![]() |
|
Əslində Donald Tramp Suriyadan çəkilməklə bəlkə də Rusiya və Türkiyəni də bataqlığa çəkməyə çalışır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, ABŞ-ın PKK-nı terrorçu təşkilat kimi tanısa da onun qolu olan PYD-yə dəstək verməsi heç bir məntiqə sığmır:
“ABŞ PKK ilə hərbi və siyasi münasibətləri kəsməklə, Türkiyə ilə münasibətləri qaydaya sala biləcəyini düşünürdü. Bu zaman isə kartları PYD-ə doğru oynamağa başladı. Türkiyə hökuməti bu vəziyyətdən narazılığını ən yüksək səviyyədə ABŞ-ın diqqətinə çatdırdı. Türkiyə hökuməti sərhədlərindən kənarda baş verən və birbaşa Türkiyənin təhlükəsizlik mühitinə təsir edən məsələlərə laqeyd qala bilməz. Bu baxımdan Türkiyə özünün və bölgənin təhlükəsizliyinə təhdidin, ölkəyə daha çox qaçqın axınının qarşısını almaq məqsədi ilə bölgə dövlətlərində hərbi əməliyyatlar keçirməyə məcburdur. Bunu zaman diqtə edir. Bölgədə sülhün və sabitliyin qorunması üçün bu vacibdir”.
Politoloq qeyd edib ki, ABŞ-ın Suriyadan çıxması bölgədə siyasi və hərbi boşluğun yaranmasına səbəb olacaq:
“Bu boşluğu önəmli dərəcədə Rusiya, İran-Rusiya əməkdaşlığı və Türkiyə doldura bilər. Amma burada xüsusi bir məsələyə diqqət yetirməliyik. Rusiya, İran və Türkiyənin bölgədəki varlığı bir tək ABŞ-ın bölgədəki boşluğunu doldurmağa yetərli deyil”.
Politoloq bildirib ki, Türkiyə-Rusiya-İran bölgədə birgə fəaliyyətini davam etdirsə də, İran və Rusiya PKK/PYD kartından Türkiyəyə qarşı hər zaman istifadə edəcək:
“Razılaşma çərçivəsində bu dəstək minimum kimi görünə bilər. Amma bu müttəfiqlik pozulduğu təqdirdə Rusiya və İran PKK/PYD kartından Türkiyəyə qarşı maksimum istifadə etməyə çalışacaq”.
Politoloqun sözlərinə görə, Rusiya-Türkiyə əməkdaşlığında çatın əmələ gəlməsi ehtimalı hər zaman var:
“Çünki bölgə o qədər qarmaşıq təhlükəsizlik mühitinə sahibdir ki, kimin-kimin yanında olması, kimin hansı ittifaqa qarşı olması da bəlli olmur. Suriya bir dəyirmandır. Bura insan əti, maliyyə vəsaiti, təhlükəsizlik mühitini yeyir. ABŞ kimi hegemon dövlətin burada xərclədiyi pulların müqabilində Suriyadakı təhlükəsizlik mühiti ABŞ-ın mövqelərini qoruyacaq səviyyəyə çatmayıbsa, ciddi iqtisadi və siyasi problemləri olan Rusiya və İranın bölgəyə xərclədiyi hər bir sent həmin ölkələrin büdcəsindən gedəcək. Unutmamalıyıq ki, hərbiyə xərclənən pullar da adətən geri qayıtmır”.