![]() |
|
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.
Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.
Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Gəncənin prokuroru təyin edilən Rauf Gözəlov Şuşanın keçmiş icra başçısı, 1991-ci ildə Şuşada kabinetində qətlə yetirilən Mikayıl Gözəlovun qardaşı oğludur.
Fotoda Azad Qarayev
Fotoda Rauf Gözəlov
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
“Sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.
Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib.
Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir.
İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.
Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.
Dövlət Sosial Müdafiə Fondu oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsini nəzərdə tutub.
Bu barədə Fond məlumat yayıb.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə oktyabrın 26-27-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
"Yol-xeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Eyni zamanda Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz",-deyə ADY-nin məlumatında qeyd edilib.
Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.
Ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan yeni 104-1 (Ekosid) maddəsində əksini tapıb.
Layihəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edilib ki, bu Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilir.
Layihə ekosistemin mühafizəsinin gücləndirilməsi və ekoloji cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur.
Layihəyə əsasən, Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Bu dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklik, "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır.
Bu məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.
Hazırda stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir. Bu cərimənin məbləği 200 manata qaldırılır.
Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə də 200 manata qaldırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Noyabrn 11-22 tarixlərində Bakıda keçiriləcək COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcək. Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.
COP29 konfransının başlanmasına az bir müddət qaldığını nəzərə alsaq, universitetlərdə distant təhsilə keçidlə bağlı hansı işlər görülüb?
Trend məsələ ilə bağlı universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev bildirib ki, universitetin bundan öncə onlayn təhsillə bağlı mütəşəkkil bir təcrübəsi var.
"COP29 konfransı zamanı təhsilin onlayn rejimə keçməsi ilə bağlı AZMİU-da müəyyən işlər görülüb. Bununla bağlı tələbələr məlumatlandırıb, kafedralara tapşırıqlar verilib. Noyabr ayının 12-dən 22-dək universitetdə onlayn tədris təşkil olunacaq. Tədrisin təşkili ilə bağlı heç bir problem yoxdur, çatışmazlıqlar aradan qaldırılıb. Kompüteri olmayan müəllimlər kompüterlə təmin edilib. Tələbələrlə fərdi və ümumi söhbət aparılıb, internet imkanı olmayan tələbələr internetlə təmin olunacaq", - deyə o bildirib.
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva qeyd edib ki, BDU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır.
"2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb. COP29 günlərində onlayn tədris də bu sistem vasitəsilə həyata keçiriləcək", - deyə o əlavə edib.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova vurğulayıb ki, AzTU artıq pandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyata keçirib.
"Ona görə də düşünürəm ki, universitet olaraq onlayn tədris prosesinə tam hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur", - deyə o bildirib.
Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, universitetdə təhsilin distant şəkildə təşkili üçün bütün imkanlar mövcuddur.
"2018-ci ildə UNEC-də "Extern" Mərkəzi yaradıldı. Pandemiya dövründə dərslər onlayn formata keçdiyi zaman UNEC fasiləsiz olaraq dərslərin onlayn təşkil edilməsini "Extern" Mərkəzi tərəfindən təmin etdi. İndi də dərslərin distant şəkildə təşkil edilməsi üçün heç bir maneə yoxdur. Dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb, şərait yaradılıb", - deyə o bildirib.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki,COP29-la bağlı ADU distant təhsilə keçəcək və bununla bağlı heç bir çətinlik yoxdur.
"Yaxın keçmişdə onlayn təhsillə bağlı təcrübəmiz oldu. Universitet bütün maddi-texniki avadanlıqlarla təmin olunub. COP29 konfransı zamanı isə universitet tərəfindən distant təhsil yüksək səviyyədə təşkil olunacaq", - deyə o bildirib.
Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində subasma qeydə alınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gedərək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
“Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”, - məlumatda qeyd olunub.