Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb

Regionda kövrək proseslərin cərəyan etdiyi vaxtda Türkiyə milli müdafiə nazirini ölkəmizə gətirən önəmli məqamlar açıqlandı - şərh

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana gəlib. Maraqlıdır ki, Gülər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Nazirlər Kabinetinin iclasından dərhal sonra Bakıya yola düşüb.

Prezident İlham Əliyev mayın 13-də Yaşar Güləri qəbul edib.

Dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Bununla yanaşı, dövlətimizin başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlət başçısı deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladıb. Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib.

Söhbət zamanı Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu səfərin Ermənistanın sürətlə silahlandırıldığı və Azərbaycanın mövqelərinin atəşə tutulduğu bir vaxtda gerçəkləşməsi diqqət çəkir.  İki qardaş ölkə arasında müdafiə məsələlərində müzakirə ediləcək mövzular həmişə var. Həmçinin Azərbaycanla Türkiyə arasında Suriya ilə bağlı məsləhətləşmələr də gedir. Azərbaycan Prezidenti Əsəd rejimi yıxıldıqdan dərhal sonra bəyan etdi ki, bu məsələdə Türkiyənin yanındadır. Azərbaycandan Suriyaya ilk yardım karvanı da göndərildi. Ötən ay Antalya Diplomatik Forumu çərçivəsində Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriyada səfərdə olub. Rəsmi mətbuatın yaydığı məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Azərbaycanın Suriyada hər hansı hərbi iştirakı məsələsi hələ açıq qalır, ehtimallara görə, dövlət rəhbərliyi səviyyəsində bu barədə müzakirələrin davam etdiyi istisna deyil.

Səfərə diqqəti artıran həm də İsrailin Suriya məsələsində Türkiyə ilə toqquşan mövqeləridir. Bəllidir ki, iki ölkə diplomatları Bakının vasitəçiliyi ilə bu mövzuda müzakirələr aparsalar da, nəticə əldə olunmayıb. Son günlər isə İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib. Hücum zamanı Suriya Prezidenti Əhməd əş-Şaraanın sarayının yaxınlığı hədəfə alınıb. İsrailin müdafiə naziri hücumun “mesaj” olduğunu bildirib. İstisna deyil ki, bu dəfə iki ölkənin müdafiə strukturlarının rəhbərləri Bakıda belə bir təmaslar etsinlər. Çünki bu günlərdə daha bir Türkiyə-İsrail görüşü Bakıda baş tutmuşdu.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik yüksəliş dövrünü yaşamaqdadır: “Azərbaycan Ordusu türk modelini təkmilləşdirir və bu sistemə keçidi sürətləndirir. Türkiyə ilə tez-tez keçirilən hərbi təlimlər həm təcrübə baxımdan vacibdir, həm də dünyaya birlik mesajı verilir. Bununla Azərbaycanın necə bir arxa-dayağı olduğu nümayiş etdirilir. Ermənistanın müdafiə nazirinin Avropaya ayaq açdığı bir zamanda da Gülərin Bakıya gəlməsi Qərbdəki anti-Azərbaycan qüvvələrə bir cavab kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, səfəri mühüm edən yalnız bu amillər deyil. Eyni zamanda əlaqələrin gücləndirilməsi, növbəti addımların planlaşdırılması müzakirə edilə bilər”.

Hərbi təhlilçi hesab edir ki, regional mövzular indi daha aktualdır: “Təkcə Suriyanı qeyd etməzdim. Rusiya, İran, İsrail bölgədə fəal oyunçulardır. Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyini gücləndirməsi indi əvvəlkindən daha da əhəmiyyətlidir. Bundan başqa, Şuşa Bəyannaməsindən irəli gələn müzakirələr də istisna deyil. Yeri gəlmişkən, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəmizə səfərdən az əvvəl - mayın 3-də Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib. Görüş Şimali Kiprdə "TEKNOFEST" ilə əlaqədar tədbir çərçivəsində baş tutmuşdu. Belə desək, təmasların intensivliyi mühümdür".

Hərbi analitikin sözlərinə görə, mayın 8-də isə Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizin HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər: “Göründüyü kimi, ən müxtəlif səviyyələrdə görüşlər, tədbirlər, əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Azərbaycan Ordusunun türk modelini tam mənimsəməsi prosesi başa çatdırılmalı, yeni inkişaf istiqamətlərinə başlanmalıdır. Azərbaycan Ordusu NATO standartlarına uyğun olaraq yenidən formalaşdırılır.

Bu prosesdə də qardaş Türkiyə hərbi sisteminin Azərbaycan Ordusuna tətbiqi vacibdir. İki qardaş ölkənin müttəfiqliyi istər hərbi, istərsə də digər sahələrdə bölgəyə ancaq sülh və sabitlik bəxş edir. Ona görə də Gülərlə müzakirə ediləcək mövzular genişdir: həm əməkdaşlığın genişləndirilməsi, həm də regional mövzular. Xüsusən də Azərbaycan bu gün Türkiyə ilə İsrail arasında deeskalasiya üçün əlindən gələni etməkdədir. Hətta xarici işlər naziri Fidan da Bakının səylərinə vurğu edərək qiymətləndirib".

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB

Xəbər lenti