![]() |
|
İyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.
22 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
İyulun 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Düşmən tərəfi döyüşlər zamanı hansısa tankımızın vurulması, “Qrad” yaylım atəş sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar.
Bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı düşmənin bu cür dezinformasiyalarına inanmamağa çağırıb: "Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında mühüm rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprelindəki əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt ünvanına on minlərlə müraciət daxil olub. Bu günədək Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmalıdır".
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
Bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.
Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.
Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib.
Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq.
31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 avqust tarixi istirahət günü hesab olunacaq.
Paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan ərazilər məlum olub.
Oxu.az xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, gün ərzində sərnişin tələbatı yüksək olan avtobus dayanacaq məntəqələri nəzarətdə saxlanılır:
“Səhər və axşam saatlarına uyğun olaraq, sərnişin tələbatı yüksək olan dayanacaq məntəqələri dəyişə bilir. Səhər saatlarında daha çox Əhmədli, 8-ci kilometr, Qara Qarayev prospekti istiqamətindən şəhər mərkəzinə sərnişin axını müşahidə ediriksə, axşam saatlarında, tam əksinə, şəhər mərkəzindən bu istiqamətdə kənd və qəsəbələrə sərnişin axını müşahidə olunur”.
O bildirib ki, sərnişin sıxlığının aradan qaldırılması üçün ərazidə olan nəzarətçilərə məlumat verilir:
“Yaxın ərazidə ehtiyat avtobuslar saxlanılır. Hər gün ekspress marşrutlar üzrə 100 avtobus xəttə çıxarılır. Bir o qədər sayda avtobus ehtiyatda saxlanılır. Həmin ehtiyatda olan avtobuslar sərnişin daşımalarına cəlb olunur.
Ehtiyat avtobusların sərnişindaşımaya cəlb olunması özlüyündə çox çətin prosesdir. Çünki sürücü dərhal bir xətdən digər xəttə keçirilir və marşrutun sürücüyə çatdırılması üçün imkanlar məhduddur. Buna baxmayaraq, tədbirlər nəticəsində karantin rejimi zamanı sərnişin daşınmasında ciddi problem yaşanmayıb”.
"Koronavirus nəinki əvvəlki simptomlarını itirib, həmçinin ağırlaşmaları günü-gündən itir".
Big.az verdiyi xəbərə görə, bu sözləri həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.
Onun sözlərinə əsasən, əvvələr 2-4 həftəyə müalicə olunan korona pnevmoniyası artıq 7-10 günə müalicə olunur.
"Sağalanlara elə gəlir ki, ağciyərləri həmişə "patoloji" vəziyyətdə qalacaq, heç vaxt xəstəlik keçirən ağciyərlər tam düzəlməyəcək. Əsla, tam yanlışdır", deyən həkim digər bakterial və virus pnevmoniyası xəstələrinin sağalıb yaxşı olduqları, normal həyata qayıtdıqları kimi, koronavirus xəstələrinin də tam sağaldıqlarını bildirib.
O, insanları panikaya düşməməyə çağırıb.
Dr. Eldaroğlu bronx yollarını gücləndirən, öskürəyi kəsən və ağciyərlərin reabilitasiyasına kömək edən təbii məhsulun reseptini də təqdim edib. Mütəxəssisin tövsiyəsinə əsasən, keçibuynuzu meyvəsi dəmləməsi və Bronxbal məcun hər biri gündə iki dəfə daxilə qəbul edilir:
"İki keçibuynuzu meyvəsi doğranır, 500 ml-də dəmlənir və alınmış məhlul iki dəfə yeməkdən öncə daxilə qəbul edilir. Bronxbal məcun bir çay qaşığı olmaqla iki dəfə yeməkdən sonra daxilə qəbul edilir".
Bu təbii dərman immun sistemini gücləndirir və bronxspazmı aradan götürdüyü üçün ağciyərlərin oksigenlə zənginləşməsini təmin edir.
Bu barədə teatrın rəsmi “Facebook” səhifəsində məlumat verilib.
“YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov vəfat edib. Teatrın kollektivi adından Cərayıl İsrafilova Tanrıdan rəhmət diləyir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Azərbaycan teatr ictimaiyyətinə itki üz verib. Tanınmış teatr xadimi Cərayıl İsrafilov 69 yaşında vəfat edib. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.
1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov, professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır. Allah rəhmət eləsin”.
Son zamanlar tibb işçilərinin arasında kütləvi COVİD-19 virusa yoluxması barədə xəbərlər yayılmaqdadır və bu da həkimlərin fəaliyyətində ciddi problemlər yaradır. Bir sıra media orqanları və sosial şəbəkələrdə xəsətəxanalarda həkim çatışmazlığından şikayət olunur.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyilən fikirləri təkzib edib. O, bu xəbərlərin əsassız olduğunu, xəstəxanalarda həkimlərin öz fəaliyyətini uğurla həyata keçirdiklərini bildirib:
“Bunlar əsassız xəbərlərdir. Bütün xəstəxanalarda həkimlərimiz öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçilərimiz layiqincə xəstələrimizin qulluğunda dura bilirlər. Təəssüf hissi ilə bildirim ki, həkimlər arasında yoluxanlar, dünyasını dəyişənlər də var. Bunlar bizi çox üzür, biz həkimlərimizi qorumalıyıq. Onlar da özlərini qorumağa çalışmalıdırlar. Çünki onlar təkcə özlərinə yox, bütün xalqımıza lazımdır. Mən də hazırda xəstələrə qulluq edirəm, maksimum özümü qorumağa çalışıram. Xəstələrimiz də bu işdə həkimlərimizə dəstək olmalıdır. Görürsünüz ki, xəstələr palatanın qapısını açıq qoyurlar , səbəbini soruşduqda isti olduğunu deyirlər. Bu, yolverilməz hərəkətdir, qəti qadağandır. Ona görə xəstələri daha diqqətli olmağa çağırıram. Biz tibb işçilərimizi qorumalıyıq. Bundan başqa həkimlərin geyindikləri o xüsusi formaların necə ağır olduğunu qeyd etmək istəyərdim. Adi insan 30 dəqiqə o geyimdə qalsa, çətin olduğunu başa düşər. Ona görə gəlin, birlikdə bu virus ilə mübarizə aparaq, ona qalib gələk”.
Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan mayor Anar Novruzovun ailə üzvləri onun haqda xatirələrini bölüşüb.
Şəhidin həyat yoldaşı Nailə Novruzova, oğlu Nihad Novruzov və digər doğmaları şəhidin keçdiyi həyat yolu, döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqla şəhid olmasından danışıblar.
“Qafqazinfo” Unikal.org-un şəhidin anadan olduğu Masallı rayonunun Ərkivan qəsəbəsindən hazırladığı videoreportajı təqdim edir:
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədlinin şikayəti ilə bağlı məsələyə açıqlama verilib.
Stansiyanın baş həkimi Rauf Nağıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələdə problem təcili yardıma yox, xəstəxanaya aiddir. Belə ki, təcili yardım briqadası boş çarpayıların sayı haqda siyahı əsasında pasiyenti xəstəxanaya çatdırıb:
“Bizim briqada xəstəni aparır qəbul etmirlər. Əziyyət çəkən təcili yardım olur. Məsələ ondadır ki, həmin gün məndə əlimdə cədvəl var. Ayın 18-i saat 20:00-da apardığımız M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında mövcud 100 çarpayıdan 21-i sərbəst olub. Reanimasiya çarpayılarından 20-dən biri sərbəst olub. Həmin gün 20:47-də briqada xəstəxanaya çatıb, xəstəni qəbul etmək istəməyiblər. Orada da vətəndaş narazı qalıb ki, xəstə niyə qəbul olunmayıb.
Məsələ ondadır ki, hər 3 saatdan bir TƏBİB tərəfindən bizə Covid-lə məşğul olan müəssisələrin çarpayıları haqda məlumat göndərilir. Biz də o məlumata istinad edərək xəstələri böyük çətinliklə xəstəxanalara yerləşdiririk. Baxmayaraq ki, sərbəst yerlər verirlər və hər dəfə biz xəstəni aparanda orada böyük problemlərlə rastlaşırıq. Gah deyirlər siyahıda adı gəlməyib, gah deyirlər TƏBİB yer vermədi. Belə məsələlərlə üzləşirik, briqadalarımız saatlarla qapılarda qalır.
Məndə kifayət qədər o barədə görüntülər də var. Həkimlər özlərini sübut eləmək, haqlı olduqlarını təsdiq etmək üçün o görüntüləri çəkiblər. Biz hər birimiz xəstə naminə çalışırıq. Hər bir xəstə də kənarda qaldıqca kifayət qədər insanları yoluxdura bilər. Ona görə də yaranan problemlər bilavasitə təcili yardımın yox, ümumxalq əleyhinə işə çevrilir. Mən bilmirəm yalandan kim hansı mövqedən bu işləri edir. Ancaq biz çalışırq ki, vəzifə borcumuzu kifayət qədər problemsiz yerinə yetirək. Təəssüflər olsun ki, bəzən ona imkan vermirlər.
Əlimdə sənəd-cədvəl var və o sənəd təcili yardım xidmətinin haqlı olmağını bir daha sübut edir.
Mənim borcum xəstəni xəstəxanaya yerləşdirməkdir. İşi kimsə düzgün təşkil etmirsə, bu mənim problemim deyil. Mən vəzifə borcumu yerinə yetirirəm”.
R.Nağıyev xəstələrin saatlarla xəstəxanalara qəbul edilmədiyini deyib:
“Xəstənin təkcə 40 dəqiqə yox, saatlarla da gözlədiyi olub. Biz elə olub ki, 6 saat xəstəni yerləşdirə bilməmişik. Maşına oksigen balonları daşımışıq ki, xəstə boğulur, biz hələ onu yerləşdirə bilməmişik. Bu problem bugünkü problem deyil. Çarpayının qoyulması düzgün idarə olunmayanda, hesabat düzgün verilməyəndə, hər hansı səbəbdən maneə yaradılırsa, tədbir görülmürsə, bu təcili yardımın yox, xəstəxananın günahıdır”.
Xatırladaq ki, COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli bildirib ki, 3 gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün Təcili Tibbi Yardıma müraciət ediblər. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasından əvvəlcə boş yerin olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra əksini deyiblər. Bu səbəbdən N.Şıxəliyevanın vəziyyəti daha da ağırlaşıb.