Azərbaycanın tanınmış jurnalistləri Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.

“Müraciət Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlıdır. Müraciətdə deyilir:

“Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur”.

Müraciətdə bildirilir ki, Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb:

“Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək”.

Müraciəti aşağıdakı jurnalistlər imzalayıb:

1. Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri
2. Əflatun Amaşov - Mətbuat Şurasının sədri
3. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru
4. Eynulla Fətullayev – Haqqin.az saytının baş redaktoru
5. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru
6. Orxan Fikrətoğlu – müstəqil jurnalist
7. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru
8. Səadət Məmmədova – ATV prezidentinin müşaviri
9. Həmid Həmidov - bloger
10. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini
11. Mübariz Əsgərov – müstəqil jurnalist
12. Şakir Eminbəyli – “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi
13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki
14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı
15. Emin Musəvi – ASAN radionun rəhbəri
16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru
17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru
18. Azər Qərib - bloger
19. Tofiq Abbasov – AZTV-nin siyasi icmalçısı
20. Əli Hacızadə - bloger
21. Vyacheslav Sapunov - bloger
22. Ədalət Verdiyev – bloger
23. Tofiqəxanım Qasımova (Nurani) - “Minval.az” saytının siyasi icmalçısı
24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru
25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru
26. Şakir Ağayev - “Novaya Vremya” qəzetinin baş redaktoru.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.

 “Report” xəbərinə görə, səfərdə məqsəd işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxışın keçirilməsidir.

Səfər zamanı jurnalistlər Zəngilan şəhərinin girişində meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirəcəklər və ərazidə ağaclar əkəcəklər.

Daha sonra isə rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə baxış keçiriləcək. Həmçinin jurnalistlər Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Zəngilan əhəng xammalı yatağı”na və Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirəcəklər.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

BAKU.TV xəbər verir ki, sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub. Polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Reyd zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. Virusun yayılma ehtimalı çox olan məkanlarda polis əməkdaşlarının nəzarəti gücləndirilib. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.

Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

"Bir daha hər kəsdən tələb olunur ki, həm şəxsi sağlamlıqlarını, həm də ki, digərlərini bu virusdan qorumaq üçün sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər", - deyə məlumatda vurğulanır.

 

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Baş nazirin müavini Şahin Mustafayev aprelin 5-də Meliorasiya və Su təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovu kollektivə təqdim edib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən  verilən məlumata götə, təqdimat mərasimində ASC-nin keçmiş sədr Əhməd Əhmədzadə də iştirak edib.

Ötən gün vəfat edən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır.

“Mərhumun cənazəsi 1 saylı Kliniki Tibbi Mərkəzdən götürülərək dəfn olunması üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

Rəmişlə ayrıca vida mərasimi keçirilməyəcək. Mərhumun ailə üzvləri, sənət dostları xəstəxananın qarşısına toplanıb. Xalq artistinin cənazə namazı xəstəxananın həyətində qılınıb.

Xatırladaq ki, 77 yaşlı Rəmiş aprelin 5-də müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişib.

Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, Rafiq Hüseynov 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunda anadan olub. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib. İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.

Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib. Azərbaycan ifaçılıq sənəti sahəsindəki xidmətlərinə görə Rafiq Hüseynov 2008-ci ildə Respublikanın Əməkdar artisti, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 
 
 

Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb.
İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq və postlar da bu məqsədlə qurulub.

DİN Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev e-huquq.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.

"Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə o bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib.
Bu barədə JuHİ sədri Müşfiq Ələsgərli məlumat verib.

Onun sözlərinə görə, yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir. "Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir"- o qeyd edib.

Qeyd edək ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

Məsələnin aktuallığını nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bununla bağlı kriteriyalar həftə ərzində açıqlanacaq.

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Təbriz Cəfərov dəfn edilib.
"Report" xəbər verir ki, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu T.Cəfərov 44 günlük müharibə zamanı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Tibbi Əraziləri Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib.

TƏBİB-dən  daxil olan məlumatda bildirilib ki, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir:

"Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik".

Həmin protokolları təqdim edirik:

//its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

//its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Unikal.org verdiyi məlumata görə, sabiq sədr Ə.Əhmədzadə baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Xəbər lenti