Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

DİN-dən verilən məlumata görə, noyabrın 27-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 3 ədəd sərv ağacının çətir hissəsinin tamlığının pozularaq budaqlarının kəsilməsi, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində isə “KamAZ” markalı 3 yük avtomobili ilə qarışıq süxur daşınması faktları aşkar olunub.

Ağacları zədələdiyinə görə Suraxanı rayonunda bir, Xəzər rayonunda isə icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə üç fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı məktəblərində şagirdin zorakılığa məruz qalması ilə bağlı daha bir xəbər yayılıb.

Bakupost.az xəbər verir ki, Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin yeddinci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıqla üzləşməsi iddia edilib. Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayaraq, onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, valideynlərin qrupuna səs göndərərək hər kəsi ehtiyatlı olmağa çağırıb.

Məsələ ilə bağlı məktəbin yaydığı məlumatda bildirilir ki, həmin şagird özü-özünə xəsarət yetirib:

“Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız “mənim işim var” deyərək onları yola salıb.

Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. O, məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn övladının gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.

Bu gün isə məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbə gediblər və orada gərginlik yaranıb. Valideynlərlə məktəb rəhbərliyi arasında mübahisə düşüb. Valideynlər bildiriblər ki, məktəbdə tez-tez neqativ hallar baş verir, uşaqlar arasında dava, hətta narkotik vasitə çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildiriblər ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib. Valideynlər bu məsələlərə əncam çəkməyi tələb ediblər. Hətta valideynlərin direktora hücum etdikləri, onların qarşısının çətinliklə alındığı da bildirilir.

Qeyd edək ki, dünən axşam digər bir təhsil ocağında - Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qızın döyülməsi xəbəri sosial şəbəkələrdə ajiotaja səbəb olub. Təhsil Nazirliyinin yaydığı məlumatda isə şagirdin döyülmədiyi, yıxılıb əzildiyi bildirilib.

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq onun vəkili Radmila Abılova deyib.

O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Xaçaturyan barəsində bəraət hökmünün çıxarılmasını istəyir: "V.Xaçatryanla noyabrın 24-də görüşdüm. Səhhəti ilə bağlı heç bir problem yoxdur. Ona bütün hüquqlarını izah etmişəm".

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Xatırladaq ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın olub.

Yanğın 7 hektar ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Küləkli hava səbəbindən Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Məlumat yayıb.

 Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb. 
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 

 

 

 

 

“Arzu edirəm ki, Xankəndi Pedaqoji İnstitutu yenidən fəaliyyətini bərpa etsin və mən yenə orada müəllim kimi işləyim. Bu, mənim çoxdankı niyyətimdir”.

Bunu Bizim.Media-ya açıqlamasında vaxtilə Xankəndi Pedaqoji İnstitutunda baş müəllim, Ümumtarix kafedrasının müdiri işləyən Mayıl Alıcanov deyib.

Professor həmin tarixi belə xatırlayır:

“1979-1988-ci illərdə Xankəndi Pedaqoji İnsitutunda Azərbaycan və SSRİ tarixi fənni üzrə müəllim işləyirdim. Həm də kafedra müdiri idim. Əslən şamaxılıyam, Bakı Dövlət Universitetini bitirmişəm. Şuşada istirahətdə olarkən təsadüfən dostlardan biri ilə rastlaşdım. O, yaxşı mənada məni təhrik etdi və Xankəndi Pedaqoji İnstitutundakı vakansiyadan yararlandım.

Həmin vaxtlarda institutda erməni müəllimlər üstünlük təşkil edirdi. 1988-ci ildə Qarabağda baş verən erməni qiyamının təhlükəsi ilə üz-üzə qaldığımız üçün institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri mayın 16-da Şuşa şəhərinə sığınmağa məcbur oldu. Bir müddət sonra 100 nəfərlik professor-müəllim kollektivi və 1200 nəfər tələbə ilə birlikdə Gəncə Pedaqoji İnstitutuna köçdük. Amma bir ildən sonra qərar verdik ki, doğma Qarabağa qayıtmalıyıq. 1989-cu il oktyabrın 25-də pedaqoji kollektiv Şuşaya köçürüldü.

Qarabağ hadisələri zamanı ermənilər tərəfindən döyülən müəllimlərimiz çox idi.

Biz Şuşada işləyərkən Ağdamdan Şuşaya gələn təyyarəni ermənilər vurdular. Həmin təyyarədə iki müəllimimiz – Mürşüd Dünyamalıyev və Alman dili müəllimi Sara xanım həlak oldu. Sara müəllimə o vaxtlar təzə nişanlanmışdı. Mən Xankəndi Pedaqoji İnstutunda işləyərkən yazıçı Sokrat Xanyan və vaxtilə “Dağlıq Qarabağ”ın spikeri işləmiş Alegey Yetayeviçi tanıyırdım”.

Mayıl Alıcanov onu da qeyd edib ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında çalışır. Xankəndinə dönəcəyi günü və Xankəndi Pedaqoji İnstitutunda yenidən çalışmağı səbirsizliklə gözləyir.

Fazil Mustafaya qarşı sui-qəsd cinayəti ilə bağlı istintaq yekunlaşdı - "Bu işdə iştirak edən hər kəs həbs olunub"Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayəti ilə bağlı ibtidai istintaq prosesi yekunlaşıb.

Gununsesi.info-ya açıqlamasında Fazil Mustafa cinayət işinin istintaqı barədə danışıb.

“Cinayət işi ilə bağlı bütün materiallar ilə tanış olmuşam. İş artıq yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın zamanlarda məsələyə məhkəmədə baxılacaq. Bu işdə iştirak edən hər kəs həbs olunub. Onlarla bağlı məhkəmə prosesində bütün detallar aydın olacaq“, – deyə o bildirib.

Deputatın sözlərinə görə, sui-qəsdin necə təşkil olunması, qonşu ölkədən hansı təlimatları alınması, onlara hansı vəsaitlərin verilməsi, bütün bu kimi detalların hər biri geniş şəkildə aydın olacaq:

“Keçiriləcək bu məhkəmə prosesində bir çox məsələlərə aydınlıq gətiriləcək. Cəmiyyətimiz bu istiqamətdə də, ölkəmizi gözləyən bütün təhlükələri, bu prosesdə aydın şəkildə dərk edəcək. Gələcəyimiz ilə bağlı hansı təhdidlərin olduğunu və din adı altında hansı şəbəkələrin formalaşdığını daha dərindən görəcəyik”.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxslə bağlı yeni detallar məlum olub.

BAKU.WS-in əldə məlumata görə, yanğında həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. Razi Qasımov yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib.

TƏBİB-in yaydığı məlumata görə, Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Bakıda inşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti