![]() |
|
Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən, həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.
Modern.az məlumatına görə, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.
VII çağırış Milli Məclisinin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:
- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov;
- Elm və təhsil komitəsi - Anar İskəndərov;
- Regional məsələlər komitəsi - Siyavuş Novruzov;
- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev;
- İnsan hüquqları komitəsi - Zahid Oruc;
- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov;
- Aqrar siyasət komitəsi - Tahir Rzayev;
- Əmək və sosial siyasət komitəsi - Musa Quliyev;
- Mədəniyyət komitəsi - Polad Bülbüloğlu;
- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov;
- Səhiyyə komitəsi - Əhliman Əmiraslanov;
- Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova;
- Gənclər və idman komitəsi - Şahin İsmayılov;
- İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa;
- Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.
Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onların həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.
Bakıdakı duracaqlarda taksi olmayan avtomobillərin dayanması cəriməyə səbəb olacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib.
Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərir:
"Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır".
Rüşvət aldığı iddia edilən müəllim işdən azad edilib.
Bu barədə Bakupost.az-a Gəncə Dövlət Universitetinin (GDU) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, GDU-nun Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə GDU-da diplom almaq üçün tələbələrdən rüşvət tələb olunduğu iddia edilib və müvafiq videogörüntülər yayılıb. Qüdrət adlı müəllim diplomları təqdim etmək üçün tələbələrdən 10 manat məbləğində pul istəyib.
Səbəb olaraq isə, rüsum ödənilməsini göstərib. Hətta tələbə iddia edir ki, praktika üçün 250 manat yığılıb.
Oktyabrın ilk günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcək, lakin gündüz əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib.
Yol-xeber.az xəbər verir ki, müraciətdə deyilir:
"Ölkə ərazisində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə cari ilin oktyabr ayının 1-dən 31-dək respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək:
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən tədbirlə əlaqədar nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.
Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar."
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ikinci köç karvanı 28-29 oktyabr aralığında baş tutacaq .
Bu barədə Cəbrayıl rayon İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumatda deyilir.
Biləsuvar ərazisində yerləşən və əsasən cəbrayıllı vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyindən təxminən 10 ailənin də doğma yurda qayıdışı təmin ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdən ibarət ilk köç karvanı Cəbrayıl şəhərinə 36 ailənin köçürülməsi həyata keçirilib. Onlardan 10 ailə isə məhz qaçqın düşərgəsində uzun illərdir yaşayan sakinlər olub.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını planlaşdırır.
Bu barədə MİDA-dan bildirilib.
Məlumata görə, güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə, Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq. Bununla yanaşı, istifadəçilərin "Güzəştli mənzil" sistemindəki elektron kabinetlərinə bildirişlər yerləşdiriləcək, həmçinin elektron poçt və SMS vasitəsilə məlumat göndəriləcək.
Sumqayıt Yaşayış Kompleksi Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində, 2 hektar ərazidə yerləşir. Kompleks 6 doqquzmərtəbəli, 4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Binalarda ümumilikdə 461 mənzil var. Mənzillərdən 13-ü studio tipli, 113-ü ikiotaqlı, 279-u üçotaqlı və 56-sı dördotaqlıdır. Mənzillərin sahəsi isə aşağıdakı kimidir:
- Studio tipli mənzillər: 50.03 kv.m
- İkiotaqlı mənzillər: 59.17 - 61.00 kv.m
- Üçotaqlı mənzillər: 78.10 - 82.13 kv.m
- Dördotaqlı mənzillər: 105.6 - 109.4 kv.m
Kompleksdə yaşayış binaları ilə yanaşı sosial-məişət obyektləri, uşaq oyun meydançaları və 80 yerlik bir uşaq bağçasının inşası nəzərdə tutulur.
Lənkəran Yaşayış Kompleksi isə Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında, 1,5 hektar ərazidə yerləşir. Kompleks 5 doqquzmərtəbəli binadan ibarətdir. Binalarda ümumilikdə 240 mənzil var. Onlardan 32-si studio tipli, 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i dördotaqlıdır. Mənzillərin sahəsi isə belədir:
- Studio tipli mənzillər: 40.1 kv.m
- İkiotaqlı mənzillər: 57.68 - 57.70 kv.m
- Üçotaqlı mənzillər: 72.82 - 76.74 kv.m
- Dördotaqlı mənzillər: 98.7 - 114.61 kv.m
Vətəndaşlar mənzilləri üç ödəniş üsulu vasitəsilə əldə edə bilərlər:
1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli illik 4%-lə güzəştli ipoteka krediti vasitəsilə;
2. Öz vəsaiti hesabına;
3. Digər kredit təşkilatından maliyyə vəsaiti cəlb etməklə.
Mənzil Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti vasitəsilə alındıqda, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10%-ni təşkil etməlidir.
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər.
Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan danışıb, onların yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini, torpaqlarımızın azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu qeyd edib.
O, Vətən müharibəsində olduğu kimi ondan üç il sonra Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının iştirakı ilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın dövlət suverenliyi bərpa olunduğunu bildirib.
Nazir müavini bu gün işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin və sabitliyin bərqərar olması, Böyük Qayıdışın daha tez reallaşması üçün Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla vurğulayıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov Birinci Qarabağ müharibəsində olduğu kimi, cəmi 44 gün çəkən və hərbi ekspertlər tərəfindən analoqu olmayan döyüş əməliyyatları kimi qiymətləndirilən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımızın və polis əməkdaşlarının bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.
Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən sənədli film nümayiş olunub.
Yol-xeber.az" xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-354-cü km-lik hissəsində, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun Qorçu kəndi yaxınlığından keçən hissəsində ağacəkmə aksiyası keçiriılib.
Aksiya zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "2 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC tərəfindən ərazilər kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib.
Ümumilikdə sözügedən avtomobil yollarının kənarlarına agentliyin tinglik sahələrində yetişdirilmiş 5 minə yaxın eldar şamı, çinar, akasiya və digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.
Torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatırəsinin əbədiləşdirilməsi məqsədilə salınan yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək.