![]() |
|
Qarabağ separatçıları Levon Mnatsakanyanın “müdafiə naziri” vəzifəsindən istefaya getməsini təsdiqləyib.
Axar.az xəbər verir ki, Mnatsakanyan qondarma rejimin rəhbəri Bako Saakyanın rəhbərliyi ilə 14 dekabrda keçirilən iclasda istefaya göndərilib. “Baş qərargah rəisi” Karen Abramyan “müdafiə naziri” təyin edilib. Cəlal Arutyunyan isə “baş qərargah rəisi” olub.
Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Mnatsakanyanın istefası ilə bağlı xəbər yaysa da, qondarma rejim bunu təsdiq etməmişdi.
Levon Mnatskanyan 2015-ci ildə Qarabağa Movses Akopyanın yerinə göndərilib. Serj Sərkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub.
Abramyan Qarabağa bir il öncə Kamo Vardanyanın yerinə göndərilib. Bu vaxta qədər isə o, Ermənistan-Rusiya birləşmiş qüvvələrində yer alan Ermənistan ordusunun 5-ci korpusunun rəhbəri vəzifəsini tutub.
Cəlal Arutyunyan bundan öncə qondarma rejimin dağ atıcı diviziyasının komandanının müavini vəzifəsini icra edib.