Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

Sənədə əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Sərəncamda qeyd olunub ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur:

"Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".

14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB

Xəbər lenti