![]() |
|
Rusiyanın İrkutsk şəhərində İnterpol əməkdaşları fırıldaqçılıqda şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş ehtiyatda olan hərbçini saxlayıblar.
Axar.az xəbər verir ki, bu barədə İnterpolun Rusiyadakı Milli Mərkəzi Bürosundan məlumat verilib.
Hüquq-mühafizə orqanlarına Azərbaycan vətəndaşı olan şübhəli şəxsin şəhər mərkəzində olması barədə informasiya daxil olub. Məlumat öz təsdiqini tapıb və keçirilən operativ əməliyyat tədbirləri çərçivəsində 38 yaşlı həmyerlimiz saxlanılıb.
Saxlanılan şəxs uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət aparıb və 3 il əvvəl mayor rütbəsində ordudan ayrılıb. Təqaüddə olan şəxs keçmiş həmkarlarına qarşı fırıldaqçılıq fəaliyyətinə başlayıb. Belə ki, hərbi hospitalda olan həmkarlarına pul qarşılığında əlilliyə görə təqaüdə çıxmaq imkanı yaradan saxta arayışların verilməsini təklif edib. Öz xidməti qarşılığında isə keçmiş hərbçi hər dəfə bir neçə min dollar qazanıb. Onun barəsində fırıldaqçılıq maddəsi ilə cinayət işi açılıb, beynəlxalq axtarışa verilib.
Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi müzakirə edilir.
Nazirlər Kabineti “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”na dəyişiklik edib.
Axar.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır) “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəzlənib.
Axar.az turizm eksperti, “Hotel Academy” layihəsinin direktoru Ülvan Vəlizadənin ölkəmizdə qış turizminin vəziyyəti ilə bağlı müsahibəsini təqdim edir:
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Axar.az xəbər verir ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
Paytaxtda fəaliyyət göstərən 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib. O bildirib ki, yeni avtobuslar dekabrın 26-sında istifadəyə veriləcək.
Hazırda xətdə istifadə edilən və yeni istismara veriləcək avtobusların fotolarını təqdim edirik:
Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil.
Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, Yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var: "İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur".
AQTA-dan əlavə edilib ki, indiyədək Yeni il hədiyyələri ilə bağlı Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb: "Əgər vətəndaşlarda hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur".
"Hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan götürülən nümunələr Agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır" - deyə, sorğunun cavabında qeyd olunub.
Azərbaycanda icra başçıları arasında ən “uzunömürlüsü” Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. O, 26 ildir Xocavənd rayonuna rəhbərlik edir.
Axar.az xəbər verir ki, bu il 2 iyul tarixində E.Hüseynovun icra başçısı olmasının 26 ili tamam olub.
Xatırladaq ki, Azərbaycanda E.Hüseynovdan başqa eyni rayonda bu qədər uzun müddət başçı kimi fəaliyyət göstərən ikinci şəxs yoxdur.
E.Hüseynovdan başqa, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da uzun müddət icra başçısı olanlardandır. Lakin A.Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayon İcra hakimiyyətlərinin başçısı vəzifəsində işləyib. 2011-ci il tarixindən isə Qobustana rəhbərlik edib. Adil Məmmədovun icra başçısı karyerası 23 ildir davam edir.
Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun da eyni vəzifədəki iş stajı 22 ilə çatır. O, 1995-2002-ci illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy rayon İcra Hakimiyyəti başçısı olub. 28.06.2007-ci ildən Şabran rayonuna rəhbərlik edir.
Xəbər verdiyimiz kimi, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.
Axar.az xəbər verir ki, Qurbanov Firudin İsa oğlu 1952-ci ildə anadan olub. O, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib.
1994-2007-ci illərdə Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.
1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub.
1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının, 2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub.
2007-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri işləyib.
2007-ci ildə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.
2011-ci ildə "dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.
Prezident İlham Əliyevin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavindir.
Nərimanov rayon YAP təşkilatının idarə heyətinin üzvüdür.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.