“Jurnalistlərə heç bir qadağa qoyulmayıb”
Polisləri iş başında çəkilməsinə qadağa qoyulması ilə bağlı iddialara DİN-dən reaksiya verilib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov BakuPost-a deyib ki, belə bir qadağanın olmasıyla bağlı deyilənlər həqiqəti əks etdirmir:

“Fərhad Mehdiyev ad-soyadlı hüquqşünas iddia edib ki, hansısa bilinməyən səlahiyyətə istinadən DİN jurnalistlərə qadağa qoyub – polisləri iş başında çəkmək olmaz. Mən isə DİN-in Mətbuat Xidmətinin rəisi kimi bildirirəm ki, DİN peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hər hansı qadağa qoymayıb. Əksinə, hazırda bizim bütün KİV-lərlə, bütün media nümayəndələri ilə sıx əməkdaşlığımız var.

Bunu gündəlik olaraq mətbuatı izləyən hər bir kəs açıq-aydın görür və eşidir. Hansı mətbuat orqanının təmsilçisi olmasından asılı olmayaraq, həm nazirliyin qapıları, həm də telefonlarımız hər bir jurnalistin üzünə, zənginə açıqdır. Buyurun xəbər saytlarına, TV kanallarına baxın və rastlaşacağınız foto-videoların çoxunun məhz polisin fəaliyyəti ilə bağlı olduğunu görəcəksiniz.

Əvvələr bu barədə bildirsək də, bir daha xatırladıram ki, biz o şəxslərin telefonla foto-video çəkmələrini məhdudlaşdırırıq ki, onlar polisəməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməkdə mane olurlar və ya hər hansı icazəsiz aksiyanın iştirakçılarına qoşularaq telefonla polis əməkdaşlarının fotolarını çəkirlər. Amma jurnalist etikasına əməl edən əsl jurnalistlərə tərəfimizdən heç bir məhdudiyyət qoyulmur, əksinə onlarla əməkdaşlığımızı daha da genişləndirməkdə maraqlıyıq”.
Təhsil naziri təyin olundu
Yeni təhsil naziri təyin olunub.

Sfera.az-ın məlumatına görə, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu posta təyinat alıb.

Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.

Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.

Çimərliklərdən istifadəyə nə zaman icazə veriləcək?
Qızmar yayın istirahət güşələrindən biri də çimərliklərdir.

 "Report" xəbər verir ki, iyunun 15-dən başlayan çimərlik mövsümü isə təəssüf ki, koronavirus pandemiyası səbəbindən hələ də açılmayıb.

Virusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi müddətində çölə çıxma qadağası çimərliklərin istifadəsinə də şamil edildi. Digər sahələr üzrə hazırlanan müəyyən təlimatlar çimərlikdən istifadə üçün hazırlansa da, qapadılma olduğundan təlimatlar da keçərsiz oldu.

Hələ bir müddət əvvəl, yəni may ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı çimərliklərin mövsüm zamanı açılmasının nəzərdə tutulduğunu desə də, bu məsələ də həllini tapmadı. İcra başçısı hətta çimərlikdən istifadə üçün elektron sistem üzərində düşünüldüyünü və vətəndaşların evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə biləcəyinə diqqət çəkmişdi. O müddətən bu yana hələ də çimərliklər əhalinin istifadəsinə verilmədi.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə qərargahın növbəti brifinqində media nümayəndələrinin bu istiqamətdə ünvanladığı suala belə cavab verib:

“Bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə çox olacağını təxmin etmək elə də çətin deyil. Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır. Ona görə də bu gün əsas istəyimiz insanların sıx toplaşmasının qarşısını almaqdır”.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə ötən gün keçirilən brifinqdə təəssüf hissi ilə qeyd etdi ki, Bakıda olan çimərliklərin açılmasına hazır deyillər:

“Çimərlikləri açsaq bu günə qədər əldə edilən həssas nailiyyəti itirə bilərik. Çünki böyük kütlə bir yerə gəldikdə yoluxma riski qat-qat artır. Çimərliyin açılmasının 3 əsas riski var ki, birincisi çimərliyə gəldikdə böyük həcmdə insanların sosial məsafə saxlaması qeyri-mümkündür. Bu da yoluxma sayını artıracaq. İkincisi, çimərliyə gələnlər müəyyən yerdən su və yemək alır və bu da ümumi yer olduğundan yenə yoluxma riskinə səbəb olur.

Üçüncüsü, çimərlikdə tək həmin ərazidə yaşayanlar yox, eləcə də Bakının müəyyən hissəsindən gələnlər bir yerə toplaşır. Bu da yoluxmanın bir ərazidən digərinə paylanmasını kəskin artırır. Ona görə də hesab edirəm ki, bu məsələni təşkil olunmuş qaydada həll edə bilsək, bütün vətəndaşlar üçün hədiyyə olar. Bu istiqamətdə artıq işlərə başlanılıb. Avqustun 5-nə qədər çimərlikləri aça bilməsək də, 5-dən sonra əmin olsaq ki, bu işi təhlükəsiz formada həyata keçirməyə qadirik, onda da bunu nəzərə alacağıq”.

Məsələnin digər tərəfi isə dəniz suyu vasitəsi ilə koronavirus infeksiyasının yayılması mümkünlüyüdür.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirir ki, insan suya girəndə ağzına su dolur: “Əgər həmin şəxs koronavirus daşıyıcısıdırsa, yaxud xəstəsidirsə, onun tüpürcəyi də virusludur. Həmin insan ağzındakı suyu tüpürməklə dəniz suyunu viruslu edir. Təbii ki, virus da müəyyən müddət dəniz suyunda qala bilir.

Həmin su sağlam adamın ağzına, gözünə düşərsə, onu yoluxdura bilər. İkinci tərəfdən, xəstə insanlar dənizin sahilində oturacaq, söhbət edəcəklərsə, yenə də ətrafdakıları yoluxdura bilərlər. Əsas odur ki, insanlar o tövsiyələrə əməl etsinlər”.

Koronavirusun dəniz suyunda qalma müddətinin hələ dəqiqləşdirilmədiyinə diqqət çəkən mütəxəssis əlavə edib ki, virus suda bir saat da qalsa, kifayət edir ki, suya girən insanları yoluxdursun.

Açıqlamalardan göründüyü kimi, çimərliklərin açılmamasının əsas səbəbi kimi insan sıxlığının yaranacağı və koronavirus infeksiyasına yoluxmanın artacağı ehtimalı göstərilir. Lakin nəzərə alaq ki, bu gün park və nəqliyyatda da sıxlıq müşahidə olunur. Digər tərəfdən, Şahmar Mövsümov bildirir ki, çimərliyə gələnlər müəyyən yerdən su və yemək alır və bu da ümumi yer olduğundan yenə yoluxma riskinə səbəb olur.

Burada da nəzərə almaq lazımdır ki, bir sıra hallarda ərzaq dükanlarında da vəziyyət ürəkaçan olmur. Ən azından çimərliklərin insan orqanizminə xeyri də var ki, misal kimi günəşdən alınan D vitamini göstərilir və bunun da faydasında bütün dünyada danışılır.

Azərbaycanda 4 gün iş yoxdur

Qurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.
Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Qurban bayramı ilə bağlı müvafiq tədbir planı hazırlanır.

Onun sözlərinə görə, bu bayram digərlərindən fərqli olacaq. Ona görə də xüsusi tədbir planı hazırlanır.

190 manat birdəfəlik müavinətlə bağlı
İyulun 31 və avqustun 1-i Azərbaycanda Qurban bayramı günləri hesab olunur. Qeyd edək ki, hazırda 14 rayon və şəhərdə sərt karantin rejiminə görə bir çox müəssisələr fəaliyyətini dayandırıb. Qurban bayramına görə vətəndaşlarımıza 190 manat birdəfəlik müavinət yenidən verilə bilərmi?

Bununla bağlı "Ölkə.Az"a danışan deputat İlham Məmmədov bildirib ki, Allah yolunda kəsilən qurbanlar kasıb, imkanı olmayan insanların ehtiyacını ödəyir: “Qurban bayramı saf və təmiz əməlləri kompleks şəkildə özündə əks etdirən dini bayramdır. Bu bayramla bağlı təbii ki, ölkəmizdə də tədbirlər planı hazırlanır. Bütün Azərbaycan xalqı bu bayramı yüksək səviyyədə qeyd edəcək. Hansı şəraitdən asılı olmayaraq insanlarımız öz adət-ənənələri icra edirlər. Bunun üçün də dövlətimiz lazım olan şəraiti yaradır. Sərt karantin rejiminə uyğun olaraq hərəkət etmək lazımdır. Çox düzgün addım atılıb ki, pandemiyaya görə tədbiq edilən sərt karantin rejiminə uyğun olaraq bu bayramın keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulur. Görülən işlər göz qabağındadır. Yoluxanların sayı azalır, sağalanların sayı artır. Biz bu prosesin uğurla davam etməsi üçün bir az da səbirli olmalıyıq. Təbii ki, imkan olan hər bir vətəndaş qurban kəsir. İnsanlarımız kəsdikləri qurbanların ətini yaxınlarına və ətraflarında olan imkansız ailələrə paylayırlar. Hesab edirəm ki, bunun özü belə imkansız ailələrə yardım deməkdir. Yəqin ki, sərt karantin rejimi zamanı insanlarımız kəsdikləri qurbanın ətini ilk olaraq imkansız və az təminatlı ailələrə paylayacaqdır”.

Deputat vurğulayıb ki, sərt karantin rejimi tədbiq edilən rayonlarda işsiz insanlara yenidən 190 manat mavinət verildi: “Bundan əlavə Baş nazir Əli Əsədovun qərarı ilə poliklinika şəraitində xəstələrə qulluq edən həkimlərin də maaşı əmək haqqlarının 3 misli qədər qaldırılacaq. Cənab prezidentin sosial sahədə yürütdüyü siyasət bütünlükdə əhalinin yaxşı yaşamasına yönəldilib. Nə qədər sərt karantin rejimi olsa da, cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə yenə də şəhid ailələrinə mənzillərin verilməsi tədbirində iştirak etdi. Düşünürəm ki, yəqin ki, bu məsələ də müəyyənləşəcək. Biz pandemiyadan sonrakı dövrü də fikirləşməliyik. İqtisadi və sosial sahələrin inkişafı var. Bütün bu işlərin uğurla davam etməsi üçün həmrəyliyimiz və birliyimiz vacibdir. Dövlətimizin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Şəraitə və vəziyyətə uyğun olaraq təhlillər edilərək adekvat addımlar atılır”.

Səhiyyə naziri Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb.

Unikal.org xəbər verr ki, O.Şirəliyevin əmri ilə, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi Fərəcov Cavanşir Bəşir oğlu vəzifəsindən azad olunub. Onun yerinə isə Salman Əliyev təyin olunub.

Azərbaycanda uşaq bağçalarının yaxın vaxtlarda açılacağı barədə valideynlərə ismarışlar göndərilir. Bu haqda bəzi dövlət təlim-tərbiyə müəssisələrinin tərbiyəçiləri tərəfindən valideynlərə xəbərdarlıq edilir. Onlara bildirilir ki, uşaq bağçalarının açılmasına az vaxt qalıb, hazırlıq gedir.

Bu mesajların nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

“Yeni Sabah” bildirir ki, qurumdan verilən məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir:

“Bununla bağlı məktəbəqədər təhsil müəssisələri ilə əlaqə saxladıq. Bizim tərəfimizdən belə bir məlumat verilməyib. Uşaq bağçalarının yenidən fəaliyyətə başlaması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Belə bir qərar olmadığı üçün də bu məlumat əsassızdır. Ola bilər ki, bunu özəl bağçalar edib. Əgər belədirsə, onlar buna görə məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, ölkədə avqustun 5-dək sərt karantin rejimi, 31-nə kimi isə xüsusi karantin rejimi elan edilib.   /Publika.az/

Bu bayramda 4 gün iş olmayacaq

Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün bu həftəsonu 4 gün iş olmayacaq.

31 iyul və 1 avqustda ölkədə Qurban bayramı qeyd ediləcək.

Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.

“Hesab edirəm ki, yoluxma sayı 2 rəqəmliyə düşsə, müəyyən mexanizmlər tətbiq etməklə toy şənliklərinin keçirilməsi mümkün olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, toy, yas mərasimləri daha çox insanların toplaşdığı yerlər və xəstəliyin yayılması üçün ən münbit şəraitin yaranacağı yerdir:
“Biz də çox gözləyirik, qohum-tanışlarda toy edəsi adamlar çoxdur. Toylara 500-1000 adam gəlir, odur ki təhlükəlidir. Onun da mexanizmini işləyib hazırlaya bilərlər. Hələ tezdir, 10 gün vaxt var, bu müddətə çox sey dəyişə bilər”.
Cəlal İsayev bildirib ki, avqustun 5-i karantin bitmir:
“Sadəcə olaraq, insanların SMS-lə deyil, daha sərbəst şəkildə işlərinə getməsi mümkün olacaq. Əgər proses bu cür davam eləsə, bir sıra iş yerləri də açıla bilər. Həm sağalmada, həm də yoluxmada günü-gündən ümidverici rəqəmlər açıqlanır”.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.

Azərbaycan Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, təkcə cari ilin iyun ayında birgə keçirilmiş tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 6 vəzifəli, 4 fiziki şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.

Onlara tətbiq olunmuş cərimələr 24.400 manat təşkil edib.

Ümumilikdə, cari ilin 6 ayı ərzində bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 508 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tədbiq olunmuş cərimələr 54080 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti