![]() |
|
Qarabağda özünü buraxmış keçmiş qondarma rejimin “lider”lərindən sayılan Vitali Balasanyan Azərbaycan, Ermənistan, Rusiyaya müraciət edib.
yenisabah xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
V.Balasanyan məktubunda liderlərdən ermənilərin Qarabağa qaytarılmasını istəyib.
Hətta Ermənistanda belə nüfuzunu itirən Balasanyanın bu addımı ermənilər arasında birmənalı qarşılanmayıb və gülüş doğurub.
Qeyd edək ki, V.Balasanyan 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra Qarabağdan qaçan ilk separatçı liderlərdən olub. O, Azərbaycana qarşı müxtəlif cinayətlərdə, o cümlədən Xocalı soyqırımında iştirakda ittiham olunur. Maraqlıdır ki, uzun müddətdir səssizliyini qoruyan Vitali Balasanyan məhz indi hərəkətə keçib. ("Yenisabah")
20 yanvar 1990-cı il, Azərbaycanın tarixi üçün dönüm nöqtələrindən biridir. Bu gün, yalnız bir faciənin deyil, həm də böyük qəhrəmanlığın, xalqın mübarizə əzminin və Vətənə olan sevgisinin əks olunduğu bir tarixdir. 20 Yanvar hadisələri, Sovet İttifaqının Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətin nəticəsi olaraq, Bakıya göndərilən sovet ordusunun xalqın üzərinə atdığı qanlı top tüfənginin simvolu oldu.
1988-ci ildən başlayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionunda etnik münaqişələr və azadlıq hərəkatı getdikcə güclənirdi. Bu mübarizənin bir hissəsi də Bakıda başladı. 1989-cu ilin dekabrında Sovet rəhbərliyinin sərt reaksiyasına qarşı xalq, azadlıq və müstəqillik uğrunda daha fəal şəkildə etiraz etməyə başlamışdı. Lakin 1990-cı ilin yanvarında vəziyyət daha da pisləşdi. Sovet rəhbərliyi Azərbaycan xalqının müstəqillik tələbini boğmaq məqsədilə böyük bir hərbi əməliyyat planladı. Bu əməliyyat, 20 yanvar gecəsi həyata keçirildi.
Sovet ordusu Bakı şəhərinə daxil oldu və mülki əhaliyə qarşı misli görünməmiş bir zorakılıq tətbiq etdi. Tanklar, zirehli maşınlar və ağır silahlar ilə şəhər küçələri bombalandı. Xalqın əlində heç bir silah olmadığı halda, çox sayda insan – qadın, uşaq, yaşlı, gənc – amansızcasına qətlə yetirildi. Rəsmi statistikaya görə, 131 nəfər həyatını itirdi, 700-ə yaxın insan isə yaralandı. Lakin qeyri-rəsmi mənbələrə görə, ölənlərin sayı daha da yüksək ola bilərdi. Sovet ordusunun amansızlığına qarşı çıxan vətəndaşlar, ölürlərsə də, heç zaman mübarizəni dayandırmadılar.
Bu qanlı faciənin üzərində yalnız Sovet İttifaqının zülmü deyil, həm də Azərbaycan xalqının böyük qəhrəmanlığı və mübarizə ruhu parlayır. Xalqın nümayiş etdiyi cəsarət, Vətənə olan dərin sevgisi və müstəqillik arzusu, bu faciəni sadəcə bir hücum olaraq deyil, həm də bir qəhrəmanlıq dastanı kimi yaddaşlarda həkk etdi. 20 yanvar hadisələri, Azərbaycanda müstəqillik yolunda atılan ən önəmli addımlardan biri oldu. O gün, Bakı küçələrində verilən qurbanlar, ölkənin müstəqilliyinə gedən yolu açdı.
20 Yanvar, yalnız bir faciə günü deyil, həm də Azərbaycanın müstəqillik mübarizəsinin simvolu oldu. Bu hadisə, yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının mübarizliyinin, qürurunun və qəhrəmanlığının bir nişanəsi kimi tarixə keçdi. 20 Yanvar faciəsinin qurbanları, Vətənə olan bağlılıqları ilə unudulmaz bir irs qoydular. Onların mübarizəsi, bugünkü müstəqil Azərbaycanın təməllərinin möhkəmləndirilməsində böyük rol oynadı. Hər bir şəhid, hər bir yaralı, hər bir mübariz insan, bu gün müstəqil Azərbaycanın qürurlu vətəndaşları üçün ilham qaynağıdır.
Bu faciə, həm də Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin bir göstəricisi olaraq, dünya tarixində öz yerini aldı. 20 Yanvarın qəhrəmanları yalnız o dövrün şəhidləri deyil, həm də müstəqil Azərbaycanın gələcəyi uğrunda mübarizə edənlərin simvolu oldular. Bu faciə, Azərbaycanın müstəqilliyinin simvolu olaraq, hər il anılır və xalqın əzmi ilə unudulmaz bir qəhrəmanlıq dastanına çevrilir.
İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi Yol Patrul Xidməti avtomobilinin təhkim olunduğu inzibati ərazisində hərəkətdə olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edir.
Əlavə olaraq görüntüləri təqdim edirik:
İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.
Bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.
Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.
***
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
***
İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.
APA məlumatına görə, İmişli şəhərində avtomobil 3 məktəblini vurub.
Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökümə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kartdan oğurlanması ilə bağlı cinayət işi açılıb.
DİN Mətbuat xidmətindən bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə dərhal cinayət işi başlanılıb.
Həmçinin məsələ ilə bağlı “Kapital Bank” da araşdırmaya başlayıb.
Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.
Qafqazinfo xəbər verir ki, Metropolitenin “İnşaatçılar” stansiyasında vaqonda olarkən qışqıraraq insanları narahat edən şəxs saxlanılıb.
Vaqondan düşürülən şəxs ərazi üzrə polis şöbəsinə aparılıb. Onun Tərtərin Kəbirli kənd sakini, Bakı şəhər Xəzər rayonunda yaşayan 1985-ci il təvəllüdlü T.Yusifov (şərti) olması müəyyən edilib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxs Yasamal rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə T. Yusifova 30 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl metroda gənc qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs də həbs edilmişdi.
“Kapital Bank” Milli Qəhrəman Hökümə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kibercinayətkarlar tərəfindən oğurlanmasına dair açıqlama verib.
Bankdan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb.
“Kapital Bank” araşdırmanın nəticələri barədə məlumat yayacağını vəd edib.
Təyyarə qəzasında həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb:
"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".
C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.
Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.
22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.