![]() |
|
Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfərini təxirə salmasının səbəbi bəlli olub.
Axar.az “168 Jam” qəzetinə istinadən xəbər verir ki, əslində Paşinyan səfərini heç də İrəvan Şəhər Şurasına keçiriləcək seçkidə iştirak üçün təxirə salmayıb.
“Əldə etdiyimiz məlumata görə, səfərin təxirə salınma səbəbi fərqlidir. Belə ki, erməni tərəfi əvvəlcə ABŞ Prezidenti Donald Trampla görüşməyi təklif etsə də, bu istək rədd edilib. Daha sonra vitse-prezident Maykl Penslə görüşə cəhd edilib, lakin bu istəyə də rədd cavabı verilib. ABŞ-a səfərin “xilası üçün” son ümid Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Dövlət katibi Mayk Pompeonun görüşünün təşkili olub. Lakin hələlik ABŞ tərəfi bu görüşün keçirilməsi üçün öz cavabını verməyib. Mənbəmiz bu görüşə rədd cavabı veriləcəyini gözləyir”, – deyə məlumatda bildirib.
Qeyd edək ki, Paşinyan bundan öncə ABŞ-a edəcəyi səfəri 23 sentyabra təxirə saldığını bildirib. Baş nazir buna səbəb kimi İrəvan Şəhər Şurasına keçiriləcək seçkidə səs vermək istəməsini göstərib.