![]() |
|
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti, həmçinin 75-ci sessiyanın sədri olan Volkan Bozkırın bir sıra ölkələrə səfəri planlaşdırılır.
Oxu.az verdiyi məlumata görə, bunu BMT rəsmisinin mətbuat katibi Brenden Varma jurnalistlər üçün təşkil olunmuş brifinq zamanı bəyan edib.
Onun sözlərinə görə, V.Bozkır Türkiyə, Qətər və Azərbaycana səfər edəcək. Baş Assambleya prezidentinin səfəri 1-12 aprel aralığında baş tutacaq.
Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, parlament sədri Mustafa Şəntop və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək V.Bozkır, daha sonra Qətərə, oradan da Azərbaycana gələcək.
Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Qeyd edək ki, çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 2-də “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” sərəncam imzalayıb.
Bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılır.
Bu şəhər və rayonlarda rəsmi qeydiyyatda olan əhali aprelin 1-dən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə biləcəklər.
Bununla da icbari tibbi sığorta Azərbaycanın bütün əhalisini əhatə edəcək. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.
Vətəndaşlar xidmətlər zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.
Pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrıldığından orada hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət edilib.
Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanuna əsasən müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir.
Xatırladaq ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.
İcbari tibbi sığorta ilə bağlı ətraflı məlumatla Agentliyin rəsmi internet səhifəsindən (//its.gov.az/) və qurumun sosial şəbəkələrdəki səhifələrindən tanış olmaq olar. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, info@its.gov.az elektron poçt ünvanına, qurumun sosial şəbəkələrdəki səhifələrinə və ya TƏBİB-ə (info@tabib.gov.az) ünvanlaya bilərlər.
Ötən il dekabrın 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilib və protokol bu gündən qüvvəyə minir.
Report xəbər verir ki, bu gündən etibarən Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyəyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqdır.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.
Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir.
Bu mənada Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcəkdir.
Həmçinin Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.
Eyni zamanda Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.
Bu barədə konkret.az-a açıqlamasında tanınmış iqtisadçı alim Qubad İbadoğlu fikir səsləndirib. İqtisadçı bildirib ki, bu göstərici 1 ildən artıq müddətdə sözügedən xəstəliyin müalicəsi üzrə təcrübə yığan səhiyyə sistemi üçün çox pisdir: “Fikrimcə koronavirusdan yaxa qurtarmağın 2 yolu var.
1. Ya yoluxub, sağalanların sayının artması ilə kollektiv müqavimət formalaşdırılmalı.
2. Ya da yoluxmayıb, özünü qoruyanların kütləvi və sürətli peyvənd edilməsi yolu ilə fərdi olaraq orqanizmlərdə müqavimət yaradılmalıdır.
Səhiyyə statistikası bərbad olduğuna görə, indiyədək yoluxanların ümumi sayının 259 476 nəfər, sağalanların sayının 237 338 nəfər, vəfat edənlərin sayının 3538 nəfər olduğuna inanmaq olmur. Çünki, bu siyahıda yoluxub, evdə müalicə olunanlar, yaxud, müalicə olunmayıb sağalanlar və ya dünyasını dəyişənlər yer almayıb”.
Qubad İbadoğlunun sözlərinə görə, səhiyyə statistikasına inansaq, belə çıxır ki, indiyə qədər əhalinin 2,5 faizi virusa yoluxub, hələ 97,5 faizi də yoluxa bilər: “Odur ki, bu rəqəmlərə əsaslanmaq və düzgün səhiyyə siyasəti yeritmək mümkün deyil. Əslində evdə müalicə olunanlar hətta xəstəxanada sağalanlardan 10 dəfə çox olsa da, kollektiv müqavimətin formalaşmasına hələ tezdir. Bunu da gözləmək xalqı qırğına verməkdir. Odur ki, 2-ci varianta üstünlük verilməlidir. Bu da sürətli və kütləvi peyvənd olunmaqdır”.
İqtisadçı alim peyvəndləmənin nədən belə ləng getdiyini də izah edib: “Görünən odur ki, ən azı 4 mühüm problem var.
1. Lazımı qədər peryvənd yoxdur. Baxmayaraq ki, verilən məlumata görə, Azərbaycan 6 milyon doza vaksin alıb.
2. Səhiyyə infrastrukturu zəifdir.
3. İdarəetmə işi pis təşkil olunub.
4. Əhali maraqlı deyil.
Dördüncü variant çox önəmli məsələdir. Çünki əhali inanmırsa, birinci 3 variantın hətta yaxşı olması belə əhəmiyyətli deyil. Hesab edirəm ki, peyvəndlə bağlı məlumatlar açıq olmalı, bu proses şəffaf və hesabatlı şəkildə həyata keçirilməlidir. Üçüncüsü və ən başlıcası səhiyyə statistikası dürüstləşdirilməlidir. Bunsuz tibbi sığorta da mənasızdır. Karantin rejiminə gəlincə, böyük ehtimalla hökumət buna getməyəcək. Çünki, belə olanda sahibkara və aztəminatlı təbəqəyə pul ödəmək lazımdır”.
Qarşıdan çimərlik mövsümü gəlir və çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi cəmiyyəti maraqlandıran məsələlərdən biridir.
Məsələ ilə bağlı baku.ws-ə açıqlama verən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, çimərliklərin fəaliyyətinə icazə verilməsi hər bir insandan asılıdır:
“Azərbaycanda vaksinləşmənin sürətlə başa çatması üçün əhali həmrəylik göstərməlidir. Çünki vaksinləşmə kollektiv immunitetin əmələ gəlməsi üçün ən vacib elementlərdən biridir.
Təbii ki, əgər biz bu prosesi uğurla başa vurarıqsa, çimərlik mövsümündən faydalana bilərik. Çimərlik mövsümündən yararlanmaq üçün indidən tədbirli olmalıyıq.
Vaksinləşmə ilə yanaşı qoyulan qaydalara da riayət etməliyik. Təbii ki, çimərliklərə icazə verilməsi barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərargah tərəfindən veriləcək.
Ancaq biz özümüzü dəniz, çimərlik mövsümünə hazırlamaq istəyiriksə, indidən özümüzü qorumalıyıq, vaksinasiya prosesində aktiv iştirak etməliyik.
Təbii ki, qaydalara riayət edəriksə, özümüzü qoruyarıqsa, yoluxmaların sayı da azalar və epidemioloji vəziyyət yaxşı olar. Belə olan halda isə çimərlik mövsümündən faydalana bilərik.
Çimərliyə getmək istəyənlər indidən qaydalara riayət etməlidir. Təbii ki, əgər yoluxma sayı 4000-5000 olarsa, çimərliklərin fəaliyyətinə necə icazə vermək olar?! Bu, virusun daha çox yayılmasına, daha çox insanın ölümünə səbəb olar.
Ancaq o zamana kimi azalma olarsa, təbii ki, çimərlik mövsümünə də icazə verilər. Yoluxmanın azalması isə bizdən asılıdır.
Bunun üçün həm qaydalara riayət etməliyik, həm də vaksinasiya prosesində aktiv iştirak etməliyik”.
Sabah Bakıda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.
Dəyişikliyə əsasən:
M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.
"Bu gündən etibarən işğaldan azad olunan ərazilərin minalardan kütləvi təmizlənilməsinə başlanılıb".
Report xəbər verir ki, bunu ANAMA-nın nümayəndəsi Mədət Məmmədov Füzuli rayonunda jurnalistlərə açıqlamasında deyib.
M.Məmmədov əlavə edib ki, bu günə qədər isə işğaldan azad olunan ərazilərdə yalnız rabitə, kommunikasiya, avtomobil və dəmiryol xəttlərinin keçdiyi ərazilərdə minadan təmizlənməsı işləri aparılırdı:
“İşğaldan azad olunan bütün ərazilər düşmən tərəfindən mina ilə çirkləndirilib. Ermənilər minalanmış ərazilərin xəritələrini təqdim etmədikləri üçün ərazidə vəziyyət olduqca çətin və təhlükəlidir. Minalanmış ərazilərin xəritəsinin ermənilərdən alınması istiqamətində beynəlxalq səviyyədə danışıqlar aparılır və müvafiq işlər görülür. Hazırda ərazilərin minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir” - o qeyd edib.
ANAMA-nın nümayəndəsi onu da qeyd edib ki, minalardan təmizlənməmiş ərazilərə mülki şəxslərin müvafiq icazə sənədini və təlimatlar almadan daxil olmaları minaların təmizlənməsi istiqamətində görülən işlərə mənfi təsir göstərir.
APA məlumatına görə, gizir Heydər Əliyev doğulduğu Sabirabad rayonunun Bala Həşimxanlı kəndində torpağa tapşırılıb.
H.Əliyevin Vətən müharibəsində Füzulidən Laçın və Şuşaya qədər ağır döyüş yolu keçdiyi bildirilir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan ordusunun giziri Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.
Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Bu gündən Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Oxu.az xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Dərslər aprelin 14-ə kimi distant formada davam etdiriləcək.
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınmışdı.