri var ki, onlar vasitəsilə hər yerdə rahatlıqla Bitcoin ala bilərsiniz. Məsələn, "Binance” və ya "Coinbase” kimi birjaların mobil versiyaları istifadəyə uyğundur.
P2P (Peer-to-Peer) Platformalar
Birjalar vasitəsilə yox, digər insanlardan birbaşa almağı üstün tutanlar P2P platformalarından istifadə edə bilərlər. "LocalBitcoins”, "Binance P2P” və "Paxful” kimi platformalarda birbaşa olaraq digər istifadəçilərdən Bitcoin almaq mümkündür. Bu üsul bəzi hallarda daha anonim və lokal ödəniş üsulları ilə dəstəkli ola bilər.
"LocalBitcoins”: Bitcoini birbaşa digər istifadəçilərdən almağa imkan verir, çox vaxt müxtəlif ödəniş variantları, o cümlədən nağd pul.
"Binance P2P”: İstifadəçilərə "Binance”ın P2P platformasında heç bir ticarət haqqı olmadan birbaşa digər istifadəçilərdən Bitcoin almağa imkan verir.
"Paxful”: "LocalBitcoins”ə bənzəyir, geniş çeşidli ödəmə üsulları və bir çox ölkədə alıcılara, satıcılara çıxış imkanı.
Kripto Pulqabı (Wallet)
Bəzi insanlar mərkəzləşdirilməmiş platformalardan istifadə edərək Bitcoin almağa üstünlük verirlər. "Exodus” və "Trust Wallet” kimi kripto pulqabıları vasitəsilə də birbaşa Bitcoin almaq mümkündür.
Broker xidmətləri
Broker xidmətləri istifadəçilərə kriptovalyutaların alqı-satqısını həyata keçirmək, qiymət dəyişikliklərini izləmək və digər əlaqədar xidmətlər təqdim edir.
"eToro”: Digər investorları izləmək üçün sosial ticarət xüsusiyyəti ilə Bitcoin almaq və saxlamaq imkanı verir.
"Robinhood”: Bitcoin və digər kriptovalyutaları almağa imkan verən broker proqramı (baxmayaraq ki, onları geri ala bilməzsiniz).
ATM-lər
Azərbaycanda hələ geniş yayılmasa da, bəzi ölkələrdə Bitcoin ATM-ləri vasitəsilə Bitcoin almaq mümkündür. ATM-lər nağd pul və ya kartla Bitcoin almaq imkanı verir.
Ödəniş Xidmətləri və Fintech Platformaları
Maliyyə texnologiyalarının (fintech) əsasını təşkil edən və müştərilərə maliyyə xidmətləri təklif edən rəqəmsal platformalardır. "PayPal” və "Revolut” kimi platformaları qeyd etmək olar.
"PayPal”: Bəzi ölkələrdə mövcuddur, istifadəçilərə Bitcoin almaq, saxlamaq və satmaq imkanı verir, baxmayaraq ki, onu PayPal-dan köçürə bilməzsiniz.
"Revolut”: Bəzi regionlarda mövcud olan bu bank proqramı sizə proqram daxilində Bitcoin və digər kriptovalyutalara investisiya qoymağa imkan verir.
Banklar və investisiya şirkətləri
Azərbaycanda bu sahə zamanla inkişaf edir. Bəzi banklar və investisiya şirkətləri vasitəsilə də almaq mümkündür.
BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan dünya təşkilatının 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq sammitdə “insanların ehtiyaclarını təmin edən iqlim maliyyələşməsi üçün yeni bir yolun müəyyən edilə biləcəyini” bildirib.
Bu barədə Kamerunun keçmiş baş naziri sosial şəbəkədə yazıb.
“COP29 üçün gözəl Bakıya, Azərbaycana gəlmişəm, burada məni Azərbaycan Respublikasının səhiyyə naziri […] Teymur Musayev, BMT-dəki daimi nümayəndə səfir Yaşar Əliyev və Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi […] Vlandanka Andreyeva qarşılayıblar”, – BA-nın prezidenti qeyd edib.
“Məsələnin çox ciddi” olduğunu vurğulayan siyasətçi “birlikdə adaptasiya, dayanıqlılıq və ən çox təsirlənən insanların ehtiyaclarını təmin edən iqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə biləcəklərini” bildirib.
“Təcili iqlim fəaliyyətinə olan sadiqliyimizi yeniləyək. Qarşıdakı müzakirələri səbirsizliklə gözləyirəm”, – Yanq nəql edib.
Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 08-13 noyabr 2024-cü il tarixlərində bankların və "Azərpoçt" MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Bildirilib ki, qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
Banklar
"Azәrpoçt" MMC
Valyuta mübadilə məntəqələri
Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 412 882 əcnəbi turist gəlib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% və ya 368 601 turist çox olub.
Media Təhlil Mərkəzi xəbər verir ki, 2024-cü ilin ilk 9 ayında ölkəmizə gələn turistlərin 59,5%-ni və ya 840 074 nəfərini kişi turistlər təşkil edib.
Ötən ilin eyni dövründə isə bu göstərici 63,7%-ə bərabər olub.
Əlavə məlumat üçün bildirək ki, cari ilin ilk 9 ayında Azərbaycana gələn kişi turistlərin sayı 26,3% və ya 174 960 nəfər, qadın turistlərin sayı isə 51,1% və ya 193 641 nəfər artıb.
Rəsmi rəqəmlər göstərir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbi şəxslərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Ölkəmizə təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7% və ya 87 972 nəfər artaraq 475 834 nəfərə bərabər olub.
Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada hindistanlı turistlər yer alıb. Onların sayı rekord səviyyədə, yəni 134,3% və ya 101 093 nəfər artaraq 176 355 nəfərə çatıb.
İlk üçlüyü 118 380 turist ilə Türkiyə vətəndaşları qapayır. Türkiyəli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8% və ya 21 984 nəfər artıb.
Qeyd: Hesabat dövründə Azərbaycana gələn xarici ölkə turistlərinin ilk onluğunu təşkil edən ölkələrə diqqət etsək, bu il ölkəmizə gələn turist sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığını görərik.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə gələn xarici turistlər ortalama olaraq Azərbaycanda 5,56 gün keçiriblər.
Bu göstərici üzrə ilk pilləni digər ölkələr ilə böyük fərqlə Qətərdən gələn turistlər tutub. Qətərli turistlərin ölkəmizdə keçirdikləri ortalama gün sayı 9,17-ə bərabər olub. İkinci sırada 6,76 gün ilə Bəhreyn vətəndaşı olan turistlər qərarlaşıb.
Cari ilin ilk 9 ayında ölkəmizdə ən az gün keçirən turistlər Cənubi Koreyadan olanlardır. Bir Cənubi Koreyalı turist ölkəmizdə ortalama 3,64 gün keçirib.
Azərbaycana gələn əcnəbi turistlər arasında “işgüzar” məqsədlə gələnlərin 24,3%-ni və ya 37 578 nəfərini rusiyalı, 15,2%-ni və ya 23 420 nəfərini türkiyəli turistlər təşkil edib. Növbəti üç sırada ardıcıl olaraq Çin, Qazaxıstan və Pakistandan olan turistlər qərarlaşıb.
“İstirahət, əyləncə” məqsədilə Azərbaycana gələnlərin 28,5%-ni təşkil edən Rusiya vətəndaşları ilk sırada yer alıb və onların sayı 283 652 nəfərə bərabər olub. 168 151 nəfər və ya 16,9% pay sahibi olan hindistanlı turistlər ikinci yerdə qərarlaşıblar. Növbəti üç pilləni ardıcıl olaraq, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan vətəndaşları təşkil edib.
“Qohumlara, dostlara baş çəkmək” məqsədilə ölkəmizə gələnlər arasında da rusiyalı turistlər ilk sırada yer alıb. Bu kateqoriyaya daxil olanlar səfər edənlərin 60,9%-ni təşkil edib və onların sayı 128 382 nəfərə bərabər olub.
Bununla yanaşı, Rusiya vətəndaşları “müalicə” məqsədilə ölkəmizə səfər edənlərin sıralamasında da (12 500 nəfər) ilk yeri tutublar. Onlar qeyd olunan məqsədlə ölkəmizə gələn turistlərin 68,1%-ni təşkil ediblər.
Rusiya vətəndaşları “alış-veriş” məqsədilə ölkəmizə gələn turistlər arasında ilk pillədə yer almayıb. 924 nəfər ilə gürcüstanlı turistlər bu kateqoriya üzrə siyahıda birinci sırada qərarlaşıblar. Onların sayı “alış-veriş” məqsədilə ölkəmizə gələn turistlərin 24,4%-ni təşkil edib. Rusiyadan gələnlər isə 797 nəfərlə (21,1%) ikinci yeri tutub.
Cari ilin ilk 9 ayında ölkəmizə gələn turistlər ümumilikdə 2 596 000 700manat pul xərcləyiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7% və ya 826 914 500 manat çoxdur.
Bu xərclərin 32,01%-ni və ya 831 075 400 manatını Rusiya vətəndaşı olan turistlər xərcləyiblər.
İkinci sırada 390 971 200 manat xərc ilə hindistanlı turistlər yer alıb. Onların xərci ümumi xərcin 15,06%-ni təşkil edib.
Üçüncü sırada isə 192 132 800 manat xərc ilə qardaş ölkə Türkiyə vətəndaşları yer alıb. Onların xərci ümumi xərcin 7,4%-nə bərabər olub.
Cari ilin ilk 9 ayında ölkəmizə gələn əcnəbilərin vətəndaşlığına görə ortalama xərclərini müqayisə etsək, ən çox pul xərcləyən turistlərin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, ən az pul xərcləyənlərin isə Gürcüstan vətəndaşları olduğunu görərik. BƏƏ vətəndaşları ölkəmizə səfəri zamanı ortalama olaraq adambaşına 2510 manat, Gürcüstan vətəndaşları isə 1163 manat pul xərcləyiblər.
Ümumilikdə isə ortalama olaraq ölkəmizə səfər edən hər turist 1837 manat pul xərcləyib.
Digər göstəricilər ilə aşağıdakı şəkildən tanış ola bilərsiniz.
Ermənistanın Azərbaycandan qaz alışı ehtimalı ilə bağlı müxtəlif və təzadlı məlumatlar yayılır.
yenisabah.az-a müsahibəsində neft-qaz sahəsi üzrə tanınmış ekspert İlham Şaban bildirib ki, hazırkı şəraitdə 2 ölkə arasında belə layihələrin həyata keçirilməsi üçün lazımi infrastruktur yoxdur:
“Qəza rejimində Rusiya 2 dəfə Azərbaycan vasitəsilə Ermənistana qaz ötürüb. Bu zaman şimaldan Gürcüstan üzərindən Ermənistan gələn qaz kəməri zədələnmişdi və təmir aparılırdı. Azərbaycandan Gürcüstana gedən kəmərə qaz vurulub və oradan mavi yanacaq Qardabani qazpaylayıcı şəbəkəsindən Ermənistana ötürüldü. Ancaq sırf Azərbaycan qazının Ermənistana ötürülməsi üçün ilk növbədə alıcı istəyi olmalıdır”.
Ekspert hansısa ölkədən başqa bir ölkəyə qaz idxalının praktiki reallaşması üçün bir neçə addımın atılmalı olduğunu diqqətə çatdırıb:
“Bununla bağlı Azərbaycan tərəfi ilə danışıq aparılmalıdır. Əvvəlcə bu cür layihələrin reallaşma ehtimalları araşdırılır, daha sonra isə dövlətlər və ya şirkətlər arasında niyyət protokolu imzalanır. Daha sonra bu layihənin kommersiya danışıqları üzrə müzakirələr başlayır.
Nəhayət, 4-cü mərhələdə alğı-satqı və onun müddətini bildirən kommersiya sazişi imzalanır. İndi ancaq nəzəri baxımdan Ermənistan tərəfinin Azərbaycandan qaz almaq imkanlarının müzakirəsini görürük. Yəni bunu Nikol Paşinyan və digər Ermənistan rəhbərləri deyir. Bunun əyani olması üçün ən az 4-5 il zaman lazımdır”.