![]() |
|
Son struktur islahatları hələ 2019-cu ilin ilk ayının yarısında baş verən proseslərdir.
Qarşıda isə 11 aydan artıq vaxt var və bu müddət ərzində islahatlar davam edəcək.
Bu sözləri Axar.az-a bir müddət öncə ləğv edilən qurumlara büdcədən ayrılan vəsaitlərin taleyi ilə bağlı suala cavabında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı ləğv edilən və ləğv ediləcək olan qurumların xərclərinin dövlət büdcəsində nəzərdə tutulduğunu bildirib:
“Ümumiyyətlə, hər il büdcədən 100 milyonlarla vəsait xərclənməmiş qalır. Ötən ilin büdcə kəsirindən qalan 1 milyard vəsait 2019-cu ilin büdcə kəsirinin bağlanmasına istiqamətləndirilib. Yəni ilin yekunlarında büdcədə hər zaman qənaət olur. Son bir neçə gündə ləğv edilən qurumlara ayrılan maliyyənin taleyi ilə bağlı suala gəlincə, həmin xərclər həyata keçirilməyəcək. Məsələn, Strateji Araşdırmalar Mərkəzinə (SAM) büdcədən ayrılan 8 milyon manat büdcədə qalacaq. Bu, digər ləğv edilən qurumlara da aiddir. Əgər başqa qurumlar da ləğv olunarsa, eyni qayda onlara da şamil olunacaq”.
Professor son dəyişikliklər fonunda büdcəyə yenidən baxılması ehtimalına da aydınlıq gətirib:
“Bir sıra qurumların ləğvinə görə büdcəyə yenidən baxılması real deyil. Son struktur islahatları hələ 2019-cu ilin ilk ayının yarısında baş verən proseslərdir. Qarşıda isə 11 aydan artıq vaxt var və bu müddət ərzində islahatlar davam edəcək. Hətta bəzi nazirliklər biləşdirilə və bir sıra komitələr ləğv edilə bilər. Büdcənin gəlir və xərclərinin parametləri prizmasından yanaşdıqda, həmin xərclər elə də böyük vəsait deyil. Bu baxımdan büdcəyə yenidən baxılması məqsədəuyğun deyil. Büdcəyə yalnız ölkə iqtisadiyyatında və dünya bazarlarında neftin qiymətləri ilə bağlı yaranmış hər hansı vəziyyət fonunda ilin ortalarında yenidən baxıla bilər”.