Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ

Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir. Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Azərbaycanda zəlzələ olub

Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.

APA bildirir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.

Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video

Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb.

Məlumatı "Azad İran” yayıb.

Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülüb.

Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər

"Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib".

Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.

"2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb ki, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib.

Qeyd etmək istəyərəm ki, son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olur. Lakin həmin uçuş aparatlarının saxlanılması təmin edilir, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınır", - Araz Məmmədov bildirib.

Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Belə ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10° isti olacaq.

Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb

Uşaqlar arasında təhlükəli virus yayılıb.

 Xezerxeber.az məlumatına görə, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova bildirib ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır.

A. Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, xəstəlik düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə birbaşa ürək əzələlərinə də təsir edə bilir ki, bu da ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan valideynlər diqqətli olmalıdırlar.
 

İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü

Kibercinayətkarların vətəndaşlara toy dəvətnamələri göndərərək dələduzluq etdikləri barədə məlumatlar yayılıb.

Son günlər vatsap mesajlaşma tətbiqi vasitəsilə vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi "toy dəvətnaməsi” kimi göndərilir.

Həmin faylı yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallarda diqqətli olmağa çağırıb.

Daha ətraflı "Xəzər Xəbərin” videomaterialında:

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Xəbər lenti