![]() |
|
İyulun 12-dən Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqçusu şəhid olub.
Şəhid olanların arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var. Qeyd edək ki, Azərbaycan xalqı ilulun 14-də şəhərin müxtəlif ərazilərində orduya dəstək yürüşləri təşkil etmişdi. Bundan əlavə bir çox sosial şəbəkə iştirakçıları metro stansiyalarına şəhidlərin adının verilməsini təklif edirlər.
Bununla bağlı konkret.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu, yalnız Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir. Adların verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir. "Bakı Metropoliteni" QSC-nin adla bağlı təklif vermək səlahiyyəti yoxdur. Yəni, bu məsələlər yalnız Nazirlər Kabinetində müzakirə oluna və qərar verilər bilər. Düşünürəm ki, insanlarımız bununla bağlı təkliflərini Nazirlər Kabinetinə də ünvanlamalıdırlar".
"Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir".
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:
"Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, "mall"lar, çimərliklər - hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət etsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, karantin tədbirlərinin sərtləşdirilməsinə yenidən getsin. Çünki burda insan sağlamlığından söhbət gedir.
Eyni zamanda biznes sahibləri bütün hazırlıq işlərini görməli və vətəndaşlardan istər nəqliyyat, istər metro, istərsə də supermarketlərdə tələb etməlidir ki, sanitar gigiyenik normalara riayət etsinlər. Supermarket bunu etmədikdə, alış-verişə gedən insanlar yoluxacaq və ailə üzvlərini də yoluxduracaq".(baku.ws)
Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 19.07.2020-ci il saat 00:00-dan 20.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 919 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 64 nəfər olmaqla ümumilikdə 983 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 60-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 120 avtomobil geri qaytarılıb, ümumilikdə 285 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Xəbər verdiyimiz kimi, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək.
Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək dayandırılıb. (demokrat.az)
Bu gündən başlayaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda, şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 19-na olan statistik göstəriciləri açıqlayıb.
Məlumata əsasən hazırda ölkədə 8200 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 340 nəfər reanimasiyada, 55 nəfər isə (ötən gün 63) süni tənəffüs cihazındadır.
Ümumilikdə 27 521 nəfər virusa yoluxub, 18 967 nəfər sağalıb.
Qeyd olunub ki, bu gün 8 095 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 627 881 test aparılıb.
Qeyd edək ki, bu gün 388 koronavirusa yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 517 nəfər sağalıb.
Bu gün Azərbaycanda daha 645 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə vəfat edib.
Bu barədə Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 497 yeni yoluxma qeydə alınıb.
Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 334 nəfərdir.
Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.
İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
İyulun 19-da Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
Sabah Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai, Sumqayıt, Tovuz, Qazax, Ağstafa, Biləsuvar, Masallı və İsmayıllı şəhər və rayon bölmələrinin rəhbər şəxsləri şəhidlərin ailələri ilə görüşüb, onlara dövlətin daim dəstəyi ilə əhatə olunacaqları bildirilib.
Şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin, pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb.
Eyni zamanda, onlara dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib.
Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər.
Qarşıdakı dövrdə şəhidlərimizin ailələrinin sosial vəziyyəti diqqətda saxlanılacaq, müvafiq dəstək tədbirləri ilə əhatə olunacaqlar.