![]() |
|
Bu gün Mehman Hüseynovun hüquqlarının qorunmasında ən çox marağı olan tərəf Azərbaycan dövlətidir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, sosial şəbəkələrdə bir qrup insan Mehman Hüseynov adlı bir nəfərin məsələsini siyasiləşdirməyə, bunu siyasi şüur səviyyəsinə qaldırmağa çalışır:
“Vətəndaş Hüseynov Azərbaycandakı 10 mindən çox məhbusdan sadəcə biridir. O, həbs müddətində yeni cinayət əməli törətdiyinə görə ətrafında yeni istintaq işi başlayıb. Yəni bu hüquq işi üçün adi bir haldır. Ancaq onu bütün məhbus kontingentindən ayıraraq, diqqət göstərmək, haqqında qaldırılan işin mahiyyətinə varmadan, istintaqın gedişini gözləmədən onu siyasi məhbus elan etmək, onun təcili olaraq azadlığa buraxılmasını tələb etmək hüquqa və qanuna zidd olan hərəkətdir. Biz hüquqi bir dövlətdə yaşayırıq və istənilən hərəkətə ancaq hüquq çərçivəsində qiymət verə bilərik”.
Millət vəkili vurğulayıb ki, bu gün onun işinin siyasiləşdirilməsi ilk növbədə özünə, hüquqi müdafiəsinə mənfi təsir göstərir:
“Onun özü istəmədən belə Azərbaycanda və xaricdə müəyyən siyasi dairələrin əlində alətə çevrilir. Bu gün onu müdafiə edənlərə əslində Hüseynovu müdafiə etmək lazım deyil. Hüseynovun müdafiəsi ilə bağlı xaricdə müəyyən anti-Azərbaycan dairələri dövriyyəyə xeyli pul buraxıb. Həmin pulun sərf edilməsi üçün bu gün müəyyən dairələr ciddi mübarizə aparır. Azərbaycanda zaman-zaman belə hadisələr olub. Müəyyən bir müddət keçəndən sonra bunun arxasında maddi marağın, xaricdən müəyyən dairələrin Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəkləri ortaya çıxıb.
Mehman Hüseynov Azərbaycan vətəndaşıdır və onun hüquqları Konstitusiya və qanun çərçivəsində qorunur. Hüseynovun sağlam olması, vəkillə təmin edilməsi üçün bütün işlər görülür. Ortaya onun aclıq aksiyasına qoşulması ilə bağlı fikir atılıb. Penitensiar Xidmət isə onun aclıq aksiyası keçirmədiyini bildirir.
Mən hesab edirəm ki, bu cür məsələlərin məqsədi heç də Hüseynov Mehmanın azadlığa buraxılması deyil, Azərbaycan haqqında xaricdə mənfi rəy yaratmaq, ölkəmizin uğurlarına kölgə salmaq, Azərbaycan vətəndaşlarında öz dövlətinə, hakimiyyət orqanlarına inamsızlıq yaratmaqdan ibarətdir”.