Fikrət Yusifov: “Şimali Koreya on illər boyu sanksiyalar altında necə yaşayır?”

 

Amerika başda olmaqla, Qərb dünyasının Rusiya, Türkiyə və İrana qarşı tətbiq etdiyi sanksiyaların bəhrə verməməsi daim müzakirə mövzusudur. Belə fikirlər var ki, hər üç ölkənin daxili iqtisadiyyatının dayanıqlı olması burada başlıca səbəbdir. Bu ölkələrin iqtisadiyyatını dayanıqlı edən səbəblər barədə mövqelər də müxtəlifdir.

Şimal və cənub qonşumuzda, qardaş ölkədə azad iqtisadiyyatın mövcudluğu önə çəkilir və bu amilin sanksiyalar qarşısında duruş gətirilməsində mühüm rol oynadığı vurğulanır. Eyni zamanda Rusiya, İran və Türkiyədə sahibkarlığa böyük imkanlar yaradıldığı və onların azad olduğu qeyd edilir. Üç ölkənin də sanksiyalara qarşı bir mübarizələrinin töhfələr verməsindən də söz açılır.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, Amerikanın sanksiyalarla bu ölkələrə ciddi təsir etmək imkanları hələ də qalır: “Hər hansı bir ölkənin iqtisadiyyatını sanksiyalar yolu ilə tam çökdürmək o qədər də asan məsələ deyil. Əgər bu mümkündürsə, bəs onda Şimali Koreya on illər boyu sanksiyalar altında necə yaşayır? İranın özü də bu yolun uzun yolçularından biridir. Ona qarşı sanksiyalar yenicə dayanmışdı ki, Tramp administrasiyası sanksiyaları bərpa etdi. İndi İranı əvvəlkindən daha kəskin sanksiyalar gözləyir. Bu ilin noyabr ayında İran neftinin ixracına qoyulacaq qadağaların nə ilə nəticələnəcəyi isə indidən bəllidir. İran buna qarşı var gücü ilə mübarizə aparacaq. Ancaq bu mübarizənin müsbət nəticələr verəcəyini demək çətindir. Çünki ABŞ meydanda tək deyil. Onun Kanada, İngiltərə, Avstraliya, Yeni Zelandiya kimi daha doğma müttəfiqləri ilə yanaşı Yaponiya, Almaniya, Fransa, Səudiyyə Ərəbistanı və bir çox başqa ölkələr kimi yaxın tərəfdaşları mövcuddur. Birləşmiş Ştatların tətbiq etdiyi və tətbiq etməyə hazırlaşdığı sanksiyalar hər üç ölkənin milli valyutasını əsaslı şəkildə silkələyə bildi. Sanksiyanın elan edilməsi bu cəmiyyətlərdə bir panika yarada bildisə, onlar işləməyə başlayandan sonra vəziyyətin daha da ağırlaşacağı qaçılmazdır. ABŞ-ın təkbaşına və müttəfiqləri ilə birlikdə Rusiya, Türkiyə və İran kimi ölkələrin iqtisadiyyatına və maliyyə sisteminə sanksiyalar yolu ilə ciddi təsir etmək imkanları var. Əgər bu ölkələrin on illər boyu dünyanın bank-hesablaşma sistemində hökmranlığı ələ almış dollardan imtina etmək imkanları olsaydı, o halda bəlkə də vəziyyət bu qədər acınacaqlı olmazdı. Təəssüf ki, indi bunu etmək də mümkün deyil. Dollardan imtina ilə bağlı bəyanatlar isə hələlik siyasi çağırışlardan başqa bir şey deyil. ABŞ-n sanksiyaları tətbiq etməkdə əsas məqsədi həmin ölkələrdə ictimai-siyasi vəziyyəti gərginləşdirmək və vətəndaş qarşıdurması yaratmaq yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaqdır. Bunun üçün ən yaxşı vasitə də sanksiyalardır. Baxın, sanksiyaların tətbiqindən sonra hadisələr hansı ssenari ilə inkişaf edir. Sanksiyalar milli valyutaları dəyərdən salır, ölkələrin ixrac potensialını azalır və bununla da idxala tələbat yüksəlir. Ölkəyə daxil olan möhkəm valyutanın həcmi kəskin azalan bir vəziyyətdə, idxal üçün möhkəm valyutaya olan tələbat yüksəlir. Nəticədə ticarət balansında mənfi saldo yaranır. Bu vəziyyətdə hökumət milli valyutanın kəskin ucuzlaşmasının qarşısını ala bilmir. Ölkədə qiymətlər yüksəlir, işsizlik artır, insanların həyat səviyyəsi aşağı düşür. Bu isə vətəndaş qarşıdurmasına aparan ən real yoldur. Belə qarşıdurmanın qarşısının alınmasının yeganə yolu daha ciddi idarəçilik üsullarının tətbiqindən keçir. Bu isə təbii ki, davamlı ola bilməz”.

Sabiq nazir onu da qeyd etdi ki, azad iqtisadiyyat anlayışı bu ölkələr üçün bir qədər nisbi xarakter daşıyır: “Hər üç ölkənin düşdüyü indiki durumda heç onun mövcudluğu da hələ hər şey demək deyil. Azad sahibkarlığın inkişafı üçün münbit iqtisadi mühit olmalıdır. Əgər bir ölkənin milli valyutası sabit deyilsə və mütəmadi olaraq öz dəyərini itirirsə, bu halda həmin ölkənin iqtisadiyyatına nəinki xarici investorlar, heç yerli iş adamları da yatırım etməyəcək. İqtisadiyyata yatırımlar edilməzsə, bu halda onun tənəzzülü qaçılmazdır. Bütün bu dediklərimiz zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Bu bağlılığı başlanğıc nöqtəsi isə sanksiyaların tətbiqindən sonra milli valyutaların dəyərdən düşməsi ilə başlayır. Hər üç ölkə bu gün iqtisadi tənəzzül yaşayır. Milli valyutaların ucuzlaşmaqda davam etməsi onların iqtisadiyyatını mümkün yatırımlardan məhrum edir. Bütövlükdə valyuta gəlirləri azalır. Nə qədər ki, bu vəziyyət davam edəcək, bu ölkələrin iqtisadiyyatında hər hansı bir irəliləyişin baş verməsi mümkün deyil. Ən yaxşı halda görülə biləcək xüsusi tədbirlər hesabına vəziyyəti bir qədər sabitləşdirmək mümkün ola bilər. Bu ölkələrə Qərb üzərində qələbə çalmaq üçün uzun bir yol keçmək lazımdır. Baxın, Rusiya, Türkiyə və İranın Ümumi Daxili Məhsulu ABŞ-ın ÜDM-nin 14%-nə bərabərdir və ya Birləşmiş Ştatların müttəfiqi olan Yaponiyanın ÜDM-dən az qala iki dəfə azdır. Belə olan halda kimin qələbə şansının nə qədər olduğunu dəyərləndirmək çətin deyil”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti