![]() |
|
Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olan əsgəri Ruslan Həmidov 10 gün sonra hərbi xidmətdən tərxis olunacaqdı.
Bu barədə "Teleqraf"a onun yaxınları məlumat verib.
Bildirilib ki, R.Həmidov əslən Bərdə rayonundandır. O, 2023-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
R.Həmidov Gədəbəydə yerləşən hərbi hissələrdən birində xidmət edib. Aprelin 1-də əsgərliyini bitirib ordu sıralarından tərxis olunacaqdı.
Mərhum martın 22-də Bərdə rayon Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Martın 21-də nəşləri aşkar edilib.
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib.
Bu barədə "Report" xəbər verir.
Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.
Martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi(MN) məlumat yayıb.
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.
APA-nın xəbərinə görə, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.
O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.
Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Şəkildə: Azər Səricanov
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub", – hərbi qurumun məlumatında qeyd olunub.
Xatırladaq ki, ötən gün Ermənistan ordusunun bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.
İstanbul meri Ekrem İmamoğlu saxlanılıb.
Bu barədə “Sözcü” məlumat yayıb.
Bildirilib ki, türkiyəli siyasətçi ilə yanaşı onun mətbuat müşaviri Murat Onqun da saxlanılıb. Merin evində axtarış aparılır.
17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılmış, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilmişdir.Müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşmışdır. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunmuşdur.
Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunmuş, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülmüşdür.
Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir.
Azərbaycan Ordusunun mövqeləri martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək fasilələrlə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Xızı rayon prokurorunun olduğu avtomobil qəzaya uğrayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.