![]() |
|
Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin ediləcək
Bununla bağlı məsələ artıq Milli Məclisın yaz sessiyasının ilk plenar iclasının gündəliyinə də salınıb.
Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi haqqında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və onun hakim təyin edilməsi plenar iclasda müzakirəsinə razılıq verilib.
Odur ki, fevralın 1-də Milli Məcliisn yaz sessiyasının ilk iclasında deputatlar Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələsini müzakirə edərək qərar verəcəklər.
Bir müddət öncə Vətən müharibəsi zamanı yaralanaraq düşmənə əsir düşən və sonradan vətənə qaytarılan Bayram Kərimov imtahan verib.
Baku.ws verdiyi məlumata əsasən, bu barədə Gəncə şəhər Təhsil İdarəsi öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda Vətən müharibəsinin qəhrəmanlarından olan, Bayram Kərimov eksternat qaydasında keçirilən imtahanda iştirak etdiyi və imtahanda uğurlu nəticə qazandığı bildirilib.
Baş Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Vüqar Məmmədzadə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə rəis müavini təyin olunub.
Azərbaycanda yanvarın 18-dən koronavirusa qarşı başlayan vaksinasiya ilə bağlı rəqəmlər açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.
O bildirib ki, bu günə qədər 50 minə yaxın vətəndaşa peyvənd vurulub:
“Peyvənd vurulan şəxslərin böyük əksəriyyəti səhiyyə işçiləridir”.
Xatırladaq ki, vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə vurulur.
Bakıda dayanma-durma qaydasını pozan bəzi sürücülər kamera vasitəsi ilə cərimələnməmək üçün avtomobilin qeydiyyat nişanlarını müxtəlif üsullarla gizlədirlər. Ona görə də kameralar vasitəsi ilə onlara cərimə tərtib etmək bəzən mümkünsüz olur.
Bəs bu halda sürücünü hansı cəza gözləyir?
Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, nəzarət kameralarının olduğu yerlərdə qayda pozuntularına görə cərimədən yayınmaq üçün qeydiyyat nişanının üstünü bağlamaq qanunla qadağandır. Sürücülərin bu qayda pozuntusuna görə "İnzibati Xətalar Məcəlləsi"ində daha ağır cəza nəzərdə tutulub. Həmin məcəllənin 342.9-cu maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməyə görə 500 manatdan 800 manatadək cərimələ nəzərdə tutulub.
Fərid
Sürücü Süleyman Məmmədov bildirir ki, ərazidə əvvəllər dəmiryolu olub: “Sonra bura tunel çəkdilər. Ancaq “Körpü-Bina Tikinti” MMC işini yarımçıq gördü. İndi də kənd camaatı əziyyət çəkir. Bura ikitərəfli yol olmalı idi. Şebelin üstündən asfalt töküb getdilər. Dəfələrlə şikayət etmişik, amma baxan yoxdur. Bu küçəylə camaat evinə gedirdi. İndi isə bu yolu mərkəzi yol ediblər. Camaat öz evindən çölə çıxa bilmir. Sürücülər 60-70 km sürətlə tuneldən yola çıxırlar. Piyadalar da yolu keçə bilmir. Elə olub ki, piyadalar saatlarla yolda qalıb. Qarşı-qarşıya gələn sürücülər düşüb bir-biriylə dalaşırlar. Bu yolda iki dəfə ölümlə nəticələnən qəza olub. Maşınlar da dəfələrlə toqquşub. Deyirlər ki, pul ayrılıb, amma gəlib problemi həll edən yoxdur”.
Qəsəbə sakini Şahnigar İmaməliyevanın sözlərinə görə, yolda dayanaraq dəqiqələrlə digər səkiyə keçmək olmur: "Keçən dəfə məktəbə uşaq aparan ananı övladıyla birgə maşın vurdu. Bura piyada keçidi qoyulmalı idi. Hamı bu yoldan narazılıq edir. Uşaqlar küçəyə çıxa bilmir. Avtobus da rahat dayana bilmir. Axşamçağı ümumiyyətlə tıxac olur. Dəfələrlə maşınlar qapımızı vurub. Evimizin qarşısında olan poçta belə keçə bilmirik”.
Digər sakin Ulduz Həsənova isə iddia edir ki, yol çəkilən zaman şirkət evinin kənarlarına şebel tökdüyündən mənzili çökəkdə qalıb: “İndi yağan yağışlar evimizin altına yığılır. Divarlar, döşəmə uçuq vəziyyətə düşüb. Dedilər ki, yolun kənarındakı evlər plana düşüb. Ancaq hələ də bu təhlükəli vəziyyətdə qalmışıq. Baş verən qəzalardan gecə də yata bilmirik. Böyük "Kamaz"lar yaxınlıqdakı zavoda yük gətirir. Onlar da tuneldən çıxanda hara dönəcəklərini bilmirlər, çaş-baş qalırlar. Axırda yoldaşım gecə çıxıb onlara yol göstərir”.
“Körpü-Bina Tikinti MMC” şirkətində sözügedən layihənin rəhbəri olan Adil adlı şəxs saytımıza bildirib ki, orada yarımçıq qalan iş yoxdur: “Mən podratçı təşkilatam. Layihəmdə nə göstərilibsə, onu tikmişəm. Sakinlər icra hakimiyyətinə müraciət etdilər. Əraziyə Nizami rayon İcra Hakimiyyətinin başçısı , “Azəravtoyol” , "Azərbaycan Dəmir Yolları" QSC-nin müavinləri gəldi. Onlar problemi həll edə bilməyəndən sonra mən nə edə bilərəm? Biz layihədən kənara çıxmamışıq”.
“Azəravtoyol”un Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələnin onlara aidiyyatının olmadığını vurğulayıb: “Həmin tuneli "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişiylə “Körpü-bina Tikinti” MMC həyata keçirib. Layihəni onlar reallaşdırıblar. Bizə aidiyyatı yoxdur”.
Azərbaycan Dəmir Yolları QSC-dən məsələylə bağlı “Qafqazinfo”ya bildirilib ki, Keşlə dəmir yolu stansiyasının yaxınlığında, M.Ə.Sabir küçəsində yerləşən tunel 2020-ci ilin mart ayının 13-də istismara verilib: "Qeyd edilən tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir. Bu ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi demək idi. Bu tunel belə halları aradan qaldırıb, hərəkətin təhlükəsizliyini təmin edib. Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb. Bildiyiniz kimi, tunel salınmamışdan öncə onun layihəsi aidiyyatı dövlət qurumları tərəfindən təsdiqlənib və zəruri bütün razılıqlar alındıqdan sonra tikintiyə başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi əsasında tunelin tikintisi həyata keçirilib və istismara təhvil verilib. Tunelin ətrafındakı ərazidə hərəkətin təşkili, tuneldən çıxdıqdan sonra piyadalar üçün keçidlərin salınması və zəruri yol-hərəkət nişanlarının qoyulması digər dövlət qurumları tərəfindən icra olunur".
Son günlər ölkə ərazisində abonentlərin yeni qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı ictimaiyyətdə müəyyən şayiələr yayılıb. Yeni quraşdırılan qaz sayğaclarının artıq sərfiyyat hesablaması, abonentlərin artıq xərc ödəməsi ilə bağlı yayılan məlumatlar vətəndaşlar arasında çaşqınlıq yaradıb.
"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Trend-ə müsahibəsində bu və digər suallara aydınlıq gətirib.
- Ruslan müəllim, son günlər sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, guya "Azəriqaz” tərəfindən abonentlərə quraşdırılan yeni mexaniki sayğaclar əsassız olaraq artıq sərfiyyat yazır. Bu barədə nə deyə bilərsiniz?
- "Azəriqaz” İstehsalat Birliyi bununla bağlı "Açıq qapı” günləri təşkil edir. Yeni gətirilən sayğaclarla bağlı yaranmış sualları cavablandırmaq məqsədilə hər həftənin 2-ci və 4-cü günləri saat 15:00-dan 17:00-a kimi vətəndaşlar onları maraqlandıran suallara cavab ala bilərlər.
Sayğacların dəyişdirilməsinə gəlincə isə bildirmək istəyirəm ki, biz son 10 ildə 2 növ sayğacdan istifadə edirik. Bunlar elektron tipli mexaniki sayğaclar və əvvəl ödənişli (Smart) sayğaclar. Bu gün də həmin növ sayğaclardan istifadə edilir. Yenə də mexaniki və smart sayğaclardan istifadə edirik. Yeni gətirilən sayğaclar da smart və mexaniki sayğaclardır. Artıq ən müasir smart sayğacları Bakıya gətirilib və 200 ədədi sınaqdan keçirilib. Həmin sayğaclardan artıq 30 min ədədini gətirmişik. Gələn ayın əvvəli əlavə olaraq 60 min smart sayğac Bakıya gətiriləcək. Bundan sonra həmin sayğacların quraşdırılmasına başlanacaq. Bu sayğaclar əvvəlkilərdən bir çox funksiyası ilə fərqlənir. Bu sayğaclara nəzarət və onun idarə edilməsi daha asandır. Həmin smart sayğaclarda əvvəlki sayğaclar kimi koda düşmə, bloklanma, kartın oxunmaması problemləri yoxdur.
Yeni quraşdırılan mexaniki elektron tipli sayğaclar isə sadəcə mexaniki sayğaclar kimi fəaliyyət göstərməyəcək. Bu sayğaclarda əlavə xüsusi qurğular quraşdırılır ki, bu qurğu vasitəsilə sərfiyyat kənardan görünəcək, klapan vasitəsilə borclu abonentlərin qazı mərkəzdən açılıb bağlanacaq. Həmin sayğaclar onlayn rejimdə işləyəcək. Biz hər hansı bir ərazidə, hər hansı bir binada köhnə smart tipli sayğaclarda sərfiyyatı görə bilmirdik. Abonent qaz yükləyib istifadə etməyincə biz onun sərf etdiyi qazı müəyyən edə bilmirdik. Biz xüsusi balansımızı həyata keçirə və aylıq itkiləri, ərazidən yığım səviyyəsini hesablaya bilmirdik. Amma indi quraşdırılan sayğaclar onlayn rejimdə olduğu üçün bu prosesə nəzaqrət etmək mümkün olacaq.
Sayğacların artıq pul yazmasına gəlincə isə "Azəriqaz” İstehsalat Birliyi olaraq abonentlərin hər birinin şikayətlərini araşdırmağa borcluyuq və hazırıq. Hazırda müraciətlər əsasən qaz sərfiyyatının çox olması və vətəndaşların artıq pul ödəməsi ilə bağlıdır. Bu müraciətlər əsasən noyabr-dekabr aylarında qaz sərfiyyatının çoxluğu ilə bağlıdır. Bilirsiniz ki, hazırda qazın bir kubmetri 20 qəpikdir. Cənab Prezidentin vətəndaşlara olan dəstəyi nəticəsində əhali abonentinə xüsusi limit verilib. Əhali abonerntində 2200 kubmetr qaz sərfiyyatı üçün qazın bir kubmetri 10 qəpikdən hesablanır. 2200 kubmetrdən sonra hər kubmetrə görə əhali üçün bir kubmetr 20 qəpikdən hesablanır.
- Mexaniki sayğaclardan imtina edən abonentlər Smart sayğaclarla təmin edilə bilərmi?
- Bəli. Abonentlərin təklif və şikayətlərini dinləməyə hazırıq. Biz əvvəlki sayğaclardan imtina etməmişik. Əgər kimsə müraciət etsə ki, onun evinə əvvəldən ödəniş (Smart) sayğacı quraşdırılsın, onun xahişi nəzərə alınacaq və abonentə yeni Smart sayğac quraşdırılacaq.
- Yeni sayğacların quraşdırılması prosesi nə yerdədir?
- Artıq müxaniki sayğacların quraşdırılmasına başlanılıb. Hazırda bu proses davam etdirilir. Bu günə qədər 17 yaşayış binasında sayğaclar xüsusi qurğular əlavə edilməklə quraşdırılıb. Qeyd edim ki, bu sayğaclar quraşdırılan əlavə qurğu vasitəsilə mərkəzdən idarə olunacaq. Abonentə istifadə etdiyi qaz sərfiyyatına görə sms-bildiriş gələcək və həmin bildiriş gələn gündən sonra abonentə bir ay vaxt veriləcək. Bir ay müddətinə qədər biz həmin abonentin qazını kəsməyəcəyik. Bir aydan sonra abonent borcunu ödəməsə, onun qazı avtomatik kəsiləcək.
- İşğaldan azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı vəziyyət nə yerdədir?
- İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi ilə bağlı ilkin layihə işlərinə başlanılıb. Dövlətin müəyyən etdiyi proqram üzrə işlər davam etdirilir. Həmin ərazilərə magistral qaz kəməri çəkilməlidir. Bununla bağlı hələ ki, layihə axtarış işləri gedir. Konkret hansısa işlərə başlanması vaxtı hələlik məlum deyil. İlkin mərhələdə Araz çayı boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur. Oradan isə Qarabağ rayonlarına və Dağlıq Qarabağa qaz xətləri paylanacaq. Bu ilkin layihədir və ola bilər ki, layihə dəyişsin.
Artıq işğaldan azad olunan ərazidə köhnə qaz xətləri keçən yerlər müəyyən edilib və inventarlaşdırılıb. Magistral xətt çəkiləndən sonra tələbat müəyyənləşdiriləcək, hansı ərazidə sənaye müəssisələrinin olacağı dəqiqləşdiriləcək. Əhalinin yerləşdiriləcəyi ərazilər və bu ərazilərə görə tələbat müəyyən edilməlidir.
- "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz” İstehsalat Birliyinə olan borc məsələsi bir müddət gündəmdə oldu. Bu məsələ həllini tapdımı?
- Bəli, bu məsələ həllini tapdı. Hazırda "Azəristiliktəchizat” ASC-nin bizə çox az borcu var. Çünki bu qurumun bizə olan 30 milyon manat borcu ötən ilin sonlarında dövlət tərəfindən ödənildi. Bu günə olan borc isə yalnız bu il istifadə edilən sərfiyyat borcudur.
- Ölkə üzrə ümumi qazlaşma səviyyəsi neçə faizdir və yeni layihələr varmı?
- Ümumi ölkə üzrə qazlaşma hazırda 92 faizdir. Qazlaşma xüsusi Dövlət Proqramı ilə həyata keçirilir. İlkin qazlaşma zamanı abonentdən heç bir ödəniş tələb olunmur, qaz xətləri çəkilir, sayğaclaşdırılır və abonentə təhvil verilir. Biz Dövlət Proqramının icraçılarıyıq.
Bakı şəhəri üzrə qazlaşma isə 100 faizdir. Bakının elə bir ərazisi yoxdur ki, orada qazlaşma olmasın. Ola bilər ki, hansısa qəsəbədə yeni tikililər olar, tikinti başa çatdırılmadığı üçün qazlaşdırılmayıb. Həmin ərazilərə isə biz kömək edirik. Ötən il Bakının bir neçə rayonunda yeni tikilən evlərin müəyyən hissəsinə köməklik etmişik. Həmin yeni tikilən evlər yerləşən küçələrə qaz xətti çəkirik, qalan hissəni isə vətəndaş ASAN xidmətə müraciət etməklə qaz xəttini çəkdirir.
- Qaz itkisinin və sayğacdankənar qaz xətlərinin çəkilməsinin qarşısını almaq üçün hansı işlər görülür?
- Bu məsələ əsas problemlərdəndir. Bununla bağlı monitorinq qruplarımız mütəmadi yoxlamalar keçirir. Aşkarlanan faktlarla bağlı sənədlər tərtib edilir və hüquq mühafizə orqanlarına müraciət olunur. Həm Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həm Daxili İşlər Nazirliyi, həm də prokurorluğa bu barədə hər ay müraciətlər edirik. "Azəriqaz” aşkarlanan fakt üzrə dəymiş ziyanı hesablayır və bununla bağlı aidiyyəti qurumlara müraciət olunur.
2019-cu illə müqayisədə sayğacdankənar qaz xətlərinin çəkilməsi faizi xeyli azalıb.
Azərbaycanda gündəlik yoluxma sayı artıq 200-ə düşüb. Bundan əlavə, gündəlik ölüm hallarında da xeyli azalma var. Ona görə də bu gün bir çoxları may ayından sonra Azərbaycanda normal həyatın bərpa ediləcəyi ilə bağlı iddialar səsləndirirlər. Hətta bəziləri may ayından sonra koronavirusun yox olacağını da deyirlər.
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yaz-yay aylarında Azərbaycanda koronavirusun 3-cü dalğası gözlənilmir:
"Çünki yanvarın 18-dən vaksinasiya başlayıb. İnsanlar da artıq karantin qaydalarına əməl edir və istər qapalı məkanlarda, istərsə də açıq havada maskadan istifadə edirlər. Ona görə də yoluxma sayının yenidən artması inandırıcı deyil. Sevindirici haldır ki, insanlar artıq Operativ Qərargahın tövsiyələrinə əməl edirlər. Düşünürəm ki, biz yay aylarında artıq normal həyatımıza geri qayıdacağıq. Düzdür, koronavirus heç bir zaman bitməyəcək, çünki bu, daim davam edən xəstəlikdir. Lakin gündəlik yoluxma da əvvəlki kimi olmayacaq, 3-5 arası olacaq. Ona görə də düşünürəm ki, artıq may və iyun aylarında qaydalar saxlanılmaqla karantin rejimi ləğv ediləcək və normal həyatımıza qayıda biləcəyik".