![]() |
|
Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.
Məlumata görə, Bakı vaxtı ilə saat 03.45-də baş verən zəlzələnin maqnitudası 3,1, dərinliyi 19 kilometr olub.
Zəlzələ hiss olunmayıb.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir qrup şəxsin meyit qalıqları müəyyən edilib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata əsasən, hərbçi Məmmədov Mübariz İlyas oğlunun meyit qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlunun meyit qalıqları Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, hərbçi Rüstəmov Tərlan Kamal oğlunun meyit qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Qəhrəmanov Bilal Qəhrəman oğlunun meyit qalılqarı isə Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcək.
Dəfn mərasimləri sentyabrın 20-də baş tutacaq.
Göygöldə toyda döyülən kişi ölüb.
“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində dava zamanı ağır xəsarətlər alan Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada ölüb.
Belə ki, xuliqanlıq zəminində döyülən şəxs ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Göygöl RPŞ-nin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.
Ötən il Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Omarşa Kərimova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi O.Kərimovu Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.
Bildirilib ki, O.Kərimov hadisə vaxtı “Schmitz” markalı TIR-la İrandan Rusiyaya 19 ton gilas aparırmış. O, Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olarkən idarə etdiyi yük maşını Məhərrəm Fərziyevin sürdüyü “VAZ 2105” markalı avtomobillə toqquşub. Nəticədə M.Fərziyev, həyat yoldaşı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyev vəfat edib. Onlar Lənkəranda toyda iştirak edib Bakıya qayıdırmışlar.
O da məlum olub ki, qəzada vəfat edən Məhərrəm Fərziyev Müdafiə Nazirliyinin pensiyaya çıxmış polkovniki olub. Ehtiyatda olan zabit “Sabit” mühafizə şirkətində baş inspektor vəzifəsində çalışırmış. Mərhumun yaxınları məhkəmə iclasında hadisənin qəsdən törədildiyini, qəzadan sonra M.Fərziyevin qətlə yetirildiyini iddia ediblər. Onlar bunu M.Fərziyevin nəşinin qəza baş verən yerdən bir qədər aralıda tapılması ilə izah ediblər. Lakin bu iddialar məhkəmə istintaqı tərəfindən qəbul edilməyib.
Məhkəmənin 13 sentyabr tarixli hökmü ilə qəzanı törədən Omraşa Kərimova 9 il həbs cəzası verilib. Onun əlavə olaraq 4 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.
Balakəndə polis və sərhədçilər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna xəbər verir ki, yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyatlar zamanı 3 narkotik plantasiyası aşkar edilib. Çətənə kollarını əkən 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan 290 ədəd çətənə kolu “Kalaşnikov” avtomatı, daraq, patronlar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paytaxtın Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 18:50 radələrində Lökbatan qəsəbəsində marşrut xətti üzrə hərəkət edən “İsuzu NP 37” markalı avtobus velosipedlə yolu keçən 2016-cı il təvəllüdü Quliyev Nicat Arif oğlunu vurub. Ağır xəsarət alan azyaşlı vəfat edib.
Avtobusun sürücüsü, 1993-cü il təvəllüdlü Asdan Hüseynov barəsində Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Rüşvət almaqda təqsirli bilinərək şərti məhkum edilmiş Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları Orxan Zöhrabov və Mirağa Ağayevin işi yenidən araşdırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onların işinə bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.
Gömrükçülər 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər. İşə ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi qiymət verilib. Hökmə əsasən, Mirağa Ağayev günahsız elan edilərək bəraət alıb. Orxan Zöhrabova və onunla birgə ittiham olunan bir neçə keçmiş gömrükçüyə isə şərti cəza verilib. Onlar hamısı 10 ay sonra azadlığa buraxılıb.
Hakim Əli Məmmədovun həmin hökmü isə prokuroru razı salmayıb. Verilmiş apellyasiya protesti ilə M.Ağayevin bəraəti ləğv edilib, şərti cəza verilib. O.Zöhrabov yenə şərti cəza ilə azadlıqda qalsa da, digərləri yenidən həbs edilib.
Amma bu qərar da Mirağa və Orxana münasibətdə Ali Məhkəmədə ləğv edilib. Bu dəfə iş təkrar baxış üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.
Bir ilə yaxın davam edən yeni məhkəmə istintaqı ötən gün başa çatıb. Məhəmmədəli Rzayevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, Mirağa Ağayevin birinci instansiyadakı hökmü əsaslı olub. Bundan əlavə, Orxan Zöhrabov da ittihama münasibətdə təqsirsizdir. Qərara əsasən, onların hər ikisinə bəraət verilib. Həmçinin təzminat üçün müraciət etmək hüquqları izah edilib.
Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.
Bildirilir ki, E.Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başladılıb.
İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib.
Bildirilib ki, sözügedən məsələ barədə razılaşma cari ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovkidən bu məsələ ilə bağlı külli miqdarda pul alıb.
Keçmiş vəkili həmin maddə üzrə 1 milyon rubl həcmində cərimə ilə yanaşı, 10 ilə qədər həbs cəzası gözləyə bilər.
Qeyd edək ki, Yelena Blinovskaya 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilir. O, 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib. İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbirdir. Buna baxmayaraq, o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.
Xatırladaq ki, Elman Paşayev cari ilin aprelində Ukrayna müharibəsində yaralanmışdı. O, A.Blinovski ilə eyni bölmənin tərkibində xidmət edib.
Fotoda Yelena və Aleksey Blinovski
Şəmkirdə bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az xəbər verir ki, rayon ərazisində "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, avtomobildə olan sərnişin Elbəyi Həsənov isə qəza nəticəsində ölüb.
E.Həsənov polis zabiti olub və Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində işləyib.
O, ailəli olub.
Faktla bağlı araşdırmalar aparılır.