![]() |
|
“Əlbəttə ki, hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik”.
Bu fikirləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü zamanı deyib.
“Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır. Bir neçə gün əvvəl, xanım Prezidentlə Praqada görüşmək imkanı oldu. Bilirsiniz ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışıqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. Əminəm ki, siz də tərəfdaşlığımızı irəliyə doğru aparmaq məqsədilə azərbaycanlı həmkarınızla yaxşı işgüzar münasibətlər quracaqsınız”, - Prezident vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxış edərək bildirib ki, Rusiya hakimiyyəti Ermənistan və Azərbaycan hakimiyyətlərinə sülh müqaviləsi bağlamaq üçün öz təkliflərini təqdim edib. Onun sözlərinə görə, Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün sentyabr ayında regiona bir neçə səfər edib.
Eyni zamanda, o, "müqavilə predmetinin yüksək həssaslığına" istinad edərək, danışıqların aralıq nəticələrini şərh etməkdən imtina edib.
"Sülh müqaviləsi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, biz davam edən danışıqların təfərrüatlarını şərh etməyi yersiz hesab edirik", - XİN sözçüsü bildirib.
Münaqişənin həlli prosesində Qərb vasitəçilərinin fəaliyyətinə toxunan Zaxarova qeyd edib ki, bəzən onların yanaşmaları kifayət qədər balanslı görünmür, xüsusən də nədənsə birbaşa adını çəkmədiyi fərdi vasitəçilərə münasibətdə.
Amma görünən odur ki, bu günlərdə Praqada Qərb vasitəçilərinin bilavasitə iştirakı ilə əldə edilmiş nəticələri nəzərə alsaq, Zaxarovanın qiymətləndirmələri əsaslı deyil. Əliyev-Mişel-Paşinyan-Makron dördtərəfli görüşünün yekunlarına dair bəyanatda qeyd olunur:
“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiq etdilər. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə baş tutacaq.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasını təşviq etməyə razılaşıb. Azərbaycan sözügedən missiya ilə ona aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib. Missiya maksimum iki ay müddətinə oktyabr ayında işə başlayacaq. Missiyanın məqsədi güvən yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına kömək etmək olacaq”.
Bu şəraiti nəzərə alsaq, bir məsələ çox maraqlıdır: Moskvanın, Zaxarovanın fikrincə, artıq İrəvan və Bakıya təhvil verdiyi sülh müqaviləsi təklifləri konkret nədən ibarət ola bilər? Qarabağın gələcəyi, Zəngəzur dəhlizi adlanan yer haqqında nə demək olar?
Bəs niyə bu təkliflərin məzmunu hətta ümumi formada da açıqlana bilmir? Bu sirlər nələrdir?
AYNA-nın bu suallarına ekspertlər cavab veriblər.
Politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov:
- Aydındır ki, Rusiya Xarici İşlər Nazirliyi həm ABŞ-ın, həm də Avropa İttifaqının vasitəçilik səylərinə ört-basdır edilməmiş qıcıq və qısqanclıqla reaksiya verir. Rusiyanın Ukraynaya sonuncu təcavüzünə qədər Moskva əmin idi ki, Ermənistan-Azərbaycan məsələsində əsas moderatorluq funksiyası tamamilə Rusiya Federasiyasının nəzarəti altında qalır, Şarl Mişel isə sanki köməkçi rol oynayır.
Amma indi vəziyyət o qədər dəyişib ki, məhz Brüssel əsas danışıqlar platformasına çevrilir, xüsusən də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması və imzalanması kontekstində. Və buna Vaşinqtonun vasitəçilik səyləri də əlavə edilib ki, o, son vaxtlar dövlətlərimiz arasında sülhün əldə edilməsi üçün danışıqlar prosesində az da olsa iştirak edib. Eyni zamanda, Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşmasına daha ciddi təsir göstərmək istəyini nümayiş etdirib.
Rusiyanın təkliflərinin konkret məzmununa gəlincə, mən ancaq erməni mənbələrinə istinad edə bilərəm, çünki bizim XİN, rəsmi strukturlar bu barədə heç bir məlumat verməyib. Onların hesabatlarından belə çıxır ki, Xovayev bu yaxınlarda regiona səfəri zamanı Bakının dediklərindən çox da fərqlənməyən təkliflər irəli sürüb. Söhbət 5 prinsipdən gedir. Onlar Rusiyanın təkliflərində də öz əksini tapıb, yeganə fərqlə ki, Brüsseldə və ABŞ-da baş tutan danışıqlar kontekstində sülh sazişi layihəsində “Qarabağ” sözü yer almayıb. Rusiya isə mövcud situasiyanı saxlamağı təklif edir ki, mövcud vəziyyət normallaşdıqdan sonra Qarabağ ermənilərinin hansısa statusa malik olmasının müzakirəsi açılsın.
Təbii ki, belə bir sual açıq qalanda bu o deməkdir ki, Rusiyanın qondarma sülhməramlılarının burada olmasının müddəti uzadılır və Moskva həm Ermənistana, həm də Azərbaycana münasibətdə bu məsələdə manipulyasiya rıçaqlarını özündə saxlayır. Hansı ki, Bakıya heç də uyğun gəlmir və ona görə də, mənim başa düşdüyüm qədər, sülh sazişinin əldə olunması üçün əsas platforma kimi Brüsseli seçib.
Bundan əlavə, Ermənistanın bizə Zəngəzur dəhlizi üçün konkret yol marşrutu verməsini təkid etməkdə davam edirik, çünki ermənilərin nə qədər giley-güzar etməsindən asılı olmayaraq, Mehridən keçən dəmir yolunun bərpasının təbii ki, alternativi yoxdur. Avtomobil yolu marşrutunun iki variantı var və onlardan biri Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz və təhlükəsiz nəqliyyat marşrutuna istinad edən Üçtərəfli Birgə Bəyanata uyğun olacaq. Ermənistan birini mütləq təsdiq etməlidir. Bütün hallarda bu məsələdə görünən odur ki, həm Qərbin, həm də Rusiyanın təklifləri bir-birindən çox da fərqlənmir. Ona görə də burada güclü mübahisələr olacağını düşünmürəm.
Mixail Neyjmakov, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki (Moskva):
- Zaxarovanın Bakı ilə İrəvan arasında sülh müqaviləsi ilə bağlı Moskvanın təkliflərinin təfərrüatları üzərində niyə dayanmadığı aydındır. 2022-ci il sentyabrın sonunda Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, “masada imzalana və ya rədd edilə bilən heç bir mətn yoxdur”. Aydındır ki, Ermənistanın Baş naziri bununla da danışıqlarda irəliləyişlə bağlı (o cümlədən, ölkəsində daxili auditoriya arasında narahatlığı artırmamaq üçün) çox yüksək gözləntilər qoya bilməzdi. Buna baxmayaraq, deyək ki, Ermənistanın “Past” nəşri tərəfindən sentyabrda buraxılan şayiələrə - guya ki, Paşinyan Praqaya sülh müqaviləsinin ilkin layihəsi ilə danışıqlar üçün getməli idi, görünür, hələlik bu sənədin müzakirəsi tamamlanmadan çox uzaqdır.
Bu vəziyyətdə Rusiya XİN-in rəsmi nümayəndəsinin sülh müqaviləsi layihəsi ilə bağlı Rusiyanın təkliflərindən ümumi şəkildə danışması başa düşüləndir - danışıqların ilkin mərhələsində sənəddəki təkliflərə dair bəyanatlar nə qədər konkret olarsa, həm tərəflər, həm də vasitəçilər üçün manevr üçün daha az yer qalır.
Təbii ki, sülh müqaviləsinin mətninə daxil edilə bilən, ya da ondan kənarda qalan, ayrı-ayrı müqavilələrlə tənzimlənən çoxlu məqamlar var. Belə mövzulara məsələn, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının deblokadası daxildir. Buna baxmayaraq, çox güman ki, Moskva sülh müqaviləsində bu mövzunu daha ətraflı təsvir etməyi təklif edə bilər. Rusiya bu məsələdə sadəcə vasitəçi deyil, 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “nəqliyyat əlaqələri üzərində nəzarət” Ermənistan ərazisindən keçməlidir, və onun təhlükəsizliyi, həmin bəyanata əsasən, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti tərəfindən həyata keçirilməlidir. Ona görə də tamamilə mümkündür ki, Rusiyanın sülh müqaviləsi ilə bağlı təklifləri çərçivəsində nəqliyyat kommunikasiyaları məsələsinə daha çox diqqət yetirilib.
Erməni xalqının Mərkəzi Seçki Komissiyası İlham Əliyevdir. O, bizə yenə şans verdi, qarşımıza seçim qoydu.
Axar.az xəbər verir ki, bu fikirləri İrəvan telekanalanın “İcmal” verilişinin efiri zamanı tanınmış erməni siyasətçi Vahe Ovannisyan bildirib.
“Ermənistanda seçkilər başlayıb. Bu barədə İlham Əliyev qərar verib və əslində, o, bizim yeganə MSK-mızdır. O, bizim milli seçki bülleteninə ikicə sual yazıb:
1. Dövlət kimi mövcüd olmaq istəyirsiniz?
2. Ermənistan adekvat respublikadır, yoxsa köçəri bir xalq?
Üç milyon insanın taleyi yalnız İlham Əliyevin əlindədir. Nəinki 3 milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə o adamın əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq”, - deyə o bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazırdır”.
Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Respublikasının Prezidenti Emmauel Makronla 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekunları ilə bağlı “Twitter” hesabındakı paylaşımda qeyd edib.
Xəbər verdiyimiz kimi, Praqada yenidən dördtərəfli görüş olub. 5 saatdan çox davam edən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Fransa dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəliblər.
Görüşün yekununda tərəflər bəyanat qəbul edib və bu sənəddə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı qeyd olunub. Bu xüsusda BMT nizamnaməsi əsas sənəd kimi götürülüb.
Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib. Ermənistan ölkəmizin suverenliyini tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini də tanımış olub.
Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmirdi. Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır.
Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il 9 noyabr bəyanatı ilə tənzimlənir, bu hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.
Eyni zamanda, qərara alınıb ki, sərhədlərin delimitasiyası komissiyalarının növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilsin.
Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
“Özünə yığılmaq, narahat duruş, əlləri sıxmaq və s təxminən 2 dəqiqədən sonra bədəndə həyəcan hormonları artırır. Bu, səs, rəng, göz, reaksiyaya xüsusi mənfi təsir edir”.
Bunu bədən dili mütəxəssisi Ağa Mehdiyev deyib. O, dünən Azərbaycan Prezidenti İlham Əliyev, fransalı həmkarı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə iştirak edən tərəflərin bədən dilinin izahını verib:
1. Makron - Proses tam nəzarətində deyil, olduqca narahatdır. İlk, davamlı narahatlıqlar əllərində və gözlərində özünü büruzə verir. Özündə baş verən gərginliyini əllərini bir-birinə sıxmaqla idarə etməyə çalışır, tam alınmır.
2. Makronun solundakı xanım - Daha incə davranır, telefon söykənmə yeri, özünü gizlətmə alətidir. Nə etsə də, sonda tam görünür, dodaqlarını sıxır, təzyiq ən çox ağız nahiyəsində və gözlərində əksini tapır.
3. Paşinyan - Güclü həyəcan qulaqlarına qədər təsir edir. Ayaqlarını geniş açmaqla məkanda Alfalıq etmək istəyir, amma əllərini möhkəmcə yığma buna maneə olur, əsas halını açıb göstərir.
4. Şarl Mişel - Daha professionaldır. Həyəcanını daha nəzərəçarpmadan, incə idarə edir. Tam özünə qapanmayıb. Bircə stulda tam rahat əyləşə bilsəydi, daha güclü görünərdi, onu idarə edə bilmir, yəqin fərqində belə deyil.
5. İlham Əliyev - Stulda əmin əyləşib. Qorxmadan, sadə təsirli nəzərlərlə nəzər edir. Bu rahat duruş qarşı tərəfi əzir, zəiflədir.
6. Ceyhun Bayramov - Əllərini gözəl idarə edir. Baxışları sərrastdır”, - deyə o qeyd edib.
Dünən beynəlxalq aləmdə ən çox müzakirə edilən mövzulardan biri Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Praqada keçirdiyi görüş olub.
Oxu.az məlumatına görə, dünya mediasında geniş yer alan bu tədbir sosial şəbəkələrdə də əsas müzakirə mövzularından birinə çevrilib.
Xatırladaq ki, oktyabrın 6-da keçirilən görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini və bunun, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını təsdiqləyiblər. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Bundan başqa Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Rəsmi Bakı da öz növbəsində bu missiya ilə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
“Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.
Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”-deyə, bəyanatda qeyd olunub.