Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il noyabr ayının 24-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 23.11.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, bu ay 4 gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

"2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar təhsil müəssisələrində iş günləri tənzimlənib".

Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

"Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir", - deyə C.Valehov bildirib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov istefa ərizəsi yazıb.

Bu haqda məlumatı ovqat.com saytı yayıb.

Xəbərə görə, nazir ərizəsində işdən çıxmaq səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.

Nazirin ərizəsinin qəbul olunmadığı qeyd edilir.

Qida məhsulları ilə bağlı istehlakçılarda tez-tez belə sual yaranır: Görəsən, bu məhsul gigiyenik şəraitdə hazırlanıb? Bu suala cavabı, əslində, məhsulun üzərinə baxaraq da tapmaq mümkündür. Necə? Cavab verdiyi standartın işarəsi ilə. Ancaq bunu heç də çox adam bilmir. Çünki məhsulların üzərindəki standartların hansı məna kəsb etməsi ilə maraqlanan adam az olar. İstifadə etdiyimiz qidaların üzərindəki fərqli standartların nişanələrini görürük.

Bəs bu standartlar bizə nə deyir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

INCERT Beynəlxalq Sertifikatlaşdırma Şirkətinin direktoru Şamo Muradov bildirib ki, hər ölkənin qida ilə bağlı qanunları və normativ texniki tələbləri var. Azərbaycanın standartları AZS nişanı ilə göstərilir.

Ş.Muradov qeyd edib ki, bu standart məhsulun həm keyfiyyəti, həm də təhlükəsizliyi ilə bağlı göstəriciləri özündə ehtiva edən normativ texniki sənəddir:

“Hər bir qida məhsulunun müvafiq təhlükəsizlik göstəriciləri var. AZS standartına görə məhsul bu göstəricilərə uyğun gəlməlidir. AZS standartına görə məhsula verilən sertifikat isə uyğunluq sertifikatı adlanır”.

Yerli məhsullarımızın üzərində daha çox AZS, QOST və TŞ görürük. Ş.Muradov deyir ki, “QOST” (Государственный стандарт) sovetlər birliyi zamanında yaradılmış və bu gün də bir çox standartları müəyyən aktuallaşdırma dəyişikliklərdən sonra öz qüvvəsini saxlamaqdadır.

Ölkəmizdə də əgər hər hansı məhsula tələbləri müəyyənləşdirən yerli standart olmadıqda, bu, dövlətlərarası razılaşmaya görə QOST-un tələblərinə uyğun həyata keçirilə bilər:

“Eyni zamanda, müəssisə öz məhsulu üçün spesifik olaraq TŞ (Texniki Şərt) də hazırlayıb və müvafiq qurumlardan təsdiqləmək yolu ilə istifadə edə və uyğunluq sertifikatı ala bilər”.

Bəzi məhsulların üzərində heç AZS və ya QOST nişanı da yoxdur.

Ş.Muradov bildirib ki, bu standartların alınması məcburi deyil:

“Əvvəllər yerli istehsal məhsullarının AZS standartına cavab verməsi tələb olunurdu, ildə bir dəfə uyğunluq sertifikatı tələb edilirdi. Artıq bunlar yığışdırılıb. Hazırda ölkəmizdə qida məhsullarının uyğunluq sertifikatını alması məcburi deyil, könüllüdür. Hər hansı müəssisə bu sertifikatın alınmasına özü qərar verir. Hazırda vacib olan “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər”, 19 və 20 saylı qərarla təsdiq edilmiş tələblərə uyğunluğun təmin edilməsidir. Əsas odur ki, qida məhsulları təhlükəsizlik göstəricilərinə uyğun gəlsin. Təhlükəsizlik göstəricisi odur ki, insan həmin məhsulu istifadə edərkən sağlamlığına zərər gəlməsin. O məhsulun keyfiyyət göstəricisi aşağı da ola bilər, yuxarı da”.

Bəs aldığımız qida məhsullarının üzərində əsas hansı standartlara cavab verməsinə baxmalıyıq?

Ş.Muradov bildirib ki, kənd təsərrüfatı məhsullarında (emal edilməmiş) - alma, nar, fındıq və s. “Global Gap” və “Organic” standartına baxmaq lazımdır:

“Organic” standarta uyğun məhsul yetişdirilən zaman zərərvericilərə qarşı heç bir kimyəvi dərmanlardan, kimyəvi gübrələrdən istifadə olunmur. “Global Gap” isə istifadə edilən gübrə, pestisidlərin normativlərə uyğun istifadəsindən tutmuş həyata keçirilən fəaliyyətlərin qida təhlükəsizliyi, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı müvafiq tələbləri təmin edən standartdır. Hər ikisi kənd təsərrüfatı üçün vacibdir. “Organic” standartına uyğun yetişdirilən meyvə və tərəvəzlər daha üstündür”.

Qida məhsulları ilə bağlı isə bir neçə önəmli beynəlxalq standart var:

“ISO 22 000, FSSC 22 000, IFS Food, BRC kimi standartlar daha çox məşhurdur. Ölkəmizdə daha çox ISO 22 000 və FSSC 22 000 standartları tətbiq edilir. Ən çox sertifikat alınan ISO 22 000-dir. FSSC 22 000-i Azərbaycanda cəmi 17 müəssisə alıb. IFS Food və BRC daha yüksək tələbləri özündə ehtiva edən standartdır. Azərbaycanda BRC-i iki qida müəssisəsi alıb”.

Beynəlxalq standartların bizə hansı mesajı verdiyinə gəlincə, Ş.Muradov qeyd edib:

“Məsələn, ISO 22 000, FSSC 22 000 və qeyd etdiyim digər standartlar deyir ki, məhsulun sadəcə müvafiq göstəricilərə cavab verməsi yetərli deyil. Məhsulun istehsalı üçün xammalın qəbulundan tutmuş, onun satışına kimi bütün fəaliyyətlərin müvafiq prosedurlara uyğunluğunun təmin edilməsi lazımdır. Yəni yalnız məhsula deyil, müəssisənin qida təhlükəsizliyi sisteminə tələblər qoyulur. Məhsulun üzərində beynəlxalq standartın olması müştəriyə deyir ki, onun təhlükəsizlik göstəriciləri uyğundur, istehsal mühiti, oradakı fəaliyyətlər müvafiq tələblərə cavab verir. Müəssisə var, içəri girəndə iyrənirsiniz. Deyirsiniz ki, burada hazırlanan məhsulu necə alıb qidalanmaq olar? Bir də var içəri girəndə görürsünüz ki, qaydalar tətbiq edilir, əldən tutmuş başa qədər müvafiq geyimlər var, gigiyenik baryerdən keçirlər. Məhsulun üzərində bu standartlar varsa, deməli, istehsal mühiti gigiyenikdir”.

“Ola bilər ki, ISO sertifikatı almayıb, amma məhsulu keyfiyyətlidir və təhlükəsizdir. Amma bunu müştəri bilmir. Bu standartlara uyğunluq müştəriyə bir güvən verir. Daha az riskli və təhlükəsiz qida almaq üçün bu standartlara uyğun olduğuna diqqət etmək lazımdır və əmin olduğumuz müəssisələrin məhsullarını almağımız tövsiyə olunur” – deyə Ş.Muradov qeyd etib.

Qida mühəndisi Sevinc Məhərrəmova isə bildirib ki, məhsulun tərkib hissələrinin genetik cəhətdən dəyişdirilməməsinə, yəni GMO (Genetik Modifikasiya edilmiş Orqanizmlər) olmadığına zəmanət verən standart isə NON-GMO-dur:

“Bu məsələ hazırda dünyada hər kəs üçün önəmlidir. Bununla bağlı sertifikat alınmalıdır”.

S.Məhərrəmova qeyd ki, “Halal” sertifikatı da məhsulların həqiqətən halal istehsal prosesindən keçdiyini göstərir:

“Halal sertifikatlaşdırma halal qaydalarına əməl edən qida, məhsul və xidmətlərə tətbiq edilən keyfiyyət təminatı prosesidir. Qida məhsulları ilə bağlı “Halal” deməklə iş olmur. Halal istehsal prosesi qurulmalıdır”.

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində küçələri su basıb.

Qəsəbədə Əhməd Qasımov, Məmməd Səid Ordubadi və digər küçələri su basması nəticəsində avtomobillərin hərəkətində problem yaşanıb.
Hadisənin səbəbi hələlik məlum deyil.

Billurə Yunus

Həmin görüntüləri təqdim edirik:

Birgə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 29 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin olunmuşdur.

Belə ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahdan açılmış atəş nəticəsində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.
Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmişdir.

Prokurorluq və polis orqanları tərəfindən həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, 26 noyabr 1993-cü il tarixdə zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramov aralarında yaranmış narazılığa görə Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşmışdır .

28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
h

"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar rayon Heydər Əliyev Mərkəzində kommunikasiya menecerinin fəaliyyəti ilə əlaqədar yaradılan işçi qrupunun üzvləri və idarənin tabeliyində fəaliyyət göstərən müəssisələr üzrə təyin edilən əlaqələndirici şəxslər ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov Mədəniyyət Nazirliyinin "Kommunikasiya meneceri" layihəsi barədə məlumat verib. Sonra Biləsuvar Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Kürçaylı Məmmədov işçi qrupa təqdim olunub. Kürçaylı Məmmədov bu layihənin nazirliyin sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin layihənin aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, yeniliklər və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi media imkanları ilə yanaşı, müasir üsul və vasitələrlə operativ formada məlumatlandırılması, media subyektləri və ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına xidmət etdiyini vurğulayıb.
Sonra sosial media ilə iş prosesində qarşıya çıxan problemlər, onların həlli yolları, həmçinin görüləcək işlər barədə müzakirələr aparılıb. İşçi qrupunun üzvlərinə müvafiq tapşırıqlar verilib.
h
h
h
h
h

Vətən Müharibəsində şəhid olanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin baş giziri və hərbi tibb qulluqçusu Eldar Abdullayevdir.

 Eldar Firuddin oğlu Abdullayev 1982-ci ilin 23 iyulunda Sumqayıtda doğulub. O, 1988-ci ildə Sumqayıtda 3 nömrəli məktəbin 1-ci sinfinə daxil olub, 1998-ci ildə 35 nömrəli məktəbi bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olub. 2001-ci ildə bu universitetin hərbi feldşer ixtisasını bitirib. Eldar ali təhsilini bitirdikdən sonra hərbi tibb sahəsində çalışmağa başlayıb. O, 2003-cü ildə Ağdamın Sarıcalı hospitalında, ayrı-ayrı illərdə Goran hərbi hissəsində, Bakıda Mərkəzi Hərbi Hospitalda komendant və son olaraq 2017-ci ildən Beyləqanda hərbi hissədə çalışıb.

O, 2020-ci ilin oktyabrın 18-də ön cəbhədə yaralı əsgərləri xilas edərkən qəhrəmancasına şəhid olub.

Sağ ikən “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi”  yubiley medalları,  1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, şəhid olduqdan sonra isə "Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ölkə.Az anım ildönümündə şəhidimizin bacısı Aygün Fətullayeva ilə söhbətləşib.

- Eldar Abdullayev xasiyyətcə necə biri idi?

- Biz ailədə 3 uşaq olmuşuq, 2 qardaş bir bacı. Eldar bizim sonbeşiyimiz olub. O, aramızda ən cəsarətli, qorxmaz ürəyiyumşaq xasiyyətdə olan idi. Hamının qayğısına qalardı.

Eldarın şəhid olanda 39 yaşı var idi, amma buna baxmayaraq elə uşaq qəlbli qalmışdı. Çox saf, hamıya inanan, hamını özü kimi bilən, başqalarının dərdinə şərik olan idi. İstəyən olsa, cibindəki axırıncı pulunu fikirləşmədən verirdi.

Universitet müəllimləri də anma mərasimində deyirdilər ki, Eldarın özünəməxsus gülümsəməsi vardı. Doğrudan da nə vaxt baxırdın Eldar gülümsəyirdi.

Heç vaxt problemlərindən danışmazdı, heç kimi narahat etmək istəməzdi. Hətta müharibə vaxtı imkan tapan kimi hər gün zəng edərdi.

27 sentyabrda hərbi əməliyyatlar başladığı andan döyüşlərə qatılmışdı. Çoxlu sayda yaralı və şəhidlərimizi döyüş ərazisindən, minalanmış zonadan xilas etmişdi.

- Bildiyim qədərilə şəhidimiz ailəli idi...

- Bəli, Eldar 2009-cu ilin 18 oktyabrda Fatimə xanımla ailə qurmuşdu. 3 qız övladları doğulmuşdu. Eldar şəhid olanda böyük qızının 10, ortancıl qızının isə 8 yaşı vardı. Çox təəssüf ki, Eldar 3-cü qızını görə bilmədi. Ahumuz 2021-ci ilin fevralın 1-də atasının şəhadətindən 4 ay sonra dünyaya gəldi.

Yay ayları idi. Üçüncü qızının olacağını eşidəndə mənə zəng elədi. Sevincək dedi ki, bacı, üçüncü dəfə qız atası olacağam, cənnəti qazanacağam. Amma xəbəri yox idi ki, qızı dünyaya gəlməmiş cənnəti qazanacaqdı.

Eldar övladlarına, ailəsinə çox bağlı idi. Uşaqlar atalarını gec-gec görürdülər. Çünki Eldar Beylaqanda işləyirdi, ailəsi isə Sumqayıtda qalırdı. Buna baxmayaraq hər gün hamımızla ayrı-ayrılıqda danışırdı.

- Dediniz ön cəbhədə şəhid və yaralıları çıxarırdı. Bəs bu müddət ərzində nə vaxtsa özü də yaralanmışdımı?

- İki dəfə kontuziya almışdı. Deyilənə görə, həm də yaralanmışdı. Amma biz bu barədə xəbərsiz olmuşuq. Narahat olmayaq deyə, nə ana-atama, nə mənə bir söz demişdi. Elə həmişə deyirdi ki, hər şey yaxşıdır, irəli gedirik, daha da yaxşı olacaq və s. Bizdən çox narahat olurdu.

- Eldar Abdullayev də bir çox qəhrəmanlarımız kimi, başına gələnlərdən danışmayıb. Bəs hərbçi yoldaşları onun haqqında nə deyir?

- Bəzi şeyləri bilirik. Çünkü o hərbi hissədən şəhid çox oldu. Demək olar ki, az adam sağ qalmışdı.

Qardaşım 22 il feldşer işləyib. Həkim olmayanda həkimlik edib. Eldar çox təcrübəli idi. Hətta cavan həkim iş yoldaşı deyirdi ki, mən Eldardan çox şeyi öyrənmişəm, öyrənə də bilərdim. Elə həmin yoldaşının yanında şəhid olmuşdu.

Müharibə yeni bitəndə şəhid anaları vatsapda bir qrup yaratmışdılar. Orada Rzayev Tərlan adında bir şəhidin anası Eldarın bacısı olduğumu biləndə, dedi ki, oğlu həmişə qardaşım barəsində xoş sözlər danışırdı. Rzayev Tərlan anasına deyibmiş ki, narahat olma, burada bir həkim var, bizə atalıq edir, evdən yemək gətirir, əlləri ilə yedizdirir.

Özüm də Eldarın etdiyi yaxşılıqlara şahid olmuşdum. Biz Beylaqana gedəndə, ət alırdı, yoldaşına pirojki, ev yeməyi bişirtdirib əsgərlərə aparırdı. Deyirdi, qoy, ev yeməkləri yesinlər.

Müharibədən gələn əsgərlər də deyirdi ki, onları heç vaxt irəli getməyə qoymazdı. Deyirmiş, "mən sizdən daha təcrübəliyəm". Onları həmişə qoruyurdu.

Hətta keçən il tanımadığımız biri sosial şəbəkələrdə Eldarla sonuncu görüşü haqqında yazmışdı.

- Nə yazmışdı?

- Əli Abdulla adlı sosial şəbəkə istifadəçisi olan oğlan yazmışdı ki, şəhid olmazdan bir gün əvvəl qardaşımı görüb:

“Şəhid olmamışdan bir gün əvvəl axşam mənimlə görüşdü. Şərəfsizlərin siqaretindən çəkdi. Dedim, qayıdacaqsan? Fikirli idi, cavab vermədi. İkinci dəfə təkrar sual etdim ki, Eldar, qayıdacaqsan? Dedi, əmioğlu, hə, qayıdacağam. Dedim, sən Allah ehtiyatlı ol, iki körpən var. Gülümsədi. Dedi ki, qismətimizdə varsa, şəhid olacağıq. Dedim, dəlisən, ay kişi, elə demə, Allah gecindən versin. Dedi ki, Vətən sağ olsun! Gətirdiyi siqaretləri birgə orada olanlara payladıq. Sonra qucaqlaşdıq.

Hər dəfə ön cəbhədən şəhid və yaralı gətirəndə mənimlə görüşüb sağollaşırdı. Elə də narahat olmurdum. Həmin gün qucaqlaşıb ayrılanda, sanki sonuncu gedişi imiş kimi qəlbimə hüzn doldu.  Maşına mindiyi anda yanındakı həkim yoldaşına yaxınlaşıb dedim ki, sən canı Abdullayevdən muğayat ol. Həmin həkim gülümsündü. Dedi ki, əmioğluna tapşır, o bizdən muğayat olsun, biz ondan yox, o qocadır, biz cavan. Gülüşdük. Sabahı gün həmin həkim yoldaşı gəldi. Tibbi yardım maşınının arxa qapısını açıb bir şəhid çıxardılar. Yaxınlaşdım. Dedim, bu kimdir? Həmin cavan həkim yoldaşı ağlayaraq məni qucaqladı. Dedi, qardaş, əhdinə vəfalı ola bilmədim. “Eldardan muğayat ola bilmədim”, deyəndə, dizim əsdi. Üzündəki parçanı açıb hönkürtü ilə ona sarıldım. Hələ də onun şəhid olduğuna inana bilmirəm, yoxluğunu qəbul edə bilmirəm”, - tanımadığımız cavan oğlan bu sözləri yazmışdı.

Birgə yaralı və şəhidləri ön cəbhədən götürməyə getdiyi şəxslər danışır ki, bəzən əsgərləri minalanmış ərazidən götürməyə gedirdilər. Həmin vaxtı da Eldar gəncləri qoymurmuş, deyirmiş ki, birinci mən gedim, sonra siz arxamca gəlin.

- Qardaşınız dostlarına başına gələnləri danışırdımı?

- Eldar şəhid olandan sonra yas mərasiminə gəlmişdilər. Deyirdilər ki, hər gün onunla əlaqə saxlayırdıq. Hətta bir dəfə görüntülü danışıblar. Amma qardaşım bizimlə görüntülü danışmırdı. Səbəbini başa düşmürdük. Dostları isə deyirdilər ki, Eldarın bütün üst-başı qan içərisində idi. Yanında əlavə geyim olmadığına görə paltarını dəyişə bilmirmiş. Deyirmiş, əynindən formanı bir həftədir çıxarmır, başı qan iyindən xarab olur. Yəni o vəziyyətdə idi. Ona görə bizə çox şeyi demirdi ki, narahat olarıq.

- Müharibəyə gedənlər açıq-aşkar olmasa da, üstüörtülü ailəsinə vəsiyyət eləmişdi. Bəs Eldar bəyin sizə, həyat yoldaşına və s. hansısa vəsiyyəti olmuşdumu?

- Dediyim kimi, həmin vaxt yoldaşı hamilə idi. Üstəlik riskli hamiləlik idi. Ona görə ona çox şeyi demirdi. Hətta Eldargilin binasında 3 şəhid olmuşdu. Eldardan 10 gün əvvəl birini gətirmişdilər. Azər adında oğlan idi. Fatimə görüb pis olmuşdu. Eldara zəng edirdi, zəng çatmırdı. Özündə deyildi. Bütün iş yoldaşlarına zəng edib xəbər almağa çalışmışdı. Sonra Eldara xəbər veriblər ki, sənə evdən zəng gəlib. Danışıblar.

Bizə də hər gün zəng edib deyirdi ki, özünüzdən muğayat olun, sizi çox istəyirəm. Mənim də 3 övladım var. Onlara çox gözəl dayı olub. Həmişə deyirdi, uşaqları qoru. Deyirdi, çox darıxıram, inşallah, görüşərik.

Haradasa 5-6 il bundan əvvəl kiçikçaplı döyüşlər olmuşdu. Deyirdi ki, neytral zonadan şəhidi çıxardıq, bizi vura bilərdilər. Deyirdim, Eldar, niyə gedirsən, birdən sənə bir şey olar. Mənə baxırdı, deyirdi ki, bacı, nə danışırsan, istəmərəm ki, orada əsgərimiz orada qalsın. Deyirdi, götürmək lazımdır ki, heç olmasa, anası övladının qəbri üstdə ağlaya bilsin. O dərəcədə düşüncəli idi.

Müharibə vaxtı telefonda “özünü qoru” sözünə gülərək “uzaqbaşı şəhid olacağam” cavabını verirdi. Sonra da deyirdi, narahat olma, hər şey yaxşı olacaq.

- Sonuncu dəfə onunla nə vaxt danışmışdınız?

- Oktyabrın 17-si danışmışdım. Amma həyat yoldaşı oktyabrın 18-i səhər tezdən danışıb. Eldar həmin gün Fatiməyə deyib ki, bu gün bizim toyumuzun 11 illiyidir, narahat olma, yaddan çıxarmamışam. Elə az danışıblar. Eldar yoldaşına deyib ki, axşam zəng edərəm, rahat danışarıq. Həmin axşam Eldarın nəşini evə gətirdilər.

- Sonuncu övladının adını özü qoymuşdu?

- Uşaqlarının üçünün də adını özü qoyub. Birinci qızı Asya ana nənəmizin adını daşıyır. Sən həyatın təsadüfünə bax. Nənəmiz də şəhid qızı olub. 1918-ci ildə nənəmizin atasını ermənilər qətlə yetirib. Həmişə nənəm bu barədə danışırdı. Deyir, bir gün döyüşə gedənlər qayıtdı, amma atam yox. Dedilər, şəhid olub. Həmin nənəmin adını atam öz qızına qoydu. Taleləri də eyni gətirdi. Bizim Asyamızın da qismətində şəhid qızı olmaq varmış...

- Müharibə barədə sizə nə isə demişdimi?

- Zəng edəndə çox qısa danışırdıq. Bəzən deyirdi ki, filan rayonu götürdük. Amma açıq danışmırdı, şifrəli deyirdi. Məsələn, Cəbrayıla Los-Angeles deyirdi. Parolla bir-iki söz deyirdi, vəssalam.

- Qardaşınızın hansı şəraitdə şəhid olması barədə sizdə məlumat varmı?

- Oktyabrın 18-i Eldargili döyüş zonasından çıxıblar. O vaxtı Hadrut azad olunmuşdu, amma orada diversiya qrupları var idi, gəlib təxribat törədirdilər. Bunlar da o yoldan keçəndə, həmin ərazini raket atəşinə tutublar. Eldargildən öndə olan maşın partlayıb. Sonra başlayıblar onların maşınını atəşə tutmağa. Onlar da maşından çıxıb gediblər ki, bir evdə gizlənsinlər, sonra da kömək çağırsınlar. Həmin vaxtı orada olan Sənan adlı həkim danışır ki, evə daxil olanda Eldar sürücüsünü içəri girməyə qoymayıb. Özü hamıdan əvvəl evə girib ki, birdən orada kimsə olar. Onlar içəri girəndə, orada Eldargili erməni artıq gözləyirmiş. Deyilənə görə, elə həmin erməni diversantı digərlərinə hansı əraziləri atəşə tutmaq barədə göstəriş verirmiş. Eldar evə girən kimi birinci ona, sonra isə sürücüsünə atəş açıb. O biri həkim isə ərazidən qaçıb kömək çağırmağa gedib.

Sonrası da dediyim kimi, toy günü öz evinə şəhid kimi gətirildi...

Qeyd edək ki, Eldar Abdullayevin şəhadətə yüksəlməsindən sonra Sumqayıtda vaxtilə yaşadığı məhəllədə qonşular və iş yoldaşları tərəfindən bulaq tikilib. Tibb Universitetinin həyətində məzun şəhidləri abidəsində adı qeyd olunub. Təhsil aldığı orta məktəbdə Eldarın adına guşə yardılıb. Bakıda bir neçə məktəbdə sinif otaqları onun adını daşıyır.

Söhbətləşdi: Billurə Yunus

 

 

 

 

Xəbər lenti