![]() |
|
Ermənistan üçün xarici borcların artmasından daha ağır bir məsələ var.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Ermənistanın 2019-cu ildə daha 490 milyon dollar borc alacağı barədə rəsmi məlumatı şərh edərkən deyib. O bildirib ki, Ermənistanda təqribən 1,6 milyard dollara yaxın avrobondların 3 illik buraxılmış borc kağızları var idi:
“2019-cu ildə onların da qapadılması məsələsi gündəmə gələcək. İl ərzində Ermənistan avrobondlar üzrə ya faizləri ödəməli, ya da onları geri qaytarmalı olacaq. Bu da Ermənistana çox ciddi maliyyə yükü yaradır. Xarici borcların artması, xarici öhdəliklərin çoxalması Ermənistanın onsuz da zəif olan iqtisadiyyatında əlavə bir yükə çevrilib. Ona görə də çox güman ki, gələn il üçün alınacaq borcların əsas hissəsi heç ölkə iqtisadiyyatına yatırılmayacaq. O borcların alınma səbəbi ondan ibarətdir ki, bundan öncəki illərdə alınmış xarici borcları və digər buraxılmış dövlət istiqrazlarının faizlərini ödəyə bilsinlər. Çox güman ki, Ermənistan hökuməti buna görə 490 milyon dollar borc alır. Yəni borcu qaytarmaq üçün borc alır. Bu da daha çox borclanma olacağından və gələcəkdə bu borcların idarəolunmaz bir həddə çata biləcəyindən xəbər verir. Bəzi məlumatlar da var ki, Ermənistanın yeni hökuməti gələn il Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə növbəti danışıq mərhələsinə başlayacaq. Bununla onlar daha çox borc cəlb edərək, ölkə iqtisadiyyatına yatırımları bu borclar hesabına artırmaq istəyir”.
İqtisadçı vurğulayıb ki, Ermənistan hökuməti aldığı borcların böyük bir hissəsini əvvəlki illərdə alınan borcların faizlərinin verilməsinə sərf etdiyi üçün 2019 iqtisadi anlamda çox ağır bir il olacaq:
“Ermənistanın Rusiyadan asılılığı getdikcə artır. Əgər gələn il də neftin qiymətlərində enmə davam etsə, paralel olaraq, Rusiyada rublun ucuzlaşması baş versə (son günlərdə artıq bu proses başlayıb) və borc yükü də artsa, bu, Ermənistan iqtisadiyyatına çox ağır bir zərbə olacaq. Yəni kifayət qədər idarəolunmaz proseslərin şahidi ola bilərik. Hər şey yeni hökumətin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə danışıqlarından asılı olacaq. Əgər bu danışıqlar vasitəsi ilə müəyyən güzəştlər əldə etsələr və böyük və uzunmüddətli borc cəlb edə bilsələr, ola bilər ki, vəziyyətdən çıxsınlar. Yoxsa Ermənistan hökuməti kommunal xidmətlərin, yanacağın, bir sözlə dövlət tərəfindən tənzimlənən hər şeyin qiymətini qaldırmağa məcbur olacaq ki, büdcəyə əlavə vəsait cəlb etsin. Bu da əhalinin ciddi narazılığına səbəb ola bilər”.
İqtisadçı qeyd edib ki, ümumiyyətlə, Ermənistanın gələn il Rusiyadan asılılığının azaldılması Avropanın, dünyanın Ermənistanın yeni hökumətinə münasibətindən asılı olacaq:
“Əgər Rusiyanın təsirlərini yavaş-yavaş minimuma çatdırılmasını AB hədəf kimi qarşısına qoyubsa, bu baş verə bilər. Ermənistan iqtisadiyyatı çox kiçikdir. Büdcələrinin həcmi heç 3 milyarda çatmır. Yəni Qərb belə kiçik iqtisadiyyatı olan ölkəni Rusiyadan uzaqlaşdırmağı hədəf kimi qarşısına qoysa, AB və ABŞ maliyyə institutları bunu qısa müddətdə bacarar. Bu dəstək olmasa, həm Ermənistanda vəziyyət gərginləşəcək, həm də Rusiyadan asılılıq getdikcə daha çox artacaq”.
Qeyd edək ki, 2019-cu ildə Ermənistanın xarici borclarına daha 490 milyon dollar əlavə olunacaq.