![]() |
|
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən olunub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozan hərəkətlərə yol verib.
Müayinənin nəticəsində F.Salayevin narkotik vasitədən istifadə etdiyi üzə çıxıb.
Bundan əlavə, həmin sürücünün məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Aşkarlanan hallarla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Salayev inzibati qaydada həbs edilib.
Qeyd edək ki, F.Salayev Vətən müharibəsində iştirak edib.
Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.
Bu barədə DİN-dən bildirilib.
Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib.
Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb.
Saxlanılmış hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı Gəncə şəhəri ərazisində satmaq və yaymaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aralarında əvvəllər də törətdikləri analoji cinayətlərə görə məhkum olunmuş bir neçə şəxsin yaşadığı evə baxış keçirilən zaman narkotik maddələrlə yanaşı odlu silahlar da aşkarlanaraq götürülüb. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Şəmkirdə dörd yaşlı uşaq vəfat edib.
Oxu.Az-ın məlumatına görə, rayon sakini, 2019-cu il təvəllüdlü H.Allahyarov Şəmkirdən Gəncə şəhərinə gətirilən zaman yolda dünyasını dəyişib.
Onun qızılca xəstəliyindən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq yeddinci uşaq dünyasını dəyişir.
Memar Əcəmi" stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.
Bu barədə Bakı Metropoliteni QSC-dənm məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı yüksək gərginlik çıxarılıb.
"Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib", - deyə qurumdan bildirilib.
Azərbaycan teatr və kino aktyoru Ramiz Məlik vəfat edib.
“Bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov paylaşıb.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Azərbaycan Televiziyası İrəvanın Təpəbaşı məhəlləsindən eksklüziv görüntülər lentə alıb.
“Videoda Şah İsmayıl Xətainin yadigarı olan məscidin yararsız hala düşdüyünü əks etdirən kadrlar də yer alıb.
Belə ki, memarlıq abidəsi ermənilər tərəfindən dağılıb və bu hala salınıb.
Həmin görüntüləri təqdim edirik:
Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundovun bu gün Vətənə qayıdacaqları ehtimal edilir.
Hüseyn Axundovun anası Şəlalə Axundova Pravda.az-a deyib:
“Zəng edilib bildirildi ki, bu gün qonağımız gələ bilər. Vallah, bilmirik ki, hazırda Vətəndədirlər, yoxsa haradadırlar. Bu gün 6 gündür, niyə bizi hələ də övladlarımızla görüşdürmürlər? Oğlumun səsini niyə hələ də eşitməmişəm? İndi də bu həyəcanla yaşayıram. Allah cənab Prezidentimizə uzun ömür versin, bu qərarı çıxardı. Sadəcə, arxayınlaşsam ki, Vətəndədirlər, yaxşı olar...”
Masallıda nənə və nəvəsinin itkin düşmələri barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Masallı rayon sakini Xanım Abuşovanın itkin düşməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir və qadın hazırda yaşadığı evdədir.
Dekabrın 11-də saat 19 radələrində evdən çıxaraq geri qayıtmayan azyaşlı nəvəsinin tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilir.
***
Masallı rayonunda 15 yaşlı qız itkin düşüb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Mollahəsənli kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Abuşova Jalə İntiqam qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Nənəsi 1952-ci il təvəllüdlü Abuşova Xanim Allahverdi qızı faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət edib.
O, nəvəsinin onunla birlikdə yaşadığını və evdən çıxarkən öz geyim əşyalarını və şəxsiyyət vəsiqəsini götürdüyünü söyləyib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, hadisə Bayraq meydanın yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" ilə yol polisinə məxsus "BMW" toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.