![]() |
|
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 3 ekipaj üzvünün cəsədinin tapıldığını bildirib.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
1. Kşnyakin İqor (pilot)
2. Kalyaninov Aleksandr (pilot)
3. Əliyeva Hökumə (stüardessa)
Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevin sərəncamı ilə ölkə ərazisində bir günlük matəm günü elan edilib.
matəm günü ilə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endirilib.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eləcə də təyyarə qəzasının səbəblərinin yerində araşdırılması üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktaudadır.
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir.
AZƏRTAC xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.
Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib: “Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.
AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
Qeyd edək ki, “Embraer Е190 AR” model təyyarələr 2004-cü ildən istehsal olunur. Konfiqurasiyasından asılı olaraq, 100-124 sərnişin daşıya bilir. İki General Electric CF34 -10E mürəkki ilə təchiz olunub, maksimal uçuş məsafəsi 5000 km-dir. Maksimal uçuş çəkisi 51,8 tondur.
Beynəlxalq bazarlarda bu modelin rəqibləri Kanadanın “Bombardier CRJ-1000”, Avropanın “Airbus A220-100 “və “Airbus A318”, ABŞ-nin “Boeing 717”, “Boeing 737-500” və “Boeing 737-600” təyyarələridir.
“Embraer E190”in ən iri alıcıları ABŞ-nin “SkyWest Airlines”, “Republic Airways” və “Envoy Air” aviaşirkətləridir. MDB ölkələrindən AZAL-dan başqa Embraer-in fərqli modellərini 2021-ci ilədək Belorussiyanın “Belavia”, Rusiyanın S7 və “İkar” aviaşirkətləri alırdı.
Embrayer E-Jet xəttindən (Е170, Е175, Е190 и Е195) 2024-cü ilin iyulunadək cəmi 1695 təyyarə istehsal olunub. Müxtəlif hadisələr zamanı onlardan 8 təyyarə istismardan çıxarılıb (onlardan 5-i əsasən sərt eniş nəticəsində ciddi xəsarətlərdən sonra).
Təyyarə qəzasında ölənlərdən iki nəfəri Qusar sakindir.
Onlar Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş olan 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar.
Faktı Qusar Rayon İcra Hakimiyyətindən saytımıza təsdiq ediblər.
RİH-dən bildirilib ki, onların ata-anası olmayıb və tək yaşayıblar:
“Ataları çoxdan rəhmətə gedib, anaları isə 4-5 il əvvəl Suriyada itkin düşüb. Bacı-qardaş tək yaşayırdılar, Qroznıya hansı səbəblə uçduqları məlum deyil”.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 nəfəri sərnişin, 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həlak olub, 29 nəfəri sağ qalıb.
Ötəngünkü təyyarə qəzasında həyatını itirənlərdən biri də məktəblidir.
“Bununla bağlı onun təhsil aldığı Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəb paylaşım edib.
Qeyd edilib ki, məktəbin 8d sinif şagirdi Yeganov Məhəmmədəli Fərid oğlu dünən xəstəxanada dünyasını dəyişib.
Məhəmmədəlinin 13 yaşı olduğu bildirilir.
Xatırladaq ki, Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
Aktauda baş verən qəza zamanı təyyarədə olan sərnişinlər arasında Ağdaşın Ərəb kəndindən olan 24 yaşlı Həbib İsmayılov da var.
Baku TV xəbər verir ki, ailəsi və yaxınları Həbib İsmayılovdan heç bir xəbər tuta bilmir.
H.İsmayılovun anası Xalidə Məmmədova bildirib ki, sonuncu dəfə oğlu ilə təyyarəyə minəndə danışıb:
“Saat 8-ə qalmış danışmışdıq. Demişdim ki, çatan kimi mənə xəbər et ki, ana, sağ-salamatam. Dostları çağırırdı ki, gəl, iş var işləyək”.
Ətraflı videomaterialda:
Bu gün təyyarə qəzasında sağ qalanlardan biri də Lənkəran rayon Lüvəsər kənd sakini 2004-cü il təvəllüdlü Ayhan Zəfər oğlu Bayramzadədir.
APA xəbər verir ki, atası Zəfər kişi deyib ki, evin tək oğlu olan Ayhan əmisinin yanına işləməyə gedirdi.
"Dünən bibisi ilə Sumqayıt şəhərinə getdi. Bu gün səhər təyyarə ilə Rusiyaya əmisinin yanına özünə iş qurmağa getdi. Saat 11-12 də onlardan bir xəbər çıxmadı. Qardaşıma zəng etdim Ayhandan nə xəbər var. Qardaşım ağladı dedi evimiz yıxılıb. Ayhanın olduğu təyyarə Qazaxıstanda qəzaya düşüb, amma sağ qalanlar var. Ümid edək ki, Ayhan da sağ qalanların siyahısındadır. Yoldaşıma bir söz demədim. Televizora baxdım gördüm Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov oğlumla danışır, səhhəti ilə maraqlanır. Ondan sonra yoldaşıma xəbəri verdim. Sağ olsun dövlət başçısı hadisə ilə bağlı operativ qrup yaratdı. Özü də iclasdan dönüb xalqın yanında olduğunu göstərdi".
Ayhanın anası Aynur Bayramova bildirib ki, təyyarə qəzasını yoldaşından eşidib. "Yoldaşım mənə xəbəri çatdıranda ölənlər haqqında eşidəndə çox pis oldum və sevindim ki, oğlum sağdır. Televizorda oğlumu gördüm özü ilə qısa da olsa telefonla danışdıq ürəyim rahat oldu. Dedi ana hər şey yaxşıdır tezliklə evə qayıdaram".
Qeyd edək ki, Ayhan Bayramzadə ailədə bir bacı bir qardaşdır.
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Rosaviasiya" rəsmi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məlumatda bildirilir:
"Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.
İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra təyyarənin göyərtəsində yaranan fövqəladə vəziyyətə görə, nəqliyyat vasitəsinin kapitanı alternativ aerodroma uçmaq qərarına gəlib. Alternativ aerodrom kimi Aktau seçilib.
Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.
Rosaviasiya AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır".
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.
Bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir.
Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.
Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.