Avqustun 30-u saat 09 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan  bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, I Qarabağ müharibəsi zamanı 776 nəfər, II Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir”.

Report xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülüb və qarşı tərəfə təhvil verilib:

“I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Eyni zamanda, qoşunların qarşıdurma xəttində həlak olmuş və əsir-girovluqda ölmüş hər iki tərəfə aid onlarla insanın meyiti BQXK-nın vasitəçiliyi ilə tərəflərə təhvil verilib. Ümumiyyətlə, BQXK-nın iştirakı ilə 650-dən çox humanitar proses həyata keçirilib. Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Azərbaycan Respublikasına 25 nəfər (19 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşını təhvil verib. Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası isə 159 nəfər (118 hərbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş Ermənistan hərbçilərini və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxsləri internə edib, saxlanma şəraitini, onlarla ləyaqətli davranışı, qida, su təminatını və yaralıların müalicə hüquqlarını təmin edib. Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin, əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazması, videoismarışlar göndərməsi, o cümlədən telefon əlaqəsi saxlamaları təmin edilib”.

28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb.

FHN-in məlumatına görə, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar.

İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb.

Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş vermiş ərazidən götürülmüş nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb.

FHN: “Masallıda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür”

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2022-ci il 30 avqust tarixində işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

ANAMA-dan verilən məlumata görə, partlayış nəticəsində, minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri almışdır. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olmuşdur.
Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

"Tərtər işi" ilə bağlı həbs edilən - Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə Bakı Hərbi Məhkəməsində qərar elan olunub.

Qərarta əsasən, həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Eyni zamanda hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan olunub.

Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.

"Report məlumatına görə, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər verdiyimiz kimi, polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat nəticəsində “Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

Qafqazinfo məlumata görə, saxlanılanlar arasında bir neçə gün əvvəl bloqer Nail Kəmərlinin həmin ərazidə hazırladığı reportajda çıxış edən şəxs də var. Belə ki, N.Kəmərlinin suallarını cavablandıran, bəzi narkotik istifadəçilərinin “yaxşı kişi” olduğunu deyən, narkotik satanları isə “deşovıy”, yəni ucuz adlandıran şəxs də tutulan şəxslər arasındadır. Həmin şəxsin danışıq tərzi və sair xeyli maraq doğurduğundan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Saytımıza daxil olan məlumata əsasən, saxlanılan bu şəxs Nəsimi rayonunun Mərdanov qardaşları küçəsində qeydiyyatda olan, Nərimanov rayonu 2-ci Şimal Şitilliyi (Xutor) küçəsində daimi yaşayan 1968-ci il təvəllüdlü Vüqar Muradxanovdur. O, daha əvvəl də Cinayət Məcəlləsinin 234-cü, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə tutulub və məhkum edilib.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının avqustun 23-də həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Vüqar Muradxanov yaşadığı küçədə saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqramdan artıq (1040 qram) güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə olan heroin aşkar edilib.

Onun barəsində cinayət işi açılıb və təcridxanaya göndərilib.

 

Bərdə rayonunda dörd nəfər yeniyetmə qızı zorlayıb.

14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.

Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərindəki partlayışın səbəbi məlum olub. 

Oksigen avadanlığı sexində yüksək təzyiqli konteynerlərin partlaması nəticəsində güclü yanğın baş verib.

Hadisə yerinə xilasedicilərin cəlb edildiyi qeyd olunur. 

***
Azərbaycan Respublikasının Xankəndi şəhərində güclü partlayış olub.

Videolar sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Partlayışın səbəbləri barədə dəqiq məlumat verilmir.

Bəzi məlumatlara görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

 

 

 

 

Xeyli vaxtdır narkomaniya ilə bağlı videolar çəkən bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

“Bu barədə bloqer sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edib. Açar seçmə yolu ilə maşının qapısını açaraq oradan videoların çəkilişi üçün istifadə edilən “Canon” markalı fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb.

N.Kəmərli əlavə edib ki, avtomobilə əlavə ziyan vurulmayıb. O, baş vermiş hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu və onun fəaliyyətindən narahat olan qüvvələr tərəfindən törədildiyini bildirib.

Xəbər lenti