![]() |
|
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması və dövlətlərarası münasibətlərin qurulması barədə əldə edilmiş razılaşmaları alqışlayır.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın adından verilən bəyanatda deyilir.
"Biz son bir neçə il ərzində tərəflərin bu istiqamətdə həm ikitərəfli səviyyədə, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları inadlı işi yüksək qiymətləndiririk", - Avropa diplomatiyasının başçısının bəyanatında bildirilib.
Qeyd olunub ki, hazırkı razılaşma regionda dayanıqlı sülh və təhlükəsizliyin qurulması istiqamətində həlledici addımdır. Bəyanata əsasən, bu impulsu qorumaq, hər iki tərəfdən eyni perspektivli və kompromisə yönəlmiş yanaşma ilə bu prosesin uğurla başa çatdırılmasını təmin etmək son dərəcə vacibdir.
"Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir və tərəflər belə bir xahişlə müraciət edərsə, bu cür məsələlərdə əlavə dəstək və təcrübə təqdim etməyə hazırdır", - sənəddə qeyd olunub.
"İşğaldan azad olunmuş və bu gün yenidən qurulan ərazilərimizin sahəsi Ermənistanın bütün ərazisinin yarısında çoxluq təşkil edir. Mahiyyət etibarı ilə Azərbaycan hökuməti bu qədər böyük ərazidə yeni bir ölkə qurur".
Bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı MM sədrinin birinci müavini Əli Əhmədov deyib.
Vitse-spiker bildirib ki, bu, Azərbaycan hökumətinin böyük maliyyə və iqtisadi imkanlara malik olduğunu sübuta yetirən ən mühüm göstəricilərdən biridir:
"Ayrı-ayrı zamanlarda bəzi ölkələrdə belə hallar olub. Ancaq bu ölkələrdə dağıdılmış ərazilərin yenidən qurulmasına bir sıra ölkələrin donorluğu ilə böyük vəsaitlər cəlb olunub. Azərbaycan isə özünün vəsaiti hesabına bu qədər böyük ərazidə quruculuq və abadlıq işlərini uğurla həyata keçirir".
2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, 2024-cü ildə orta pensiya məbləği 12% artaraq 494 manat, yaşa görə pensiya 11,3% artaraq 528 manata çatıb.
“Yaşayış minimumu ölkə üzrə 9,8 faiz artaraq 270 manat müəyyən edilib. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub”, - Baş nazir qeyd edib.
Baş nazir əlavə edib ki, Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir: “Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunmuşdur. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib”.
“Ermənistan sülh sazişi mətnində razılaşdırılmayan maddəni - üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasını qəbul edib. Bu, Azərbaycanın əsas tələblərindən biri idi. Paşinyan bildirib ki, “sülh müqaviləsi imzalandıqdan sonra müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk edəcək”.
Ölkə.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, daha öncə İrəvan “müşahidəçilərin sərhədin delimitasiya olunmuş hissələrindən çıxarılması” mövqeyində israr edirdi, lakin sonda Bakının tələbinə uyğun olaraq, Aİ qüvvələrinin ümumi sərhəddən uzaqlaşdırılması ilə razılaşdı:
“İstisna deyil ki, müşahidəçilər sərhəddən uzaq bölgələrdə ofis şəraitində işləyəcəklər, lakin sərhəddə patrul xidməti aparmayacaqlar.
Bu, Azərbaycan-Ermənistan münasibətlərində sülh mərhələsinin başlanması istiqamətində ciddi addımdır, lakin hələ hər şeyin yekunlaşması demək deyil. Əsas məsələ Bakı-İrəvan xəttində problemlərin üçüncü tərəf olmadan, müzakirə masasında həll edilməsi imkanlarının tükənməməsidir”.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.
“Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.
Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri H.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.
Böyük Britaniya Azərbaycana hərbi attaşe təyin edib.
“Bu barədə məlumatı Britaniyanın Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşıb.
Bildirilib ki, sözügedən vəzifəyə Gavin Tarbard təyin edilib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanla bağlı müraciətə uzunmüddətli baxılma nəticələrinə uyğun olaraq Yekun Rəyini rəsmi olaraq dərc edib.
“Qafqazinfo” xəbər verir ki, BMT İnsan Hüquqları Ali Komissarlığına müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə etdiyi fikirlərə görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu, məhkəməyədək icraat dövründə təqsirsizlik prezumpsiyası və girov müqabilində azad olunmaq, həbsə alternativ tədbirlər seçilməsi hüquqlarının pozulduğu, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkan yaradılmaması və digər hüquqlarının pozulmasına dair iddialara baxılmış, nəticə olaraq iddiaların heç birinin öz təsdiqini tapmadığı barədə son qərar olan Yekun Rəy yayımlanıb.
İşçi Qrupu həmin rəyində göstərir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə təqsirləndirilən R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb, barəsində bu əsasların tədqiq edildiyi məhkəmə qərarı ilə həbs seçilib, istintaq zamanı bildiyi dil üzrə tərcüməçi təyin edilmiş, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqları təmin olunub.
Bununla yanaşı, məhkəmə tərəfindən R.Vardanyan barəsində həbs seçilməsi zamanı fərdi yanaşma və araşdırma tətbiq edilmiş və ittiham olunduğu cinayət əməllərinin ağırlıq dərəcəsi, xarakteri və işin faktiki halları əsaslandırılıb.
R.Vardanyanın işi əlaqədar mətbuatda və vəzifəli şəxslərin publik çıxışlarında təqsirsizlik prezumpsiyasının pozulmasına dair iddialarla bağlı Əsassız Həbslər üzrə İşçi Qrupu yekun olaraq bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 27 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında R.Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair “əsaslı şübhələr müəyyən olunduğu”na görə istintaqa cəlb olunması qeyd olunduğundan, məhkəmə hökmünədək təqsirliliyinə dair ifadələr ehtiva etmədiyindən istintaq olunan cinayət işi üzrə təqsirsizlik prezumpsiyası hüququnun pozulması halı müəyyən edilməyib.
Qeyd edilməlidir ki, Azərbaycanın işğal altında olmuş ərazilərində sülh və insanlıq əleyhinə, terrorçuluq və digər cinayət əməllərinə görə hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edən şəxslərdən yalnız Ruben Vardanyanın xarici əlaqə və resursları hesabına onun barəsində müraciət BMT İnsan Hüquqları Ali Komissarlığınadək çıxarılıb.
Lakin Azərbaycan Respublikasında bərqərar olmuş dəqiq hüquq texnologiyalarına əsaslanan hüquq təcrübəsi və beynəlxalq hüquq diplomatiyası qarşısında belə təşkilatlanmış səylər faydasızdır və cinayət məsuliyyəti labüddür.
2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb.
Rəsmi Bakının müəllifi olduğu bu “oyun qaydaları” bölgədə sülh, sabitliyin təmin olunmasına şərait yaradır. Azərbaycan bunun üçün öhdəsinə düşəni edir. Qalib tərəf olmasına baxmayaraq, Bakının sülh təşəbbüsü ilə çıxış etməsi onun humanistliyinin ən bariz nümunəsidir. Ermənistan isə vaxtı ATƏT-in keçmiş Minsk Qrupunun etdiyini edir: vaxtı uzadır. Rəsmi İrəvanın sözü ilə əməli üst-üstə düşmür.
Azərbaycan Xarici İşlər Nazirliyinin martın 13-də yaydığı bəyanatda bildirilib ki, Ermənistanla sülh sazişi üzrə danışıqlar bitib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - bəyanatda bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi də bu məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır.
Bunun ardınca Ermənistan baş naziri Nikol Paşinyan danışıqların yekunlaşmasını mühüm hadisə kimi qiymətləndirib.
Əslində bu, tipik erməni riyakarlığıdır. Məsələ burasındadır ki, danışıqların başa çatması qarşılıqlı etimad mühitinin gücləndirilməsi baxımından öz-özlüyündə müsbət haldır. Bu, sülhə doğru daha bir addımdır.
Amma Ermənistanın hazırkı ritorikasının arxasındakı niyyət gün kimi aydındır: İrəvan bununla iki məqsədə nail olmaq istəyir. Birincisi, özünü beynəlxalq ictimaiyyətə sülhpərvər kimi göstərir və sülh sazişinin imzalanmamasında Azərbaycanı ittiham etməyə çalışır. İkincisi isə Bakının haqlı, məntiqli tələblərini gündəmdən salmağa çalışır.
Halbuki Azərbaycana sadəcə kağız parçası yox, davamlı sülh lazımdır. Bunun üçün isə tələblər yerinə yetirilməlidir. Həmin şərtlərin ən vaciblərindən biri Ermənistanın Konstitusiya dəyişikliyinə getməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Bu olmadıqca, əlbəttə, mümkün sülh kövrək olacaq. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi o deməkdir ki, bir neçə il sonra qarşı tərəf yenidən hansısa revanşa cəhd edə bilər. Rəsmi Bakı məhz bu ssenarinin qarşısını almağa çalışır.
Digər tərəfdən, Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir. Bu, ədalətin və beynəlxalq hüququn tələbidir. Üstəlik, Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən Ermənistan ərazisində olan şəxsləri, o cümlədən keçmiş prezidentlər Serj Sarkisyanla Robert Köçəryanı təhvil verməlidir.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dediyi kimi, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq: “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”.
Əlbəttə, İrəvan bütün bunlara görə məsuliyyət daşıyır. İndi İrəvanın “biz sülh istəyirik” deyərək məsuliyyətdən yayınması riyakarlıqdan başqa bir şey deyil.
Nəzərə almaq lazımdır ki, cəmi 15 maddədən ibarət sənədin razılaşdırılması hələ onun imzalanması demək deyil. Prosesin bundan sonra necə inkişaf edəcəyi məhz Ermənistanın ritorikasından asılıdır. İrəvan hərbi-siyasi təxribatlarını davam etdirərsə, hücum silahları alaraq Azərbaycanın təhlükəsizliyinə təhdid yaradarsa, əlbəttə, mümkün sülh ehtimalını azaltmaqla yanaşı, həm də öz işini çətinləşdirəcək. Bu mənada Ermənistan anlamalıdır ki, hazırkı prosesin davam etməsi məhz onun konstruktiv mövqe tutmasından, o cümlədən Azərbaycanın tələblərini yerinə yetirməsindən asılıdır. Əks halda nəzərə almalıdır ki, Bakı sülh üçün tələsmir. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycan sülhsüz də yaşaya bilər. Olan Ermənistana olacaq: onsuz da Qərblə Rusiya arasında siyasi poliqona çevrilən Ermənistan bir azdan Ukraynanın taleyini də yaşaya bilər.
Report.az
Ermənistan intensiv şəkildə Azərbaycanla yeni müharibəyə hazırlaşır. Müharibə hətta apreldə qonşu ölkədə ehtiyatda olan hərbçilərin çağırışından sonra bir neçə həftə ərzində başlaya bilər.
"Bu barədə "Caliber"in analitik "YouTube" kanalındakı yeni videosunda bəhs olunur.
Bildirilir ki, Ermənistanın genişmiqyaslı münaqişəyə fəal hazırlığını ordularının sistemli şəkildə yenidən silahlanması ilə də görmək olar.
"Silah tədarükü və ordunun modernləşdirilməsi birbaşa dövlətin hərbi strategiyasını əks etdirir. Əgər hər hansı bir ölkə xüsusən hücum sistemlərinə üstünlük verərək, öz arsenalını fəal şəkildə artırırsa, bu, təkcə onun müdafiə qabiliyyətinin gücləndirilməsindən deyil, həm də gələcək hərbi əməliyyatlara hazırlığından xəbər verir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son məlumatları göstərir ki, Ermənistan son illərdə, xüsusən də 44 günlük müharibədə məğlub olduqdan sonra silah alışını əhəmiyyətli dərəcədə artıraraq diqqətini ənənəvi hərbi-texniki tərəfdaşı olan Rusiyadan Fransa və Hindistan kimi yeni təchizatçılara yönəldib", - materialda qeyd olunub.
Daha ətraflı videosüjetdə: