![]() |
|
Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək.
Mövcud qanunvericilikdə isə qeyd edilib ki, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.
Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq.
Hazırkı qanunvericilikdə bildirilir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir.
Daha bir dəyişikliklə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.
Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.
Sumqayıt əhalisinin sayına görə ölkənin ən böyük ikinci şəhəri hesab olunur. Rəsmi rəqəmlərə görə, şəhərdə təxminən 426 min nəfər yaşayır. Dizayn və quruluş baxımından digər ölkənin digər şəhərlərindən daha yaraşıqlı olsa da, iş yerlərinin az olması ciddi problemlərdən biridir.
Şəhər əhalisinin böyük əksəriyyəti işləmək məqsədi ilə hər gün Bakıya üz tutur. Günün səhər və axşam saatlarında Bakı-Sumqayıt magistralındakı avtomobil sıxlığı və tıxacdan da bunu açıq-aydın görmək olar. Buna görə də, bəzi müəssisə və dövlət qurumlarının Sumqayıta köçürülməsi təklifləri səslənir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, iş yerlərinin Bakıdan Sumqayıta və ya digər şəhərlərə köçürülməsi birbaşa olaraq biznesə aid məsələ deyil:
“Özəl sektora deyə bilmərik ki, fəaliyyətini Bakıdan Sumqayıta köçürsün. İş yerləri Bakıda daha sərfəlidir deyə, iş yerləri daha çox paytaxtda açılır. Ona görə də, bu özəl sektora aid bir məsələ deyil. Amma bəzi dövlət və hökumət orqanlarının Sumqayıta, Gəncəyə və ya ölkənin müxtəlif yerlərinə köçürülməsi mümkündür”.
Ekspert bu fikrinə aydınlıq gətirib:
“Açığı, bu, bir az çətin məsələdir. Əslində, Bakının yükünün azaldılması təkcə Sumqayıtla bağlı məsələ deyil. Sumqayıtdan Bakıya işləməyə gələnləri araşdırmaq lazımdır. Bu istiqamətdə yaxşı sorğu keçirilməlidir ki, Sumqayıtdan Bakıya işləməyə gələn vətəndaşlar daha çox hansı sahələrdə çalışırlar. Əgər məsələn, hansısa dövlət və hökumət qurumlarında daha çox çalışan varsa, onların nümayəndəliklərini və ya baş idarələrini Sumqayıta köçürmək mümkündür”.
16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyən edilir.
Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir.
Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.
Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.
Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar iyun ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları qrafikdən əvvəl olmaqla iyunun 14-də tam ödəniləcək.
Bu barədə Fonddan bildirilib.
Bundan əvvəl, iyunun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları artıq ödənilib.
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olacaq. Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq. Günəşə qədər məsafə 152.025 milyon km təşkil edəcək. 14 gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon km olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.
Abşeron rayonunun bütün “sovxozları” artıq yaşayış massivlərinə çevrilib.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.
İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar “özbaşına tikililər” adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək:
“Burda həm məskunlaşma məsələləri, həmdə şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək".
Bu gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (paytaxtın Qaradağ rayonundakı DYP postu yaxınlığında) nəqliyyat vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb elektron tərəzi işləri ilə əlaqədar yolun üzərində metal konstruksiyanın quraşdırılması və təhlükəsizliyin təmin edilməsidir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Fitvanın mətnini təqdim edirik:
"Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.
Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər abu-havasında - separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Zəngilan məscidinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirir. Bu şərəf və qüruru bizə yaşadan, Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün ailə üzvərinə dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik.
Azərbaycan müsəlmanları adından duamız budur ki, Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin!
Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:
Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qur`ani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc; 37) Bu ayədəki ilahi hikmətə inanan hər bir kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 16-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah, səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq.
Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!"