![]() |
|
Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub.
Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək: "Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər.
İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək "Son zəng" tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı monitorinqlərə start verilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir.
Monitorinqlərin keçirilməsində məqsəd “Son zəng” tədbirləri ilə bağlı hazırlanan və təhsil müəssisələrinə göndərilən təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
Musavat.com məlumatına görə, mayor Baxış Baxışlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun əmisi oğludur.
O, əslən Tərtər rayonundandır. Atası da Tərtər Rayon İcra Hakimiyyətinin məsləhətçisidir. Mərhum mayor nişanlı imiş.
Azərbaycan Universitetləri səhifəsinin yaydığı məlumata əsasən, B.Baxışlı Dövlət Sərhəd Xidmətinin Akademiyasında oxuyub. O, akademiyaya 600-dən çox bal toplayaraq daxil olubmuş.
Son günlər sosial mediada 2024-cü ilin dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı müzakirələr diqqəti cəlb edir. Bu məsələ bir sıra siyasətçilər tərəfindən də gündəmə gətirilib.
Əslində, vəziyyət necədir? Bu il sosial xərcləmələr proqnozlaşdırılandan daha az olacaqmı?
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, müzakirələrin əsas səbəbi dürüstləşdirilmiş büdcədə sosial müdafiə və sosial təminat xərclərinin təsdiq olunmuş 4 milyard 542 milyon manata qarşı 4 milyard 391 milyon manat və ya 150,8 milyon manat az proqnozlaşdırılmasıdır:
"Əslində, bu maddə üzrə azalma nəzərdə tutulsa da, dürüstləşdirilmiş büdcədə ümumi sosial xərcləmələr üzrə heç bir azalma proqnozlaşdırılmır. Çünki, bu maddə sosial xərclərin strukturunda bir istiqamətdir və əslində, sosial istiqamətə daha çox vəsait dövlət büdcəsi deyil icmal büdcəyə daxil olan fondlar vasitəsi ilə həyata keçirilir".
Millət vəkili deyir ki, məsələnin mahiyyəti sadədir: "Sözügedən maddənin 1 milyard 392 milyon manatı dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunda (DSMF) transfertlərdir. Bu maddə DSMF-nin büdcəsində belə adlandırılır: “Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait”. Yəni, DSMF-in xərclərinin ödənilməsi üçün həmin vəsait dövlət büdcəsindən sözügedən fonda köçürülür. DSMF həmin vəsait ilə pensiya və digər sosial ayırmaları ödəyir. Bu ilin ilk 4 ayının yekunlarına əsaslanaraq DSMF 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğini dürüstləşdirilərək 3 milyard 387 milyon manatdan 3 milyard 577 milyon manata çatdırıb. Yəni, həmin fond ilkin proqnozlara nisbətən 190 milyon manat daha çox vəsait toplaya biləcək. Həmin vəsaitin 25 milyon manatı pensiyaların verilməsinə, 5 milyon manatı isə sözgüdən fondun saxlama xərclərinə yönəldiləcək. Bu o deməkdir ki, 190 milyon manatın 30 milyon manatı cari xərclərə yönəldiləcək və 160 milyon manat əlavə vəsait qalır. Nəticədə, DSMF dövlət büdcəsindən həmin 160 milyon manatı almayacaq və buna görə də transfertlərin həcmində və öncə qeyd etdiyimiz maddədə 160 milyon manata yaxın azalma var.
Deməli, əslində transfertlərin 150,8 milyon manat azalması sosial xərclərin azalması anlamına gəlmir. Çünki, DSMF öz yığımları hesabına həmin vəsaiti ödəyəcək. Əksinə, bu dövlət büdcəsi vəsaitlərində qənaətə və digər istiqamətlərə vəsait ayırmağa imkan yaradacaq. Unutmayaq ki, işğaldan azad olunan ərazilərimizə yönəldilən vəsaitlərin bir qismi sosial xərclərdir. Çünki, o vəsaitlərə əməkhaqqı və digər sosial ödənişlər də daxildir".
Digər tərəfdən V. Bayramv qeyd edir ki, dövlət büdcəsinin sosial müdafiə və sosial təminat maddəsi ümumi sosial xərclərin bir hissəsidir: "Bu, heç də bütün sosial xərclər deyil. Əgər həmin maddədə 4 milyard 391 milyon manat nəzərdə tutulubsa, DSMF-in 2024-cü ildə pensiyalara ödəyəcəyi məbləğ 6 milyard 525 milyon manat olacaq. Yəni, sadəcə DSMF-nin pensiya xərcləri həmin maddə üzrə vəsaitdən 49%-ə yaxın çoxdur.
Eyni zamanda, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, sosial xərclər müdafiə olunan xərclərdir və onlara sekvestr tətbiq oluna bilməz. Yəni, onlar azaldıla bilməz. Bu kontekstdən,dürüstləşmiş büdcədə ümumi sosial xərcləmələrdə hər hansı bir azalma olmayacaq, əksinə pensiya ödənişləri 25 milyon manat artırılacaq".
"Göründüyü kimi, dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı fikirlərin real əsasları yoxdur. Unutmayaq ki, yalnız dövlət deyil, icmal büdcə də dürüstləşir. Sosial xərclərin payı da icmal büdcə aspektindən müəyyənləşdirilir", - deyə Milli Məclisin deputatı əlavə edib.
Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub.
Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur, - məlumatda vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan hərbçisi, mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə keçirilən vida mərasimi başa çatıb.
“Report”un yerli bürosunun məlumatına görə, mayor Baxış Baxışlı Tərtər rayonunun İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Məlumdur ki, hər hansı bir müqavilə bağladığımız zaman, yaxud ev üçün kreditə əşya götürəndə burada şəxsiyyət vəsiqəmizi təqdim etməli oluruq. Ancaq o da sirr deyil ki, şəxsiyyət vəsiqəsindəki məlumatlar çox ciddi xarakterə malikdir. Əgər bu sənəd dələduzların əlinə keçərsə, bizim üçün nəticə yaxşı olmaz.
Bəs belə risklərdən özümüzü necə sığortalayaq?
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev mövzu haqda bir sıra nüansları “Yeni Sabah”la bölüşüb:
“Bu məsələ informasiya təhlükəsizliyinə aiddir. Ümumiyyətlə, biz məlumatların paylaşılması baxımından çox seçici və diqqətli olmalıyıq. Hər kəs üçün açıq məlumat olaraq, ad və soyad bəzi hallarda isə ata adının bilinməsi yetərlidir. İnsanların öz şəxsi məlumatlarını paylaşmaq seçimi özünə aid olsa da, artıq dövrümüzün gətirdiyi yeniliklər və dəyişikliklər bir qədər həssaslıq tələb edir. Ona görə də başqasına aid məlumatları o cümlədən, şəxsiyyət vəsiqəsi və ya digər sənədləri ikinci bir şəxsə vermək və ya başqasının onu alaraq uzun müddət saxlaması, icazəsiz sürət çıxarması dügün hesab edilmir. Hətta informasiyanın qorunmasına diqqət etməyən müəssisəyə vəsiqənin sürətini də etibar etmək olmaz. Keçmiş zamanlarda kütləvi olaraq küçələrdə telefon nömrəsi satan dələduzların həmin nömrələri necə sənədləşdirdikləri şübhəlidir. Qeydiyyat zamanı əlavə təhlükəsizlik tədbiri olaraq, şəxsiyyətin hansısa formada təsdiqi tələb olunmayan onlayn sistemlərdə şəxsin iştirakı olmadan müəyyən qeydiyyat vəya əməliyyatlar ola bilər”.
Ekspert vətəndaşlara öz adlarında olan nömrələrin yoxlanılması barədə çağırış edib:
Tövsiyyə edərdim ki, https://portal.rinn.az/az portalından, vətəndaşların adına olan mobil nömrələr barədə məlumat pəncərəsindən hər kəs öz adında olan mobil nömrələri yoxlasın. Ona aid olmayan nömrələr varsa, əlaqədar operatora müraciət edərək bağlasın. Eyni zamanda dələduzlar sizin adınıza doğum gününüzə və FİN nömrənizə uyğun yalançı kompaniyalar yaradaraq, sizi narahat edə və aldatmağa çalışa bilərlər. Ona görə də bütün onlayn qurumlar, banklar və maliyyə müəssisələri, kimlik təsdiq prosedurları tətbiq edir və etməlidir. Beləliklə bu məsələ şəxsi məlumatların icazəsiz istifadəsini məhdudlaşdırmağa kömək edəcək.
İnternet saytlarında və digər platformalarda məxfilik siyasətlərini oxumaq lazımdır. Sizə aid məlumatları necə saxladıqlarını, necə istifadə etdiklərini və hansı təhlükəsizlik tədbirləri aldıqlarını dəqiqləşdirməyə ehtiyac vardır. Unutmamaq lazımdır ki, informasiya silahdan daha güclü alətdir”.