![]() |
|
Yanvarın 29-da saat 5 radələrində Sumqayıt şəhərində yerləşən evlərin birində 1993-cü il təvəllüdlü Səbinə Abışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərlə bağlı danışıqlar davam edir.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, 7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya dövlətinin ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreya dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreyanın müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşıdır.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları İmişli rayonu ərazisində tədarükçü-ekspeditor narkoşəbəkənin üzvlərini ifşa ediblər.
DİN-in Mətbuat xidməti xəbər verir ki, əvvəllər məhkum olunan 41 yaşlı Elşən Əliyev və 32 yaşlı Tərlan Bağırov saxlanılıblar.
Onların avtomobilindən və yaşayış ünvanlarından 62 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə 39 yaşlı Ceyhun İsmayılov və 29 yaşlı Rəşad Məmmədli də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən 18 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, onlar barəsində həbs qətimkan tədbirləri seçilib.
Elşən Əliyev, Ceyhun İsmayılov, Rəşad Məmmədli və Tərlan Bağırovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun məhkəmə araşdırması tamamlanıb.
Ölkə.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, E.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə 7 mərasimində də saxlanılıb.
Bakıda 32 yaşlı kişi yanaraq ölüb.
“Qafqazinfo” məlumata görə, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.
Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Xaçmaz rayonunda məsciddə xuliqanlıq əməli törətmiş şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Xaçmaz şəhər sakini 1994-cü il təvəllüdlü F.Vəliyevin (şərti soyadlı) barəsindəki cinayət işi üzrə hökm oxunub.
Rayon məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə təqsirli bilib. İstintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında azadlıqda olan şəxsə 2 il yarım həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, hadisə Xaçmazın Qobuqırağı kəndində baş verib. Xaçmaz şəhər sakini olan F.Vəliyev hadisə vaxtı evində olan ov tüfəngini "Hyundai İ30" markalı avtomobilinə qoyaraq həmin kəndin məscidinə gedib. O, məscidə daxil olaraq oradakı şəxsləri və imamı hədələyib, səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Lakin hadisə vaxtı F.Vəliyev atəş açmayıb.
Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi başlayıb.
Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdirilir.
Qeyd edək ki, yanvarın 17-də başlayan hazırlıq iclasında Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.
Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.
İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclasının yanvarın 27-də davam etdirilməsinə qərar verilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Bu gün, həmçinin Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə iclası davam etdiriləcək.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir.
Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat”a əsasən həyata keçiriləcək", - məlumatda vurğulanıb.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasında həlak olan AZAL-ın təcrübəli pilotu İqor Kşnyakinin son səs yazısı olduğu iddia edilən videogörüntülər yayılıb.
Publika.az xəbər verir ki, səsyazısında pilotun qəza anında təyyarənin idarəsini bərpa etmək üçün göstərdiyi cəhdlər və hadisə ilə bağlı son sözləri yer alıb.
Səsyazısı həmçinin pilotun peşəkarlığını və həyatının son anına qədər sərnişinlərin təhlükəsizliyi üçün mübarizə apardığını təsdiqləyir.
Həmin səsyazısını və görüntüləri təqdim edirik:
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, biznesmen dələduzluqda ittiham olunur.
“Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə sayta da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt “Union Logistika”nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.