Azərbaycanda törədiləcək sensasion plan ifşa edildi - DTX əməliyyatı

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları - 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, Respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.

Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.

Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb.

Fəxrəddin Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuş, həmçinin digər şəxslər istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir.

 

 

 
direktor-ev-dustagi-oldu

“Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.

Hazırda direktorun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.

Əldə etdiyimiz məlumata görə, Havvaxanım Rüstəmovanın işi üzrə ümumi ziyan 500 min manata yaxındır. Amma onun yaxınları həmin ziyanın çoxunu ödəyib. Məhz bu səbəbdən azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.

Buna baxmayaraq, zərərçəkmiş şəxslərin bəziləri narazıdır. Onlar mülki iddia qaldıracaqlarını deyirlər.

Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bakıda "2 təkər qaldıran" sürücü həbs edildi - Video

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bu barədə  Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Vaz 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

Ağadadaş Ağayevin balta ilə qovduğu mühafizəçinin məhkəməsi başlayır – BARIŞIQ OLACAQ?

Bu gün, dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin adı keçən növbəti məhkəmə prosesi başlayır.

Musavat.com xəbər verir ki, hazırkı proses üzrə müttəhim kürsüsünə “MedEra” hospitalının yerləşdiyi binanın mühafizəçisi Nurəddin Cəlilov çıxarılacaq.

Nurəddin Cəlilova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham verilib. Cinayət dosyesi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb. Məlum insidentlə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində 1 deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. İlk olaraq tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən, hakim Vüsal Tağıyevin icraatına verilən də məhz Ağadadaş Ağayevin cinayət dosyesi olub.

Bu gün baxılacaq cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova 1 dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Xalq artisti, tanınmış kinorejissor - aktyor Şeyx Əbdül Mahmudbəyov Ağadadaş Ağayevə və Nurəddin Cəlilova müraciət edərək tərəfləri barışığa çağırıb:

“Allahın bir bağışlamaq, tövbə qapısı da var. Ola bilər ki, Ağadadaş əsəbiləşib, qızışdırıblar və ya xalq artisti adına arxayın olub. Gərək belə bir hadisə olmaya idi. O, mühafizəçini balta ilə qovub, balta atıb, o da Ağadadaşın cavabını verib. Bu hadisə olmamalı idi. Olubsa, onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar. Hadisə olur, ölüm-itim baş verir. Adam da ağsaqqalları yığıb gəlir qapısına, deyir lənət şeytana, hadisədir, olub. Barışırlar, məsələ bitir. Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Elçibəyin evini o qarət edibmiş

Sabiq prezident Əbülfəz Elçibəyin Bakıdakı evindən oğurluq edilməsi ilə bağlı cinayət işi başlanılıb.

Teleqraf.com məlumatına görə, əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Məlumata görə, sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Fakta görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - “Cəzalar olacaq”

“Vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün lisenziyası, təhsili varmı kimi suallara vətəndaş cavab tapmalıdır”.

Bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev İTV-nin efirində diplomsuz plastik cərrahlarla bağlı danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, dövlətin bu məsələdə ciddi mövqeyi var və araşdırmalara başlanılıb:

“Bilinməlidir ki, sosial şəbəkədə, internetdə parlaq, cəlbedici görünən çağırış, reklam aldadıcı ola bilər. Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu. Bunların araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Bu paylaşımların dayandırılması üçün Qənirə xanıma mesajlar yazılıb.

Burada qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, təzyiq etməyi üstün tutublar. O həkimlərin biri çıxıb sosial şəbəkədə iddialara cavab vermədi. Diplomun, sertifikatın yoxdur deyilirsə, təqdim etməlisən.

DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxu sonradan susdurulub. Zərərçəkmiş şikayətin geri götürür ki, həkimlə arasındakı problemi həll edib.

Bütövlüklə cəmiyyət olaraq biz hüququn işləyə biləcəyi formada qaydaları tənzim etməliyik. Qanunsuz fəaliyyət göstərirsənsə, cəza təhdidi var.

Dövlətin bu sahədə konkret mövqeyi var. Adiyyəti üzrə tapşırlar verilib. Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən işlər davam etdirilir. Bu əməllə məşğul olanlar diqqətli olsunlar, cəzalanmalar olacaq”.

Məktəb direktoruna şiddətli TÖHMƏT VERİLDİ

Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli töhmət verilib.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, İdarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir:

"Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

"Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir. Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir", - məlumatda bildirilib.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə yayılan səs yazısında adıçəkilən məktəbdə valideynlərdən pul istənilməsi məsələsi yer almışdı.

Bakıda gecə şaxta olacaq, sulu qar yağacaq - BU TARİXDƏ…

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də gecə saatlarında havanın temperaturu 0 dərəcəyə düşəcək.

BAKU.WS xəbər verir ki, dekabrın 15-də Bakıda gündüz havanın temperaturu 2 dərəcə, gecə isə -1 dərəcə təşkil edəcək.

Dekabrın 15-də Bakıda gün ərzində sulu qar yağacağı proqnozlaşdırılır.

Həmin gün havanın temperaturunun digər günlərə nisbətən 6-7 dərəcə aşağı olacaq.

Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, 1960-cı il təvəllüdlü Bəbir Şirin oğlu Mehdiyevin idarə etdiyi “VAZ 21074 minik” markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Ənnağı oğlu Nağıyevin idarə etdiyi “Toyota Prius" markalı minik maşını toqquşub.

Nəticədə “VAZ 21074"ün sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, “Toyota Prius"un sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Azərbaycanda ərazi icra nümayəndəsinin meyiti tapıldı - YENİLƏNİB

Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA xəbər verir ki, 30 yaşlı Şəfiq Əliyev günorta 13:00 radələrində işdə, ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxdığını bildirib.

Bundan sonra onun telefonuna zəng çatmayıb. Axşam saat 19:00 radələrində, yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbirstanlığının qapısında aşkarlanıb.

Ş.Əliyevin axtarışında olan yaxınları, qəbirstanlığı axtarmağa başlayıblar. Axtarışlar nəticəsində onun meyiti qəbirstanlığın içində ağacdan asılı vəziyyətdə tapılıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

***

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

APA xəbər verir ki, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti