Hərbi ilə bağlı yeni qərar: Boyun qaçıranlar cərimələnəcək

Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə edilib.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.

Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.

Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.

İXM-yə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.

Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.

Layihə müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Hərbçilər buna görə cərimə olunmayacaq

Milli Məclis ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmamaqlarını təsdiqləyib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.

Layihə müzakirədən sonra qəbul edilib.

Gömrük generalı yüksək vəzifəyə təyin edildi

Dövlət Gömrük Komitəsinin rəisi Şahin Bağırova yeni müavin təyin edilib.

Bakupost.az xəbər verir ki, bu vəzifəyə general-mayor Güloğlan Muradlı gətirilib.

General Muradlı bu təyinata qədər DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Tanınmış vəkilin daha bir fəaliyyəti dayandırıldı

Tanınmış hüquqşünas Adəm Məmmədovla bağlı yeni xəbər var.

Globalinfo.az xəbər verir ki, o, artıq müəllim kimi də fəaliyyət göstərə bilməyəcək.

Belə ki, A.Məmmədov Bakı Dövlət Universitetindəki vəzifəsindən də uzaqlaşdırılıb.

Xatırladaq ki, yanvar ayında Adəm Məmmədovun vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılmışdı.

Hökumə Əliyeva adına təqaüd proqramı təsis edildi

Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə Milli Qəhrəman Hökumə Əliyeva adına təqaüd proqramı təsis edilib. Bu təşəbbüs Polşada ali təhsil alan azərbaycanlı qadınların akademik və sosial inkişafını dəstəkləməyi hədəfləyir.

AZƏRTAC- bildirir ki, Milli Qəhrəman Hökumə Əliyevanın adını daşıyan bu təqaüd proqramı bir neçə əsas məqsədə xidmət edir:

- Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsini əbədiləşdirmək və onun qəhrəmanlıq nümunəsini gənc nəsillərə tanıtmaq;

- Polşada təhsil alan azərbaycanlı xanım tələbələri akademik və şəxsi inkişaf baxımından təşviq etmək;

- Gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq və onların cəmiyyətə aktiv töhfə verməsini dəstəkləmək.

Bildirilib ki, Polşada ali təhsil alan, minimum bir semestri uğurla başa vurmuş və yüksək akademik göstəricilərə malik tələbələr, eləcə də cəmiyyətə aktiv töhfə verən və müxtəlif ictimai layihələrdə iştirak etmiş şəxslər müraciət edə bilərlər.

Təqaüdə müraciət etmək istəyən tələbələr onlayn müraciət formasını dolduraraq təqdim etməlidirlər. Müraciətlər akademik nailiyyətlər, şəxsi motivasiya və ictimai fəallıq kimi meyarlar əsasında qiymətləndiriləcək.

Bu təqaüd proqramı Polşada yaşayan azərbaycanlı tələbə qızların fərdi inkişafına və onların cəmiyyətə daha böyük töhfə verməsinə dəstək olmaq məqsədini daşıyır.

Əhaliyə XƏBƏRDARLIQ - Bu halda qazlarınız kəsiləcək

"Azəriqaz" İstehsalat Birliyi qaz təchizatı ilə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə texniki müayinələrə start verib.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müayinələr zamanı texniki şərtlərdən kənara çıxan hallar və standartlara uyğun olmayan qaz cihazlarının istifadəsi və quraşdırılması yoxlanılır.

Texniki müayinələr abonentlərin təhlükəsizliyini təmin etmək və onları gələcəkdə dəm qazından boğulma və digər təhlükələrdən qorumaq məqsədi daşıyır.

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının fəaliyyətinə şərait yaratmayan şəxslərin mənzillərinə qaz verilişi dayandırılacaq.

20 yanvar dairəsində tıxac problemi necə həll olunacaq? - Video

20 yanvar dairəsində tıxaclar tarixə qovuşa bilər. Belə ki, dövlət proqramına əsasən, 2025-2026-cı illərdə 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır.

ğXezerxeber.az xəbərinə görə, dairədə sıxlığa əsas səbəb olan Ziya Bünyadov prospektindən gələn nəqliyyat axınının həlli gözlənilir.

Ekspert Ərşad Hüseynov təklif edir ki, ümumilikdə paytaxtda, 20 yanvar dairəsində sıxlığın azaldılması üçün Ziya Bünyadov prospekti boyu bir neçə zəruri həllər həyata keçirilməlidir. İlk növbədə Ziya Bünyadovun azadlıq prospekti ilə kəsişmədəki butulka effekti aradan qaldırılmalıdır

Paralel olaraq Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi və istismara verilməsi də həyata keçiriləcək.

"Sevgililər günü"nə olan hava proqnozu: intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Sürücülər qanunsuz cərimənin ləğvi üçün nə etməlidir? - İZAH

Bəzən sürücülərin qanunsuz cərimələndikləri ilə bağlı şikayətlərinə rast gəlirik. Lakin bir çoxu bu cəriməni necə ləğv etdirəcəyini bilmir.

Maraqlıdır, DYP-nin qanunsuz cəriməsindən necə şikayət etmək olar?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bir çox vətəndaş bu məsələdə əsas məqamdan xəbərsizdir.

Onun sözlərinə görə, DYP qanunsuz cərimə edibsə, protokoldan şikayət etmək mümkün deyil:

“Belə ki, məhkəmə protokoldan yox, yalnız qərardan şikayətə baxan qurumdur. Buna görə də mütləq qaydada qərar alınmalıdır. Bundan sonra 20 gün ərzində isə şikayət edilə bilər. Həmin qərarı almaq heç də hər zaman asan olmur. Qərar yalnız DYP-nin veb portalında olur və adətən onu vətəndaş özü istəməsə, vermirlər. Şikayəti yazarkən hansısa vəkilə və ya kitab cümlələrinə ehtiyac yoxdur. Vətəndaş özü baş verən hadisəni yaza və sübutları əlavə edə bilər. Sonda da “cərimənin silinməsini və … tarixdə … qərarın ləğv edilməsini xahiş edirəm” qeyd olunmalıdır. Hadisənin baş verdiyi ərazi üzrə müvafiq məhkəməyə müraciət edilməlidir”.

Bakıda bu rayona qatarla gedənlərə MÜHÜM XƏBƏR

Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 15 və 16 fevral tarixlərində əlavə qatar reysləri təyin ediləcək.

Yol-xeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

 

 

 

Xəbər lenti