Bakıda bir nəfərdən hədə-qorxu ilə 100 min dollar tələb edən şəxslər SAXLANILDILAR

31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 min dollar tələb etməsi barədə polisə müraciət edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.

Polis saxta araq satan dəstəni belə ifşa etdi - Video

Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışnı təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirib. 

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Əməliyyat zamanı əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub.

Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb. 

Əməliyyatlar davam etdirilir.

İmişlidə qadının oğurlanması ilə bağlı əməliyyat - 3 nəfər saxlanıldı - YENİLƏNİB

İmişlidə qadının naməlum şəxslər tərəfindən qaçırılmasının səbəbi məlum olub.

Oxu.az məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, qadın məcburi nikaha daxil olmaq üçün qaçırılıb:

"Bir müddət əvvəl oğlanın ailəsi qaçırılan qıza elçi getsə də, onun ailəsi elçilərə yox cavabı verib".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


***
İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

“Qafqazinfo”xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib.

Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycana dənizlə narkotik gətirən iranlı balıqçılar saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 13 kiloqramdan artıq narkotik vasitə və 4400 ədəd narkotik tərkibli həbin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis və sərhədçilərin Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşları 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat Xəzər dənizi sahilində saxlanılıblar. Sonuncuların idarə etdikləri xüsusi "Yamaha" markalı mühərriklə təchiz olunmuş qayıqdan tərkibinə psixotrop maddələr əlavə edilmiş 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar olunub.

Saxlanılanlar İranın dəniz kənarındakı Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzərin Azərbaycan-Türkmənistan sərhədindəki neytral zonasından istifadə edərək qaçaqmalçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədi ilə Azərbaycana gətirdiklərini qeyd ediblər. Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə vaxtaşırı narkotik vasitələr gətirən əsas şəxslərdən olduqları da müəyyən edilib.

Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməyə cəhd edən mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

 

Laçında yük avtomobili aşıb, ölən var

Laçında yük avtomobili aşıb.

Report xəbər verir ki, rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi ilə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qusar meşələrində böyük əməliyyatla tutulanları hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Qusarda böyük əməliyyat keçirib. Əməliyyatçılara qarşı silah çıxaran terrorçu qruplaşma üzvlərindən bir neçəsi zərərsizləşdirilsə də, başqa üzvlər həbs edilib.

Qafqazinfo məlumatına görə, terrora hazırlıqda ittiham edilənlərin hamısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu işin istintaqını DTX-nin İstintaq baş idarəsi aparır.

Cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə təqsirləndirilir.

Təkcə qeyd olunan maddələrin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

“Meşə qardaşları”ndan təsirlənən şəxslərin cinayətinin təfərrüatı məhkəmə araşdırmasında məlum olacaq.

Azərbaycan-Rusiya sərhədində əməliyyatlar başladı

Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.

Silahlı müqavimət, yeraltı sığınacaq, məhvedilmə - Əməliyyatın ŞOK GÖRÜNTÜSÜ

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə kompleks tədbirlər görərək Azərbaycan ərazinsində - Qusarda terrorçular zərərsizləşdirib.

Yayılan rəsmi görüntülərdə yeraltı sığıcanaq və saxlanc yerləri əks olunub.

Bundan əlavə, videoda terorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat, DTX əməkdaşlarına qarşı silahlı müqavimət göstərən şəxsin zərərsizləşdirilməsi yer alıb.

Həmin görüntülərdə həmçinin həbs olunanların görüntüsü də əks olunub.

Balakəndə əməliyyat: 33 kq narkotik aşkarlandı

Balakən rayonunda keçirilən əməliyyat nəticəsində 33 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Məktəb direktoru həbs olundu

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

“Qafqazinfo” məlumatına görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Xəbər lenti