![]() |
|
İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib.
"Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq", - nazir əlavə edib.
Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.
Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki yaşı 60 ili ötmüş 2 mərtəbəli, 4 binanın sakinləri köçürülür.
Sakinlər iddia edir ki, bununla bağlı Binəqədi rayon 145 saylı Mənzil Kommunal və Texniki Xidmətlər Sahəsinə çağrılıblar və onlara xəbərdarlıq edilib.
49 ailənin yaşadığı bina sakinlərinə yaşadıqları mənzillərin qəzalı vəziyyətdə olduğu deyilib.
Onlara hər kvadrat metrə görə, 1660 manat kompensasiya ödəniləcəyi bildirlib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, həmin yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiqlənib. Bu binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşir və bu səbəbdən yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Bina sakinlərinin yaxın müddətində dövlət vəsaiti hesabına köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır.
"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanaraq 1660 manat müəyyənləşdirilib.
"Orqanizm üçün ən faydalı yağlar təmizlənməmiş (rafinə olunmamış) yağlardır".
Xarici KİV xəbər verir ki, bu sözləri rusiyalı diyetoloq Tatyana Solntseva deyib.
Onun sözlərinə görə, rafinə olunmamış yağlar salatlara əlavə olunur və parlaq aromaya malikdir, bu da bəzən insanlara xoş gəlməyə bilər. Lakin bu, onların tərkibində yüksək miqdarda faydalı maddələrin olması ilə bağlıdır. Rafinə olunmuş yağlar isə emaldan keçdiyi üçün bəzi faydalı xüsusiyyətlərini itirir:
“Rasionda yağların müxtəlifliyi sağlam qidalanmanın əsasını təşkil edir. İstifadə etdiyimiz yağ növləri nə qədər çox olsa, orqanizmimiz üçün bir o qədər yaxşıdır. Lakin bu, rafinə olunmamış zeytun, çətənə və balqabaq yağlarını çox miqdarda istehlak etmək demək deyil. Onların istehlakı orta səviyyədə olmalıdır".
Hava şəraitinin dəyişməsi ilə əlaqədar avtobusların bu gün saat neçəyə qədər işləyəcəyi açıqlanıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Belə ki, bu gün avtobuslar adi rejimdə işləyəcək."Əgər hər hansı bir dəyişiklik olsa, ictimaiyyətə məlumat veriləcək",- deyə agentlikdən bildirilib.
Sosial xidmətə götürülən şəxslərlə bağlı qaydalar dəyişir.
“Qafqazinfo xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələrinə sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq maddəsi əlavə olunub .
Qeyd olunub ki, qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Təklif olunan dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır.
Bundan başqa, Qanuna təklif olunan digər dəyişikliyə əsasən, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.
Qüvvədə olan redaksiyada yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilir.
Təklif olunan dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaqdır.
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, nazirlik Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zamanı aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
“Bununla bağlı Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.