Bu dəfə postlardan 2059 maşın qaytarıldı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Eyni gündə torpağa tapşırılan şəhid xala oğlular...

Doğulduğu Cəbrayıl rayonu işğal olunanda cəmi 6 aylıq idi. Anasının qucağında – bələkdə çıxdığı torpaqlara qəhrəman kimi qayıtdı. Füzulidən Şuşaya qədər işğal olunan torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə döyüşdü. Söhbət 28 yaşlı şəhid qəhrəmanımız Vüsal Rüstəmovdan gedir. 

Şəhidin atası Valeh Rüstəmov “Qafqazinfo”ya oğlu Vüsalla bağlı xatirələrini danışıb. Onun bildirdiyinə görə, Vüsalı hərbçi edən onun torpağına,Vətəninə bağlılığı olub. 

“Oğlum 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Biz Cəbrayıldan çıxanda 6 aylıq idi. Biz bir müddət Əli-Bayramlı (Şirvan) rayonunda məskunlaşdıq, sonra Bakıya köçdük. Vüsal Yasamalda 53 saylı məktəbi bitirib. Təxminən iki il əvvəl isə gizirlik kursunu bitirdi və Goranboyda, sonra Mingəçevirdə, Bakıda hərbçi kimi fəaliyyət göstərdi. Müharibə başlayandan isə ön cəbhədə oldu. 

...Çox vətənpərvər oğul idi. Bəzən çoxu haqqında bu sözləri deyirlər, amma oğlum həqiqətən Vətənini çox sevən, mehriban oğul idi. Hər yerdə - həm məktəbdə, həm işdə, həm də döyüş yoldaşları arasında böyük hörmət qazanmışdı”.

Vüsal Rüstəmovun döyüş yolu Füzuli rayonu uğrunda hərbi əməliyyatla başlayıb. O, Xocavənd, Qubadlı uğrunda döyüşlərdə iştirak edib. Sonuncu döyüşü isə Şuşa ətrafında olub. Şəhid atası deyir ki, oğlunun ən böyük arzusu torpaqlarımızın azadlığı ilə bağlı olub. 28 il bu arzu ilə yaşayan Vüsal doğma yurdları Cəbrayılın azad olunması xəbərini də ailəsinə özü çatdırıb:

“Cəbrayıl geri qaytarılanda çox sevinirdi. Zəng edib deyirdi ki, ata gözlərin aydın olsun, kəndimizə gedəcəyik. Sevdiyi qız var idi, evlənəcəkdilər. Deyirdi daha Bakıda toy etməyəcəyəm, toyumuzu öz rayonumuzda edəcəyəm...”

Vüsalı ən yaxşı döyüş yoldaşları tanıyırlar. Onların dediklərinə görə, Vüsal həyatının son dəqiqələrinədək özünü deyil, dostlarını, cəbhə yoldaşlarını düşünüb.

“Döyüş yoldaşları deyirdilər ki, o qədər ürəkli oğul idi... Bəzən səngərdən səngərə yüyürə-yüyürə qaçardı, heç vaxt qorxmazdı. Yoldaşı üçün canını verərdi. Neçə yaralı yoldaşını döyüş medanından çıxarıb. İki tağım komandirini döyüş meydanından çıxarıb gətirib, onların üstündə “Quran” oxuyub. Sonuncu dəfə öz buşlatını yaralı yoldaşlarının üstünə atıb ki, üşüməsinlər. Özü isə soyuqda qalıb. Döyüşçü yoldaşlarına deyib ki, üşüyürəm, gəlim yanınıza. Elə onların yanına keçərkən minomyot mərmisi ilə olduqları yeri vurublar. Bir yoldaşı yaralanıb, özü isə şəhid olub”, - V. Rüstəmov danışır. 

Ailəsi Vüsalla sonuncu dəfə oktyabrın 29-da danışıb. Atasına irəli gedəcəklərini deyib. O vaxtdan da əlaqə saxlamaq mümkün olmayıb. Ailəsi Füzuliyə şəhid olmuş xalası oğlu Təhmasib Mustafayevin nəşini gətirməyə gedərkən Vüsalın şəhadətindən də xəbər tutublar:

“Oktyabrın 29-da axırıncı dəfə danışmışam. Onda bilirdi ki, qabağa gedəcək. Danışdıq, mənə dedi “Allaha əmanət ol”. Bunu dedi və getdi... Bir də eşitdik ki, xalası oğlu Daxili Qoşunların qrup komandiri Mustafayev Təhmasib şəhid olub. Ona görə Füzuliyə getmişdik, oğlum Vüsalın da şəhid xəbərini aldıq...” 

Hər iki xalaoğlu eyni gündə - noyabrın 11-də torpağa tapşırılıb - Təhmasib Mustafayev yaşadığı Biləsuvar rayonunda, Vüsal Rüstəmov isə hazırda ailəsinin yaşadığı Sulutəpə qəsəbəsində Şəhidlər üçün ayrılmış məzarlıqda...

Gülnar Əliyeva
 

 

 

Koronavirus pandemiyası ilə bağlı artıq ikinci tədris ilidir ki, ölkə üzrə təhsil onlayn formada aparılır. Lakin onlayn təhsilin müəyyən obyektiv və subyektiv problemləri, texniki problemlər, o cümlədən şagirdlərin təhsildən yayınması kimi problemlər ortaya çıxdı.
Artıq ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət müsbətə doğru dəyişməkdədir, yoluxmaların sayında xeyli azalma baş verib, yoluxanlarla sağalanlar arasında faiz nisbəti uğurlu nəticələrin göstəricisidir. Bu baxımdan ölkədə sərt karantin rejiminin yumşadılması həyata keçirilib, mərhələli şəkildə bir sıra sahələrdə fəaliyyətin bərpasına icazə verilib.

Bu gün cəmiyyəti ən çox maraqlandıran suallardan biri də ənənəvi təhsilin bərpa olunub-olunmayacağı ilə bağlıdır. Yaxın günlərdə Təhsil Nazirliyinin bununla bağlı cəmiyyətə ətraflı məlumat verəcəyi bildirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova ənənəvi təhsilin bərpa olunmasını vacib hesab edir. Deputat bildirib ki, artıq ölkədə koronavirusa qarşı peyvəndləməyə başlanılıb, mərhələli şəkildə tədris işçiləri də peyvənd olunacaq:

“Yəni bütün bunları, həm virusun azalmasını, həm vaksinasiya prosesinin başlanmasını nəzərə alaraq məktəblərin açılması, ənənəvi təhsilin mərhələli şəkildə bərpası vacibdir. Çünki onlayn təhsil canlı, müəllimlərlə şagirdlərin siniflərdə birbaşa təmasını, yəni dərsin effektivliyi baxımından, şagirdlərin tədris olunan fənləri qavraması baxımından onlayn təhsil ənənəvi təhsili əvəz edə bilməz. Bu, birmənalı olaraq belədir.

Onlayn təhsil pandemiya dövründə müvəqqəti tədbir idi. Koronavirusun yayıldığı zamanda onlayn təhsilə keçid qaçılmaz idi və təhsilin tamamilə dayandırılmasının qarşısını almaq üçün yeganə yol idi. Ancaq məlum olduğu kimi onlayn təhsildə müəyyən obyektiv və subyektiv səbəblərdən problemlər ortaya çıxdı, fasilələr yarandı, o cümlədən texniki problemlər səbəbindən bəzi şagirdlərin təhsil almasında çətinliklər yarandı”.

A.Həsənova vurğulayıb ki, gələcək nəslin təhsili ölkəmizin təhlükəsizliyi qədər önəmli və vacib məsələdir: “Uğurlu təhsil uğurlu gənclik deməkdir, uğurlu gənclik isə uğurlu dövlət deməkdir. Bu baxımdan ənənəvi təhsilin bərpası çox önəmlidir”.

2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) "Ölkə.Az"a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,9 manat, özəl müəssisələrdə isə 803,0 manat təşkil edib.

Mədənçıxarma sənayesində (3 267,4 manat) , maliyyə və sığorta fəaliyyəti (1717,1 manat) , peşə, elmi və texniki fəaliyyət (1 178,8 manat), informasiya və rabitə (1071,7 manat) , eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində (878,8 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

İlkin məlumatlara görə, 2020-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 1,8 faiz azalaraq 55726,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 5587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50689,6 milyon manatlıq vəsait qalıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı ölkə ərazisində yaranan problemlərin səbəbini araşdırır.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bununla bağlı “Report”a bildirib ki, bu da qəflətən havanın soyuması ilə tələbatın artması nəticəsində baş verən prosesdir: “Bunu biz fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Buna baxmayaraq, mərhələli şəkildə qaz təchizatının həyata keçirilməsi, tənzimlənməsi aparılır. Yaxın saatlarda qaz təchizatında müəyyən dayandırmalar olan yerlərdə mərhələli şəkildə proses öz qaydasına düşəcək”.

C. Səfərov bildirib ki, kəsintilər əsas kənd yerlərində idi: “Rayon mərkəzlərində və strateji yerlərdə bu problem müşahidə olunmayıb. Yaxın günlərdə bütün abonentlərimiz hiss edəcəklər ki, onların qaz təchizatı yüksək səviyyədə tam rejimlərə uyğun tənzimlənəcək. Artıq problemlər geridə qalıb, tədricən artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər də aradan qaldırılır”.

O qeyd edib ki, ümumilikdə qaz şəbəkəsində artıq yüklənmə olub.

Gecədən başlayan qar Bakı sakinlərinə bir sıra probemlər yaşadıb. Ən ciddi çətinlik isə ictimai nəqliyyatla bağlıdır. Qar səbəbindən sərnişinlər bəzi avtobusların “üzünə” həsrət qalıb.

Redaktor.az xəbər verir ki, xüsusilə, Nizami rayonu (Neftçilər ms) ərazisinə qarın çox yağması səbəbindən orada daha çox çətinlik yaşanır.

Sərnişinlər gedəcəkləri ünvana çatmaq üçün ya bir neçə kilometrlik yolu piyada getməli, ya da hərəyə 1 manat ödəməklə taksidən istifadə etməli olurlar. Bir çox taksilər də vəziyyətdən istifadə edib qiyməti artırır. Bu dəqiqələrdə dayanacaqlarda xeyli sayda sərnişin dayanıb və ümidlə avtobus gözləyir.

Adi vaxtlarda da normal işləməyən avtobuslarımız, bir az qar görən kimi sanki tətil elan ediblər. Onların “tətil” etməsinin cəzasını da paytaxt sakinləri çəkir. Hündürlüyü heç 20 santi belə olmayan qar bu qədər problemə səbəb olursa, 50-60 sm qarda hansı problemlər olardı?!

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev səhər saatlarında xətlər üzrə avtobusların yolunda sıxlıq olduğu üçün müəyyən gecikmələrin olduğunu bildirib:

“Yağıntı zamanı avtomobillər daha aşağı sürətlə hərəkət edir və nəticədə sıxlıq bir qədər də artır. Bu səbəbdən, səhər saatlarında avtobusların hərəkətində müəyyən gecikmələr yaşanıb”.

Xalqımızı azadlıq zirvəsinə, istiqlala aparan yolun ilk qurucuları olan 20 Yanvar şəhidlərinin əziz xatirəsini qürurla, duyğuyla, ehtiramla anırıq!

“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində yanvarın 22-dən milli parkların qapıları ziyarətçilər üçün açıqdır”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

Onun sözlərinə görə, Milli parklar əvvəlki rejimdə, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək:

“Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.

"Azərbaycanda köhnə avtomobillər utilizasiya ediləcək. Bunun qarşılığında isə bu avtomobillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək".

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib.

Onun sözlərinə görə, artıq layihənin hazırlanmasının sonuncu mərhələsi icra edilir. Utilizasiya proqramının isə bu işi həyata keçirəcək şirkətlərin və təkrar emal müəssələrinin cəlb edildiyi şirkətlər tərəfindən maliyələşdirilməsi nəzərdə tutulur. Bunun üçün utilizasiya fondu yaradılacaq. Bu avtomobili təqdim etmiş şəxsə ödəniş də edə biləcək.

Nazirliyininin şöbə müdirinin sözlərinə görə, vətəndaş ona təqdim edilən vauçerlə yerli istehsal olan avtomobilləri daha ucuz qiymətə ala biləcək. Xarici istehsal olan yeni avtomabillərin alınmasına görə isə daha az məbləğ veriləcək. Utilizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomobillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır.

Proqramın hazırlanması sonuncu mərhələdə olsa da, nə zamandan etibarən tətbiq ediləcəyi və dəqiq olaraq hansı göstəricidə olan avtomobillərə şamil ediləcəyi hələ ki dəqiq deyil

Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 31-ci ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı.

Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Xəbər lenti