![]() |
|
Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın “Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
Məlumata görə, Boeing 787 təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.
Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
"Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub.
Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində itlə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs paytaxt sakini olan 1971-ci il təvəllüdlü Y.İbrahimovdur.
Sözügedən şəxsin barəsində qanunauyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.
“Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilmişdir”.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun AZƏRTAC-da dərc olunan məqaləsində qeyd olunub.
Bildirilib ki, naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib:
“Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülmüşdür.
Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır.
Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilmişdir. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olmuşdur”.
Hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanmış və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilmişdir.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun AZƏRTAC-da dərc olunan məqaləsində qeyd olunub.
“Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilmişdir.
Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilmişdir. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilmişdir” – məqalədə deyilir.
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən “Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktoru və iki işçisi cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyev mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Uğur yolu” narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.
Son illərdə Bakı və Abşeronda bu cür reabilitasiya mərkəzlərinin sayı artıb. Bir müddət əvvəl elə Novxanı qəsəbəsində fəaliyyət göstərmiş başqa reabilitasiya mərkəzində xəstələrə işgəncə verilməsi və bir nəfərin ölümü ilə nəticələnən hadisə baş vermişdi. Həmin mərkəzin direktoru və əməkdaşlarına 8 ilə kimi həbs cəzası verilib.
Bu ittihamın mahiyyətinə gəlincə…
Ötən il reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat vermişdik. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzinə gətirilsin.
Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olub.
Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.
Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər. Onlar Romanın boyundan dayaz olan hovuzda (hovuzun dərinliyi 1 metr 70 sm, zərərçəkmişin boyunun uzunluğu 1 metr 80 sm olub-red) boğulmasını narkotikin təsiri altında ola biləcəyi ilə əlaqələndiriblər. Həmçinin özlərini polis əməkdaşı kimi təqdim etmələri ilə bağlı deyilənləri də inkar ediblər.
Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən-Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.
Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə tərkibi tərəfləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslər hər biri verilmiş ittihama münasibətdə günahkardırlar.
Hökmə əsasən, mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qubadlı rayonu Xəndək kəndində 20 hektarlıq sahədə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Xaçmazda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.
Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.
Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.
Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 32 il ötür.
Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.
Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.
Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qisasın alınmasına nail olunub. Baxmayaraq, Ermənistan silahlı qüvvələri hətta Vətən müharibəsi günlərində də dinc əhaliyə qarşı hərbi cinayətini davam etdirib. Azərbaycan əsgərinin qarşısında tab gətirməyən düşmən döyüş meydanından qaçaraq o zamankı cəbhəyanı ərazilərdə yerləşən və eləcə də cəbhəyanı ərazilərə yaxın olan şəhər və rayonları ballistik raketlərlə bombalayıb. Gəncə və Bərdə şəhərlərinin düşmən tərəfindən ballistik raketlərlə bombalanması nəticəsində neçə-neçə günahsız insanın, azyaşlıların, qadınların həyatına son qoyulub. Eləcə də Mingəçevir, Yevlax, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması nəticəsində uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insan qətlə yetirilib.
Bütün bunlar dinc azərbaycanlılarla düşmənçilik edən ermənilərin – erməni silahlı birləşmələrinin ideologiyasının əsas qayəsidir.
Amma onların bu ideologiyası da, mifologiya üzərində quraraq özlərini inandırmağa çalışdıqları yenilməz orduları da məhv edildi. Məhz qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da, tarixi ədalət bərpa olundu və qələbə qazanıldı. Tarixən azərbaycanlılara qarşı kütləvi qırğın, qətliam və soyqırımı törədən erməni silahlıları və onların tör-töküntüləri isə döyüş meydanında yerindəcə məhv edildi. Əldə olunmuş Zəfərə, qazanılmış qələbəyə baxmayaraq, Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə cavab verməyə məhkum ediləcəyini bildirib.
Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:
№ | A.S.A | Doğum tarixi | Yaşı |
Azyaşlı uşaqlar | |||
1 | Hümbətov Elçin Vəzir oğlu | 1980 | 12 yaş |
2 | Hümbətov Bəxtiyar Vəzir oğlu | 1982 | 10 yaş |
3 | Hümbətov İsmayıl Vəzir oğlu | 1984 | 8 yaş |
4 | Hümbətov Nəvadi Vəzir oğlu | 1986 | 6 yaş |
5 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
6 | Hümbətov Canpolad Vəzir oğlu | 1992 | 6 ay |
Qadınlar | |||
1 | Abdullayeva Səadət Abdulla qızı | 1973 | 19 yaş |
2 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
3 | Mehdiyeva Ayna Hümbət qızı | 1967 | 25 yaş |
4 | Mehdiyeva Bəyim Aydın qızı | 1959 | 33 yaş |
5 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
6 | Mehdiyeva Süraya Məhəmməd qızı | 1956 | 36 yaş |
7 | Kalbalıyeva Nubar Muradxan qızı | 1952 | 40 yaş |
8 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
9 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |
10 | Alməmmədova Zeynəb Şəmil qızı | 1972 | 20 yaş |
11 | Alməmmədova Kəmalə Şəmil qızı | 1976 | 16 yaş |
12 | Hümbətova Hürzaman Qara qızı | 1959 | 33 yaş |
13 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
Qocalar | |||
1 | Abdullayev Abdulla Bədəl oğlu | 1934 | 58 yaş |
2 | Mehdiyev Hümbət Əbulqasım oğlu | 1930 | 62 yaş |
3 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
4 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
5 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
6 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |